z

Dünyanın 34-cü metropoliteni 55 yaşında

Dünyanın 34-cü metropoliteni 55 yaşında

09 DEKABR / 2022 / 12:56

Metropolitenli şəhərlər sırasında 34-cü olan Bakıda yeraltı elektrik sərnişin nəqliyyatı sistemi 55 il əvvəl işə düşüb. 1967-ci ilin 6 noyabrında ilk metro qatarı inşaatçıların yenicə istifadəyə verdiyi “Bakı Soveti” (indiki - “İçərişəhər”) stansiyasından təntənəli şəkildə yola salınıb. Bu stansiya uzunluğu 6,3 kilometr olan ilk buraxılış sahəsinin 5 stansiyasından birincisi idi. Gül-çiçəklərlə, dövrün ruhuna uyğun transporantlarla bəzədilmiş ilk qatar “26 Bakı kommisarı” (“Sahil”), “28 Aprel”, (“28 May”), “Gənclik” stansiyalarından keçərək, sonuncu stansiya “Nərimanov”a çatdı. 
O gündən ötən yarım əsrdən artıq müddətdə Bakı metrosu böyük çətinlikləri adlayaraq keşməkeşli bir dövr keçib. Bu dövrün Sovet hakimiyyətinə aid 24 ilində şəhərin altında 18 möhtəşəm saray yaradılıb. Həmin illərdə də metro tikintisi çox böyük çətinliklər hesabına başa gəlib. Şəhərin mürəkkəb hidrogeoloji şəraitinin tikinti xərclərini artırması, mərkəzi hökumətin inşaat işlərinə vəsaitin kifayət qədər və vaxtı vaxtında ayırmaması tikintinin sürətini ləngidirdi. Bu əngəlləri Ulu öndər Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər təyin olunduqdan sonra, eləcə də Sov.İKP MK-nın Siyasi bürosunun üzvü olduğu və Sovet hökumətində yüksək vəzifədə çalışdığı illərdə aradan qaldırdı. O vaxt  “Ulduz”, “Əzizbəyov” (“Koroğlu”), “Avrora”(“Qara Qarayev”), “Neftçilər”, “Nizami”, “İnşaatçılar”, “ XI Qızıl ordu meydanı” (“20 Yanvar”), “Memar Əcəmi, “Xalqlar dostluğu”, “Əhmədli” stansiyaları istifadəyə verildi. Ulu öndər Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra  “28 May” stansiyasının yenidən qurulması üzrə planın tərkib hissəsi kimi “Cəfər Cabbarlı” keçid stansiyasının, Qırmızı xəttin sonuncu stansiyası “Həzi Aslanov”un tikinti işləri başa çatdırıldı.
Ulu öndərin metro haqqında arzularını bu gün Respublika Prezidenti İlham Əliyev gerçəkləşdirir. Onun 2008-ci il noyabrın 10-da imzaladığı “Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamla metrodan istifadə edən sərnişinlərin sayı və hərəkət istiqamətləri nəzərə alınmaqla, yeni konseptual sxemin hazırlanması tapşırıldı. 2011-ci ildə “Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamla “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi” təsdiq edildi. Bu sənədə görə perspektivdə Bakı metropoliteninin ümumi şəbəkəsi 3 mövcud (Qırmızı, Yaşıl və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 77 stansiyadan, 6 elektrik deposundan və  120 km-ə yaxın xətlərdən ibarət olmalıdır.
Son 15 ildə Bakı metropoliteninin xətlərinin uzunluğu 38.8 km-ə çatdırılıb. Yaşıl xəttin “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül”, Bənövşəyi xəttin “Avtovağzal”, “Memar Əcəmi”, “8 Noyabr” stansiyaları istifadəyə verilib. Bənövşəyi xəttin Xocəsən qəsəbəsində metro tarixinin ikinci elektrik deposu və yerüstü stansiyası isə artıq istismara hazırlanır və sınaq, həmçinin abadlaşma işləri aparılır.
Yeraltı xətlərin inkişafı, metropolitendə hərəkətin təşkili və istismar sahələrinin yenidən qurulması sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə əhəmiyyətli təsir göstərən amillərdən biri və ən başlıcası 2014-cü il fevralın 27-də ölkə başçısının sərəncamı ilə Bakı metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaranması oldu. O vaxtdan ötən 9 ilə yaxın müddət bu qərarın rassionallığını, məqsədəuyğunluğunu təsdiq etdi. Bu illər ərzində bir sıra stansiyalarda əsaslı təmir işləri aparıldı, istismar müddəti başa çatmış avadanlıqlar, o cümlədən vaqonlar, eskalatorlar, tunel və stansiyaların güclü ventilyatorları yeniləndi, yol təsərrüfatı yeni texnologiyalar üzrə qurulmaqla, ağac şpallar daha uzun ömürlü dəmir-beton şpallarla əvəz edildi, həm istismar, həm də yeni inşa olunan sahələrdə gödək ağac şpalların yerini müəssisənin öz məhsulu olan dəmir-beton konstruksiyalar tutdu. Vaqon təmirinin maddi-texniki bazası möhkəmləndirildi, park yeni vaqonlar hesabına gücləndirildi. Burada, ən başlıcası, Bakı metropoliteni tarixində ilk dəfə vaqonların əsaslı təmirinin təşkilidir. 
Hərəktin idarə olunmasında yeni sistemlər tətbiq edildi, hərəkət prosesinə real vaxt müddətində operativ nəzarəti həyata keçirmək imkanı verən SCADA sistemlərinin tətbiqinə başlanıldı və bu işlər davam etdirilir. Elektrik təchizatı sisteminin etibarlığı elektrik yarımstansiyaların yenidən qurulması, müasir avadanlıqlarla təchiz olunması hesabına artırıldı. Xüsusən də fövqəladə hallarda metronun elektrik enerjisi ilə təmin etmək üçün dizel-generator stansiyaları yaradıldı.
Əlbəttə, yeni texnologiyalar onlarla işləməyi bacaran kadrlar olmasa, heç bir fayda verə bilməz. Kadr hazırlığı “Bakı Metropoliteni” QSC-nin fəaliyyətinin başlanğıcında hədəfə alınan məsələlərin birincilər sırasında idi. Bu məsələni 2014-cü ildən təməli qoyulan Təlim-tədris mərkəzi uğurla həll edir. Hazırda orada ümumilikdə 18 maketi, 110  stendi, 18 kataloqu, 8 monitoru, həmçinin əyani vəsait kimi çoxlu sayda məmulat, ləvazimat və detalları olan 8 əyani tədris guşəsindən, 9 auditoriya,1 akt zalı, 1 imtahan (kompüter) otağı, 1 trenajor, 3 texniki kabinetdən ibarət mükkəmməl mərkəz fəaliyyət göstərir. Bundan başqa “Nərimanov” elektrik deposunun ərazisində TTM-ə məxsus 4 auditoriya, 1 trenajor var.
Bakı metropoliteni altıncı onilliyinin ekvator xəttini sərnişinləri qarşısında böyük vəzifələrlə keçir. Bu gün kollektiv yeraltı yolların inkişafı üzrə dövlət proqramının yerinə yetirilməsinə səfərbər olunub və bu istiqamətdə inamla irəliləyir.