"Bakı Metropoliteni" QSC haqqında

19 Oktyabr 2010 0:00

“Bakı Metropolitenindən istifadə qaydaları”nın təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

Bakı Metropolitenindən istifadənin keyfiyyətini artırmaq və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Bakı Metropolitenindən istifadə qaydaları” təsdiq edilsin (əlavə olunur). Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 19 oktyabr 2010-cu il

Bakı Metropolitenindən istifadə qaydaları

1. Ümümi müddəalar
1.1. Bu Qaydalar Bakı Meropolitenində sərnişindaşımanın təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərə xidmət səviyyəsinin artırılması məqsədi ilə hazırlanmışdır və Bakı Metropolitenindən istifadə edən bütün şəxslərə şamil edilir.
1.2. Bakı Metropoliteninin stansiyaları hər gün saat 6ºº-dan 24ºº-dək sərnişinlərin girişi üçün açıqdır.
1.3. Sərnişinlər və Bakı Metropoliteninin işçiləri qarşılıqlı nəzakətli olmalı, metropolitenin ərazisindəki qurğu və avadanlıqlarla ehtiyatla davranmalı, təmizliyə, ictimai asayişə və bu Qaydaların tələblərinə riayət etməlidirlər.

2. Sərnişinlərin vəzifələri
2.1. Sərnişinlər metropolitenin buraxılış məntəqəsindən daxil olarkən, gediş haqqı ödəməli və ya ödənişsiz keçid hüququ verən sənədi açıq şəkildə təqdim etməlidirlər.
2.2. Sərnişinlər uzunluq, en və hündürlük, ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan hər bir əl yükü üçün, eləcə də uzunluğu 151 sm-dən 220 sm-ə qədər olan uzun ölçülü hər bir əl yükü üçün gediş haqqı ödəməlidirlər.
2.3. Əl yükü elə bükülməli, bağlanmalı və bərkidilməlidir ki, sərnişinlərə xəsarət yetirməsin.
2.4. Daşınmasına icazə verilən əl yükünün sayı ikidən çox olmamalıdır.
2.5. Ödənişsiz keçid hüququnu verən sənəd gediş haqqı ödənilməli olan əl yükünün ödənişsiz aparılmasına hüquq vermir.
2.6. Sərnişin və ya hər hansı əşya platformadan stansiyanın yollarına düşərsə və ya qatarların hərəkətinin təhlükəsizliyinə xələl gətirən hər hansı hadisə baş verərsə, sərnişinlər qatarların qəbulu və ya yola salınması üzrə növbətçiyə, stansiya üzrə növbətçiyə və ya hər hansı metropoliten işçisinə dərhal məlumat verməlidirlər.
2.7. Sərnişinlər stansiyalarda və vaqonlarda sahibsiz əşya və ya şübhəli əşya aşkar edərlərsə, qatarların qəbulu və ya yola salınması üzrə növbətçiyə, stansiya üzrə növbətçiyə, vaqonun salonundakı “sərnişin-maşinist” rabitəsi ilə qatarın maşinistinə, metropoliten işçisinə və ya polisə dərhal məlumat verməlidirlər.
2.8. Sərnişin platformasında olarkən sərnişinlər aşağıdakılara əməl etməlidirlər:
2.8.1. qatarı gözləyərkən platforma boyu bərabər paylaşmalı;
2.8.2. qatar dayandıqda, qatardan düşən sərnişinlərə mane olmamaq üçün vaqonun qapılarının qarşısında dayanmamalı;
2.8.3. qatar dayanmamış və vaqonların qapıları açılmamış platformanın kənarındakı hüdud xəttini keçməməli;
2.9. Qatarda olarkən sərnişinlər aşağıdakılara əməl etməlidirlər:
2.9.1. əlillərə, qocalara, hamilə qadınlara və uşaqlı sərnişinlərə oturmağa yer verməli;
2.9.2. vaqonun qapılarına söykənməməli;
2.9.3. tutacaqdan tutmalı, qatardan enən sərnişinlərə mane olmamalı;
2.9.4. enməli olduqları stansiyaya yaxınlaşdıqda, vaqondan rahat düşmək üçün qabaqcadan hazırlaşmalı.

3. Eskalatordan istifadə qaydaları
3.1. Eskalatordan istifadə edərkən sərnişinlər aşağıdakı qaydalara əməl etməlidirlər:
3.1.1. üzü hərəkət istiqamətində sağ tərəfdə dayanmalı və sürahidən tutmalı, ötüb keçmək lazım gəldikdə soldan keçməli;
3.1.2. pillələrin məhdudiyyət xəttini keçməməli, pillələrdə əyləşməməli;
3.1.3. hərəkətsiz hissələrə toxunmamalı, söykənməməli və ya əl yükünü söykəməməli;
3.1.3. körpələri qucaqda saxlamalı, uşaqların əlindən tutmalı;
3.1.4. minmə və ya enmə zamanı çanta-arabacıqları qaldırmalı;
3.1.6. öz-özünə hərəkətə gəlməməsi və ya aşmaması üçün əl yükünü nəzarətdə saxlamalı;
3.1.7. eskalatordan düşərkən ləngiməməli.

4. Sərnişinlərin hüquqları
4.1. Sərnişinlərin hüquqları aşağıdakılardır:
4.1.1. yeddi yaşınadək uşaqlara görə gediş haqqı ödəməmək;
4.1.2. uşaq arabacıqlarına, aparılmasına icazə verilən ölçülərdə və çexolda olmaq şərtilə xizəklərə, kirşələrə, uşaq velosipedlərinə, balıqçı tilovlarına, musiqi alətlərinə, kiçik bağ avadanlıqlarına görə gediş haqqı ödəmədən aparmaq;
4.1.3. aparılmasına icazə verilən ölçülərdə və çıxmaları istisna olunan xüsusi konteynerdə və qəfəsdə olmaq şərtilə kiçik ev heyvanlarını və quşlarını gediş haqqı ödəmədən aparmaq;
4.1.4. vaqonlarda məktəbəqədər yaşlı uşaqla olan sərnişinlər, hamilə qadınlar, əlillər və ahılar üçün nəzərdə tutulmuş xüsusi yerləri digər sərnişinlərdən boşaltmağı tələb etmək.

5. Bakı Metropolitenində qadağalar
5.1. Bakı Metropolitenində aşağıdakılar qadağandır:
5.1.1. alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək, sərxoş vəziyyətdə stansiyaya daxil olmaq və vaqonda getmək;
5.1.2. stansiyalarda, keçidlərdə və vaqonlarda siqaret çəkmək;
5.1.3. sərnişinlərin geyimlərini və ya salonu çirkləndirə biləcək paltarda olmaq və ya çirkli əl yükünü aparmaq;
5.1.4. sərnişinlər üçün narahatlıq yarada biləcək xəstə (yoluxucu xəstəliyə yoluxmuş) halda stansiyaya daxil olmaq və vaqonda getmək;
5.1.5. sərnişinlər üçün narahatlıq və ya yoluxucu xəstəliyə yoluxma təhlükəsi yarada bilən xəstə heyvan və ya quşla stansiyaya daxil olmaq və ya onları qatarda aparmaq;
5.1.6. ödənişsiz gediş hüququ verən sənədlərin surəti ilə və ya onları əvəz edən sənədlərlə (hətta notarial qaydada təsdiq olunmuş olsa belə) buraxılış məntəqələrindən stansiyaya daxil olmaq;
5.1.7. çıxışlardan, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmaq;
5.1.8. ölçüləri böyük olan, uzunluq, en və hündürlük əndazə ölçülərinin cəmi 200 sm-dən çox olan, eləcə də uzunluğu 220 sm-dən artıq olan uzun ölçülü əl yükünü aparmaq;
5.1.9. bükülməmiş, bağlanmamış və bərkidilməmiş, sərnişinlərə xəsarət yetirmək imkanı olan əl yükünü (şüşə, linoleum, ruberoid, metal profil, taxta, tamasa, yığılmayan və çexolu olmayan velosiped və s.) aparmaq;
5.1.10. əl yükünün daşınması üçün təkərli vasitələrdən (çanta-arabacıqlar istisna olunmaqla) istifadə etmək;
5.1.11. özbaşına stansiya yollarına düşmək, vaqonun idarə kabinəsinə, xidməti, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və Bakı Metropoliteninin çəpərlənmiş digər ərazilərinə daxil olmaq;
5.1.12. binalara, tikililərə və qurğulara, stansiyaların, eskalatorların və vaqonların avadanlıqlarına ziyan vurmaq;
5.1.13. işlək vəziyyətdə olmayan eskalatordan icazəsiz istifadə etmək;
5.1.14. eskalatorda sürahiyə dirsəklənmək, sürahinin üstünə əşya qoymaq, sürahini çıxarmaq, hər-hansi əşya atmaq, qaçmaq, oturmaq, zərurət olmadan balüstradada yerləşdirilmiş “Stop” açarından istafadə etmək;
5.1.15. tezalışan, toksik və zəhərləyici maddələr, əşyalar və mayelər, məişət qaz balonları aparmaq;
5.1.16. açıq oddan, pirotexniki qurğulardan (fişənglərdən, partlayıcılardan və s.) istifadə etmək;
5.1.17. odlu silah, deşici əşyalar aparmaq;
5.1.18. stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, eskalatorları, yolları və vaqonların salonunu zibilləmək və çirkləndirmək;
5.1.19. yollara hər-hansı əşya atmaq;
5.1.20. Bakı Metropoliteni rəhbərliyinin icazəsi olmadan foto, video və kino çəkilişləri aparmaq;
5.1.21. stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, eskalatorlarda, vaqonlarda hər-hansı yazılar yazmaq;
5.1.22. platformada qaçmaq, məlumat göstəriciləri ilə müəyyən olunmuş hərəkət istiqamətinə riayət etməmək, mütəşəkkil sərnişin axınına mane olmaq;
5.1.23. qatar tam dayanana qədər sərnişin platformasının kənarındakı hüdud xəttini keçmək;
5.1.24. “Ehtiyatlı olun! Qapılar bağlanır” elanından sonra vaqonun salonuna daxil olmaq, eləcə də vaqonun qapılarını tutub saxlamaqla vaqona minmək və ya vaqondan düşmək;
5.1.25. qatarın hərəkəti zamanı vaqonun qapılarını açmaq, stansiyalarda qapıların açılıb-bağlanmasına mane olmaq, qatarın yola düşməsini ləngitmək;
5.1.26. zərurət olmadıqda “sərnişin-maşinist” rabitəsindən istifadə etmək;
5.1.27. metropoliten ərazisində diyircəkli konkilərdə, lövhələrdə və digər analoji təkərli və diyircəkli vasitələrdə hərəkət etmək;
5.1.28. uca səsli audiotexnikaya qulaq asmaq, səsgücləndiricilərdən istifadə etmək və musiqi alətlərində çalmaq;
5.1.29. müvafiq elandan sonra sərnişinsiz hərəkət etməli olan qatara minmək və ya qatardan düşməmək;
5.1.30. Bakı Metropoliteni rəhbərliyinin icazəsi olmadan metropoliten ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya, reklam və ya digər formada fəaliyyət göstərmək və hər-hansı formada təbliğat aparmaq;
5.1.31. Bakı Metropoliteninin bütün obyektlərinə, o cümlədən ventilyasiya şaxtaları köşklərinə 25 m-dən yaxın məsafədə zibil yandırmaq və tonqal qalamaq;
5.1.32. Bakı Metropoliteni rəhbərliyinin icazəsi olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədiciləri qoşmaq.