"Bakı Metropoliteni" QSC haqqında

10 Noyabr 2008 0:00

Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında mühüm rol oynayan nəqliyyat infrastrukturunun ardıcıl inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, bir sıra islahatlar aparılmışdır. O cümlədən, Bakı şəhərində yeni prospektlər salınmış, mövcud avtomobil yolları genişləndirilmiş, müasir yol qovşaqları, piyadalar ücün kecidlər tikilərək istifadəyə verilmişdir.
Qeyd edilənlərlə yanaşı, əhalisi çox və sıx olan ölkə paytaxtında ekoloji cəhətdən təmiz olan metro nəqliyyatı sərnişinlərin sürətli, rahat və təhlükəsiz daşınmasında müstəsna rol oynayır.
Bakı Metropoliteninin fəaliyyət göstərdiyi 40 il ərzində 21 stansiya istifadəyə verilmiş, son illərdə orta illik sərnişindaşıma 160 milyon nəfərdən çox olmuşdur. Bu nəqliyyat növünün davamlı fəaliyyətinin təmin edilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni vaqonların alınması və tikinti-quraşdırma işlərinin genişləndirilməsi daim dövlətin diqqət mərkəzində saxlanılmışdır.
Göstərilən tədbirlərin nəticəsində tikintisi bir neçə il davam etdirilən yeni-“Nəsimi” stansiyası inşa olunub sərnişinlərin istifadəsinə verilmişdir. Eyni zamanda hazırda həyata keçirilən “İçərişəhər” və “28 May” stansiyalarının yenidən qurulması, “Azadlıq prospekti” stansiyasının inşası işləri artıq tamamlanmaq üzrədir.
Müasir şəhərsalmanın xüsusiyyətləri, metro nəqliyyatından istifadə edən sərnişinlərin sayının günbəgün artması yeraltı nəqliyyat üçün uzunmüddətli perspektiv planlaşdırmanı tələb edir.
Bakı Metropoliteninin ictimai nəqliyyatda oynadığı əvəzsiz rolunu və müasir infrastrukturun inkişaf tempini nəzərə alaraq, habelə Bakı şəhərində sərnişin nəqliyyatı sistemini təkmilləşdirmək və nəqliyyatın hərəkətinin gərginliyini azaltmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti aidiyyatı qurumların təklifləri əsasında, Bakı şəhərində əhalinin məskunlaşdığı ərazilərin mövcud və perspektiv genişlənməsi, metrodan istifadə edən sərnişinlərin sayı və hərəkət istiqamətləri nəzərə alınmaqla, “Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı”nın layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Bu Sərəncamın 1-ci bəndində qeyd edilmiş Dövlət Proqramının hazırlanması zamanı:
 müvafiq tədbirlər Bakı şəhərinin baş planı və əhalinin məskunlaşması nəzərə alınmaqla digər ictimai sərnişindaşıma nəqliyyat vasitələri ilə (avtobus, elektrik qatarı) əlaqələndirilməlidir;
 mövcud beynəlxalq təcrübədən istifadə edilməklə Bakı Metropoliteninin yeni baş sxeminin tərtibi təmin edilməlidir;
 hazırda istismarda olan metro şəbəkəsinin texniki vəziyyətinin təhlil və müayinəsi əsasında şəbəkənin təkmilləşdirilməsinə, təhlükəsizliyinin artırılmasına, zəruri hesab edilən yenidənqurma və bərpa işlərinin aparılmasına, habelə Bakı Metropoliteninin maddi-texniki təchizatının yaxsılaşdırılmasına dair təkliflər əhatə olunmalıdır;
 bu sahədə ixtisaslaşmış, geniş təcrübəyə malik olan yerli və xarici məsləhətçi şirkət, mütəxəssis və ekspertlər cəlb edilməlidir.
3. “Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı”nın hazırlanması işlərinə cari ildə başlanılmasını təmin etmək məqsədi ilə Bakı Metropoliteni İdarəsinə 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 (iki) milyon manat məbləgində vəsait ayrılsın.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 3-cü bəndində qeyd edilən vəsaitin müvafiq qaydada maliyyələşdirilməsini təmin etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrasından irəli gələn digər zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 noyabr 2008-ci il