"Bakı Metropoliteni" QSC haqqında

03 Noyabr 2001 0:00

“Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

1. “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

HEYDƏR ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 noyabr 2001-ci il

Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 3 noyabr tarixli, 596 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Reklam yayimina icazə (raziliq) verilməsi
QAYDALARI

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları (bundan sonra "Qaydalar" adlanacaq) "Reklam haqqında" Azərbaycan Respublikası Qanununa, "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar şəhər və kənd yaşayış məntəqələrində, digər ərazilərdə küçə (divar) reklamının yerləşdirilməsinə icazə verilməsi, avtomobil yollarının təhkim və ya qorunma (mühafizə) zolağında, nəqliyyat vasitələrində və poçt göndərişlərində reklamın yayımına razılıq verilməsi qaydasını müəyyən edir.

2. KÜÇƏ REKLAMININ YERLƏŞDİRİLMƏSİNƏ İCAZƏ VERİLMƏSİ QAYDALARI
2.1. Şəhər və kənd yaşayış məntəqələrinin, digər ərazilərin küçələrinin kənarlarında, meydan, park, bağ və binalarda, dayanacaqlarda, ticarət, köşk və yanacaqdoldurma pavilyonlarının günlüklərində, damlarda, vitrin və pəncərələrdə, yolayrıcılarında, körpü və estakadalarda, bina və hasarlarda, yeraltı keçidlərdə, hava şarlarının, aerostat və dirijablların və s. üstündə mülkiyyət normasından asılı olmayaraq, kommersiya məqsədi ilə reklamın istehlakçıya bilavasitə çatdırılması üçün istifadə olunan səyyar və stasionar işıqlı, qaz işıqlı, kənardan işıqlanan və ya işıqlanmayan, istənilən ayrıca dayaqlı lövhələr, stendlər, pannolar, plakatlar, ekranlar, tablolar, asqılar, göstəricilər, transparant və bayraqlar küçə reklam daşıyıcılarına aiddir.
2.2 Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü və iş rejimini istehlakçıya çatdıran lövhələr, habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr reklam daşıyıcıları hesab edilmir.
2.3. Hüquqi şəxslərin, xidmət və istehlak bazarı obyektlərinin reklam daşıyıcılarının mətnləri Azərbaycan dilində yazılmalıdır. Xarici dildə reklam ikinci mətn şəklində verilə bilər. Hüquqi şəxslərin, xidmət və istehlak bazarı obyektlərinin mövcud qaydada qeydə alınmış loqotip və nişanı olduqda onlar orijinaldakı kimi verilə bilər.
2.4. Azərbaycan Respublikasının şəhər və kənd yaşayış məntəqələrində, digər ərazilərində küçə reklamı daşıyıcıları rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində və qoruqlara daxil olan abidələrin üzərində isə reklam və digər informasiya xarakterli lövhələr Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən verilmiş icazə sənədlərinə əsasən dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin yerləşdiyi ərazidə, onların mühafizə zonasında və abidələrin üzərində reklam və digər informasiya xarakterli lövhələr Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə yerləşdirilir.
2.5. Küçə reklamı daşıyıcısının yerləşdirilməsinə icazə verilməsi üçün tələb olunan xüsusi şərtlər aşağıdakılardır:
yol nişanları ilə oxşar olmamalı, yollarda görmə zonalarını və təhlükəsizliyi azaltmamalıdır;
yol nişanlarının görümlülüyünü məhdudlaşdırmamalıdır;
işıqları ilə nəqliyyat vasitələrini idarə edənlərin gözlərini qamaşdırmamalıdır;
mühəndis qurğularının üzərində yerləşdikdə estetik və konstruksiya baxımından həmin qurğunun ümumi görkəmini pozmamalıdır;
elə qurulmalıdır ki, onları görmək üçün piyadalar yolun hərəkət hissəsinə keçməsinlər;
yaşayış məntəqəsinin təsdiq olunmuş inkişaf planına uyğun və təhlükəsiz istismar üçün yararlı olmalıdır;
reklam daşıyıcısının yerləşdirilməsi piyadaların hərəkətinə, gediş-gəlişinə mane olmamalı və onların rahat keçməsini məhdudlaşdırmamalıdır;
ərazinin estetik görünüşünə xələl gətirməməlidir;
reklam daşıyıcısı təsvirsiz qalmamalıdır;
"Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olmamalıdır.
2.6. Küçə reklamı daşıyıcılarının yerləşdirilməsinə icazə verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
reklam yayıcısının ərizəsi;
reklam lövhəsinin yerləşdirilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
reklam daşıyıcısının yerləşəcəyi ərazinin rəngli fotosu;
reklam daşıyıcısının rəngli layihəsi və eskizi;
küçə reklamı bina, tikili və digər obyektlərdə yerləşəcəksə, bu barədə mülkiyyətçi ilə bağlanmış müqavilənin müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti;
reklam daşıyıcısının bu Qaydaların 2.5-ci bəndində göstərilən tələblərə uyğun olduğu barədə müvafiq orqanların razılığı.
2.7. Göstərilən sənədlər təqdim edildikdən sonra 30 gün ərzində reklam yayımına icazə verilməsi məsələsinə baxılmalıdır.
2.8. Küçə reklamının yerləşdirilməsinə verilən icazə sənədinin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
2.9. Tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonasında memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərti ilə yerləşdirilə bilər.
2.10. Yol şəraitinin real qiymətləndirilməsini çətinləşdirən və yol nişanlarına oxşar, yolda nəqliyyat vasitələri, piyada və heyvan olması təəssüratını yaradan reklamların qurulmasına yol verilmir.
2.11. Aşağıdakı hallarda açıq havada reklam daşıyıcılarının yerləşdirilməsinə icazə verilmir:
şəhərətrafı yolların kənarından 2 metrdən yaxın məsafədə;
yolayrıcılarında reklam vasitəsinin aşağı hissəsi ilə yer arasında məsafə 2 metrdən azdırsa;
nəqliyyat svetoforları və yol nişanları ilə bir müstəvidə olduqda.
2.12. Reklam daşıyıcıları yerləşdirilərkən aşağıdakı qaydalara riayət edilməlidir:
reklam daşıyıcısının kənarından səki daşınadək olan məsafə 1 metrdən az olmamalıdır;
reklam daşıyıcısının aşağı küncündən avtomobil yolunun örtüyünədək olan
məsafə 2,5 metrdən, işıq dirəklərindən isə 4 metrdən az olmamalıdır. Yolun hərəkət hissəsində quraşdırılarkən isə həmin məsafə 4,5 metrdən az olmamalıdır;
reklam daşıyıcısının işıqlandırılması üçün elektrik və yanğın təhlükəsizliyi tələblərinə cavab verən, sənaye istehsalı olan işıq qurğularından istifadə olunmalıdır. İşıqlandırma qurğusu reklam daşıyıcısının konstruksiyasına etibarlı bərkidilməli, külək, qar və vibrasiya təsirlərinə davam gətirməlidir.
Küçə reklamı daşıyıcıları yerləşdirilərkən avtomobil yolları və küçələrə xidmətin rahatlığı, həmçinin yol hərəkətinin nizamlama vasitələrinin tətbiqi imkanları da nəzərə alınmalıdır.
Reklam vasitələrinin dayaqları müxtəlif materiallardan hazırlana bilər. Onlar möhkəm olub, təbii təzyiqlərə davam gətirməlidir.
Eyni istiqamətdə yerləşdirildikdə iki küçə reklamı arasında məsafə 50 metr, dirəklərə vurulduqda isə 25 metrdən az olmamalıdır.

3. AVTOMOBİL YOLLARININ TƏHKİM VƏ YA QORUNMA (MÜHAFİZƏ) ZOLAĞINDA REKLAMIN YAYILMASINA RAZILIQ VERİLMƏSİ QAYDALARI
3.1. Avtomobil yollarının təhkim və ya qorunma (mühafizə) zolağında reklamın yayılmasına razılıq Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən bu Qaydaların 2.6-cı və 2.7-ci bəndləri ilə müəyyən edilmiş qaydada verilir.
3.2. Azərbaycan Respublikasının ərazisində avtomobil yollarının təhkim və ya qorunma (mühafizə) zolağında yerləşdirilən reklam daşıyıcılarına ayrıca dayaqlı, düz səthli, bir və ya bir neçə üzlü qurğular, ayaqlı, işıqlandırılan reklam konstruksiyaları, orijinal konstruksiyalı reklam daşıyıcıları, işıq və ya digər dirəklərdə yerləşdirilən kronşteynlər, yolların üstündə qurulan reklam tağları aiddir.
3.3. Reklam daşıyıcısı aşağıdakı tələblərə cavab verməlidir:
yol nişanlarını bağlamamalı və onlara oxşar olmamalıdır, görmə zonalarını məhdudlaşdırmamalıdır;
torpağın yuyulma təhlükəsi olan zonalarda və tökülmə torpaq üzərində yerləşdirilməməlidir;
dəmir yolu keçidləri, tunellər və estakadalardan 350 metrdən az məsafədə yerləşdirilməməlidir;
hərəkət sürəti 60 km/saat məhdudlaşdırılan avtomagistrallarda ümumi sahəsi 48 kv.m. çox olmamalıdır;
yolun kənarından reklam daşıyıcısının hündürlüyünün azı 1,5 misli məsafəsində yerləşdirilməlidir;
bərkidici boltların hündürlüyü yer səthindən 20 millimetrdən çox olmamalıdır;
işıqlandırma və yanğına qarşı mühafizə sistemi ilə təmin edilməlidir;
yerləşdirilərkən yol hərəkəti təhlükəsizliyi və rahatlığı nəzərə alınmalıdır;
işıqlandırma dirəklərində və xüsusi konstruksiyalı binaların üzərində və s. yerləşdirilməməlidir;
yol müstəvisindən 4 metr, reklam tağları isə 6 metr hündürlükdə olmalıdır.
3.4. Reklam nişanları yol boyu xidməti sahələri göstərmək üçün qoyulur. Onların eni 1000 mm, hündürlüyü 1500 mm. olmalı, (onu sarı rənglənməlidir. Yazılar yol nişanları ilə bir xətdə yerləşdirilə bilməz.
Reklam nişanları işıqlanmalı və ya işığı əks etdirən xüsusi materiallardan hazırlanmalıdır.
3.5. Avtomobil yollarının təhkim və ya qorunma (mühafizə) zolağında reklam yayımına verilən razılıq sənədinin forması Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilir.

4. NƏQLİYYAT VASİTƏLƏRİNDƏ REKLAMIN YAYILMASINA RAZILIQ VERİLMƏSİ HALLARI VƏ QAYDALARI
4.1. Nəqliyyat vasitələrində reklamın yayılması nəqliyyat vasitələrinin mülkiyyətçiləri ilə bağlanmış müqavilələr və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsi tərəfindən bu Qaydaların 2.6-cı və 2.7-ci bəndləri ilə müəyyən edilmiş qaydada verilən razılığa əsasən həyata keçirilir.
4.2. Azərbaycan Respublikasının ərazisində müvafiq qaydada dövlət qeydiyyatından keçmiş, texniki cəhətdən saz və müvafiq xarici görkəmi olan, bu Qaydalarda göstərilən şərtlərə cavab verən nəqliyyat vasitələri reklam daşıyıcısı kimi istifadə edilə bilər.
4.3. Reklam nəqliyyat vasitələrinin aşağıda göstərilən səthlərində yerləşdirilə bilər:
minik avtomobillərin və mikroavtobusların qapılarında (arxa qapıdan başqa) və qanadlarının yan səthlərində;
tramvay, troleybus və avtobusların banında pəncərə xəttinə qədər olan arxa və yan səthlərində;
yük, yük-sərnişin, yük-furqon (bortunda ağ maili zolağı olanlardan başqa), qoşqu və yarımqoşquların banının arxa və yan səthlərində;
motosikllərin yanacaq baklarında və alətlər qutusunun qapağında.
4.4. Nəqliyyat vasitələrində reklam lövhələrinin, lövhəciklərinin, işıqlanan tabloların və bunlara bənzər reklamların yerləşdirilməsinə yol verilmir.
4.5. Reklamla nəqliyyat vasitələrinin rənginin 50 faizindən artıq dəyişdirilməsinə icazə verilmir.
4.6. Nəqliyyat vasitələrinin ön hissəsində reklam yerləşdirmək qadağandır.
4.7. İxtisaslaşdırılmış nəqliyyat vasitələrində reklam yerləşdirilməsi qadağandır.
4.8. Ətrafları qapalı nəqliyyat vasitələrinin üzərində reklam verilə bilər. Burada reklamın həcmi ümumi sahənin 60 faizindən çox olmamalıdır.
4.9. Nəqliyyat vasitəsinin arxa hissəsində firma nişanı, telefonlar, loqotiplər və ünvan göstərilə bilər. Bu halda reklam nəqliyyat vasitəsinin arxa hissəsinin ümumi sahənin 40 faizindən çox olmamalıdır.
4.10. Nəqliyyat vasitələrində yerləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast yaradan rənglə çərçivəyə ayrılmalıdır, onun sahəsi reklam yerləşdirilməsi üçün tətbiq edilən səthin 50 faizindən çox olmamalıdır,
4.11. Nəqliyyat vasitələrində dövlət qeydiyyat nişanları və dövlət fərqlənmə nişanlarının görünməsini məhdudlaşdıran yerlərdə, işıqlanma cihazları və şüşələrdə reklam yerləşdirilməsi, istehsalçı zavod tərəfindən nəzərdə tutulmamış xarici işıq cihazlarının reklam məqsədi ilə quraşdırılması qadağandır.
4.12. Dövlət standartına müvafiq olaraq rəng qrafikası olan təyinatlı avtomobillər reklam yayılması üçün istifadə edilə bilməz.
4.13. Xüsusi nəqliyyat vasitələrinin rəng qrafikasına, təsvirinə və sairə oxşar reklamların nəqliyyat vasitələrində yayılmasına icazə verilmir.
4.14. Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi üçün işıq əks etdirən və gözqamaşdırıcı lak-rəng materiallarından istifadə olunmamalıdır.
4.15. Nəqliyyat vasitələrində reklamın yayılma müddəti reklam yayıcısı ilə nəqliyyat vasitəsinin mülkiyyətçisi arasında bağlanmış müqavilədə nəzərdə tutulur.
4.16. Nəqliyyat vasitələrində reklam yayımına verilən razılıq sənədinin forması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsi tərəfindən təsdiq edilir.

5. POÇT GÖNDƏRİŞLƏRİNDƏ REKLAMIN YAYIMINA RAZILIQ VERİLMƏSİ HALLARI VƏ QAYDALARI
5.1. Poçt göndərişlərində reklamın yayılması üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ərizə və reklamın mətni və eskizi təqdim olunmalıdır.
5.2. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciətə öz münasibətini, sənədlər təqdim olunduğu gündən etibarən 30 gün müddətindən gec olmayaraq bildirməlidir.
5.3. Poçt göndərişlərinin xidməti və xüsusi qeydlər, xidməti ştamplar, markalar və yarlıqlar üçün nəzərdə tutulmuş yerlərində reklam yerləşdirilməsi qadağandır.
5.4. Poçt göndərişlərində reklamın yayımına verilən razılıq sənədinin forması Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilir.

6. Metro stansiyalarında və metro qatarlarında reklam yayımına razılıq verilməsi qaydaları
6.1. Metro stansiyalarında və metro qatarlarında reklamın yayılmasına razılıq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bu qaydaların 2.6-cı və 2.7-ci bəndləri ilə müəyyən edilmiş qaydada verilir.
6.2. Metro stansiyalarında və metro qatarlarında reklam yayımına verilən razılıq sənədinin forması “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təsdiq edilir.[16]
6.3. Reklam metropoliten nəqliyyatının aşağıda göstərilən səthlərində yerləşdirilə bilər:
metro stansiyalarının yerüstü vestibüllərində, damlarda, vitrin şüşələrində;
kassa zallarında, yeraltı keçidlərin divarlarında;
platforma divarlarında və orta zalda;
eskalator tunellərində;
metro vaqonlarının içində ayrıca pasportlaşdırılmış sahələrdə.
6.4. Reklamla metropoliten vasitələrinin rənginin 50 faizindən artıq dəyişdirilməsinə icazə verilmir.
6.5. Metropoliten vasitələrinin səthində reklamın həcmi 60 faizdən çox olmamalıdır.
6.6. Metropoliten vasitələrində yerləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast yaradan rənglə çərçivəyə salınmalıdır, onun sahəsi reklam yerləşdirilməsi üçün tətbiq edilən səthin 50 faizindən çox olmamalıdır.
6.7. Metropolitendə reklam yayımına yol verilməyən səthlər:
metroya aid hər bir qurğuların, avadanlığın, aparatların üzərində;
metro vaqonlarının, banın, qapıların və yaxud şüşələrin üzərində;
metro vaqonlarının qabaq və arxa hissələrində;
metroya giriş və çıxış qapılarının üzərində.