"Bakı Metropoliteni" QSC haqqında

28 Oktyabr 2010 0:00

"Bakı metropoliteninin Nizamnaməsinin təsdiqi haqqında" 04.09.1995-ci il qərarına dəyişikliklər və

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

"Bakı metropoliteninin Nizamnaməsinin təsdiqi haqqında"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1995-ci il 4 sentyabr tarixli 197 nömrəli qərarına
dəyişikliklər və əlavələr edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Bakı Metropoliteninin strukturunu təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 197 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakı metropoliteninin Nizamnaməsi"nə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1.1. 1.1-ci bənddə "(mətndə "Metropoliten" adlandırılır)" sözləri "(bundan sonra - Metropoliten)" sözləri ilə əvəz edilsin;
1.2. 1.3-1.11-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
"1.3. Metropoliten Azərbaycan Respublikası Nazirlər Kabinetinin tabeliyindədir.
Metropoliten öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Nizamnaməni və Metropolitenin normativ sənədlərini rəhbər tutur.
1.4. Metropoliten öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Metropoliten öz fəaliyyətini qanunvericiliyə uyğun olaraq təsərrüfat hesablı prinsiplər əsasında həyata keçirir. Zərurət olduqda, Metropolitenin fəaliyyəti dövlət büdcəsindən maliyyələşdirilir.
1.6. Metropolitenin tərkibinə əlavədə göstərilmiş hüquqi şəxs olmayan struktur vahidləri daxildir. Struktur vahidləri haqqında əsasnamələr Metropoliten tərəfindən təsdiq edilir.
1.7. Metropoliten müstəqil balansa, banklarda hesablaşma hesabına və digər hesablara malikdir.
1.8. Metropolitenin ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, qanunvericiliyə uyğun olaraq əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
1.9. Metropoliten üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir olunmuş və Metropolitenin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada bayraq, emblem, loqotip, digər fərqləndirici nişanlara, habelə geyim formasına malikdir.
1.10. Metropolitenin Nizamnamə fondu 2010-cu il 1 yanvar tarixinə 484 143 819,33 (dörd yüz səksən dörd milyon yüz qırx üç min səkkiz yüz on doqquz manat 33 qəpik) təşkil edir.
1.11. Metropolitenin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1073, Hüseyn Cavid prospekti, 33 A.";
1.3. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2. Metropolitenin fəaliyyət istiqamətləri və vəzifələri

2.1. Metropolitenin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. şəhər əhalisinin daşınmalara olan tələbatının tam və keyfiyyətlə ödənilməsini, sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsini təmin edir;
2.1.2. qatarların hərəkət təhlükəsizliyini təmin edir;
2.1.3. mütərəqqi texniki vasitələri, hərəkətin idarə olunmasının müasir sistem və üsullarını tətbiq edir;
2.1.4. tikililəri, qurğuları, texniki vasitələri, qatarları saz vəziyyətdə saxlayır;
2.1.5. müvafiq planlarda nəzərdə tutulan səfərbərlik hazırlığını təmin edir.
2.2. Metropoliten bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
2.2.1. Metropolitenin istismarında vahid elmi-texniki siyasəti həyata keçirmək;
2.2.2. Bakı şəhərində metropolitenin inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək, məqsədli elmi-texniki və sosial-iqtisadi proqramları hazırlamaq;
2.2.3. sərnişin daşımalarının artırılması və metropolitenin buraxılış qabiliyyətinin inkişaf etdirilməsi üzrə perspektiv planları işləyib hazırlamaq;
2.2.4. istismar işinə operativ rəhbərliyi, daşıma prosesinin təşkilini, qatarların hərəkət cədvəlini işləyib hazırlamaq və həyata keçirmək, qatarların iş normalarını yerinə yetirmək;
2.2.5. metropolitenin texniki vasitələrinin istismar etibarlılığının yüksəldilməsi, texnoloji proseslərin təkmilləşdirilməsi, qatarlara, tikililərə, avadanlıqlara və qurğulara xidmət göstərilməsi sahəsində yeni texnikanı və qabaqcıl təcrübəni tətbiq etmək;
2.2.6. yeni xətlərin inşası, mövcud xətlərin və obyektlərin yenidən qurulması üzrə sifarişçi funksiyasını həyata keçirmək, həmçinin ayrı-ayrı obyektləri təsərrüfat üsulu ilə tikmək;
2.2.7. metropolitenin texniki zonasında digər təşkilatların mühəndis kommunikasiyalarının, bina və tikililərin inşası və istismarı üzrə layihə, cizgi və qaydaları razılaşdırmaq;
2.2.8. material-texniki vasitələri saxlamaq, hərəkət təhlükəsizliyini, qatarların və obyektlərin yanğın təhlükəsizliyini təmin etmək;
2.2.9. sərnişin daşınması və onlara xidmət göstərilməsi üzrə müəyyən olunmuş vahid standartları, normaları və tələbləri yerinə yetirmək;
2.2.10. əməyin təşkili, normalaşdırılması və əməkhaqqının ödənilməsi üzrə işə, həmçinin istehsalat mədəniyyətinin, əmək mühafizəsinin və təhlükəsizlik texnikasının yüksəldilməsinə rəhbərlik etmək;
2.2.11. materialların, yanacağın, elektrik enerjisinin və ehtiyat hissələrinin məsrəf normalarını müəyyən olunmuş qaydada işləyib hazırlamaq, həmin normalara riayət edilməsinə nəzarət etmək;
2.2.12. əmək kollektivinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasını və rifahının yüksəldilməsini, işçilərin peşə səviyyəsinin artırılmasını, mənafelərinin müdafiəsinin təmin olunmasını, intizamının möhkəmləndirilməsini və digər sosial-iqtisadi məsələlərin həllinə yönəldilən kompleks tədbirləri həyata keçirmək;
2.2.13. metropolitendə maliyyə-iqtisadi işin təkmilləşdirilməsi, struktur vahidlərinin maliyyələşdirilməsi, daşınmaların və bununla əlaqədar işlərdən, əhaliyə göstərilən digər xidmətlərdən əldə edilən gəlirlərin tam həcmdə və vaxtlı-vaxtında daxil olmasına nəzarətin təmin edilməsi, müəssisələrə məsrəflərin azaldılması və gəlirin artırılması sahəsində kömək göstərmək;
2.2.14. istehsalat-təsərrüfat və maliyyə fəaliyyətinin bütün istiqamətləri üzrə Metropolitenin struktur vahidlərinə nəzarət etmək və onlara metodiki yardım göstərmək;
2.2.15. müvafiq dövlət və digər orqanlarda, həmçinin beynəlxalq təşkilatlarda struktur vahidlərinin ümumi mənafelərini təmsil etmək, Metropolitenin iqtisadi və sosial mənafelərini müdafiə etmək.
2.3. Metropolitenin struktur vahidləri bu Nizamnaməyə riayət etməli, Metropolitenin rəhbərliyinin qərarlarını yerinə yetirməli, onun qarşısında duran vəzifələrin həyata keçirilməsinə yardım etməlidirlər.";
1.4. 3-cü bəndin adı və 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

" 3. Metropolitenin və onun struktur vahidlərinin hüquqları
3.1. Metropoliten öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir.";

1.5. 3.2-ci bənd üzrə:
1.5.1. birinci abzasda "tərkibinə daxil olan xidmətlər" sözləri "struktur vahidləri" sözləri ilə əvəz edilsin;
1.5.2. ikinci abzasda "müəssisələrin" sözü "struktur vahidlərinin" sözləri ilə əvəz edilsin;
1.5.3. aşağıdakı məzmunda beşinci və altıncı abzaslar əlavə edilsin:
"Metropolitenin rəisi tərəfindən təsdiq edilən struktur vahidlərinin əsasnamələrinə əlavə və dəyişikliklər etmək məqsədi ilə Metropolitenin rəisinə müraciət etmək;
güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə edən və Metropolitendə qatarların hərəkəti ilə bilavasitə əlaqədar, həmçinin hərəkətin təhlükəsizliyi ilə əlaqəli olan işlərdə çalışan işçiləri digər vəzifələrə təyin etmək.";
1.6. 4.2-ci bəndin üçüncü abzasında və 4.3-cü bənddə "Metropoliten müəssisələrinin" sözləri "Metropolitenin" sözləri ilə əvəz edilsin;
1.7. 4.4-cü bənd, 5.3-cü bəndin dördüncü abzası və 5.5-5.8-ci bəndlər çıxarılsın;
1.8. 5.3-cü bənd üzrə:
1.8.1. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:
"Metropolitenin fəaliyyətini istiqamətləndirir, Metropolitenin baş mühəndisinin, rəis müavinlərinin, baş mütəxəssislərinin, idarə aparatının rəhbər işçilərinin və struktur vahidləri rəhbərlərinin məsuliyyət dərəcəsini müəyyən edir;";
1.8.2. beşinci abzasda "xidmətlərdə" sözü "struktur vahidlərinə" sözləri ilə əvəz edilsin;
1.8.3. altıncı abzas aşağıdakı redaksiyada verilsin:
"Metropolitenin tərkibinə daxil olan struktur vahidlərinin əsasnamələrini, Metropolitenin fəaliyyətini tənzimləyən təlimat və sənədləri təsdiq edir;";
1.9. 5.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
"5.4. Metropolitenin rəis müavinləri, baş mühəndisi, baş mütəxəssisləri, idarə aparatının rəhbər işçiləri və struktur vahidlərinin rəhbərləri Metropolitenin rəisi tərəfindən təyin edilir.".

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 28 oktyabr 2010-cu il


"Bakı Metropoliteninin Nizamnaməsi"nə
əlavə

 

Bakı Metropoliteninin strukturu

I. Bakı Metropoliteninin İdarəsi:
1. Rəhbərlik:
rəis
baş mühəndis
rəis müavinləri
baş mütəxəssislər
2. İdarənin aparatı
II. Hüquqi şəxs olmayan struktur vahidləri:
1. İstismar üzrə:
hərəkət xidməti
yol xidməti
tunel qurğuları xidməti
elektrik təchizatı xidməti
işarəvermə və rabitə xidməti
elektromexanika xidməti
material-texniki təchizat xidməti
əsaslı təmir xidməti
"Nərimanov" elektrik deposu
Birləşmiş emalatxanalar
İctimai iaşə kombinatı
Avtomotonəqliyyat xidməti
2. Əsaslı tikinti üzrə sifarişçi - Tikilən Bakı Metropoliteninin müdiriyyəti