z

Tələbələrlə yubiley ili görüşləri davam edir

Tələbələrlə yubiley ili görüşləri davam edir

28 APREL / 2022 / 11:13

Bakı metropoliteninin 55-illik yubileyi münasibətilə ölkənin müxtəlif ali təhsil ocaqlarının kollektivi və tələbələri ilə keçirdiyi “Gələcəyə bizimlə addımla” layihəsi çərçivəsində növbəti tədbir Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
Kadr hazırlığı baxımından “Bakı Metropoliteni” QSC üçün mühüm əhəmiyyət kəsb edən universitetin Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə, Nəqliyyat fakültəsinin nəzdində Nəqliyyat və Logistika kafedrasının baş müəllimi Valeh Şərifov “Bakı Metropoliteni” QSC-nin kollektivini yubiley münasibətilə təbrik edib. O vurğulayıb ki, yeraltı dəmiryolu şəbəkəsi bu gün paytaxt üçün önəm daşıyır. AzMİU-nun uzun illər metropolitenlə əməkdaşlığı gələcəyin peşəkar kadrlarının praktiki bilik və bacarıqlarının artırılmasında böyük rol oynayır.
“Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzinin rəhbəri Rüfət Qədəşov Bakı metrosu haqqında məlumat verərək, müasirləşən, texnoloji innovasiyalarla yenilənən metropolitenin karyera baxımından diqqətçəkən və əlverişli olduğunu tələbələrin diqqətinə çatdırıb.
Tələbələr video-slayd vasitəsi ilə metrodakı peşələrlə tanış edilib.
Təlim-tədris mərkəzinin rəis müavini Rizvan Bayramov iştirakçıları metroda istifadəyə verilən ən son avadanlıq və texnika ilə qiyabi formada tanış edib, bu xüsusda yeni kadr potensialına yaxın gələcəkdə duyulacaq ehtiyaclardan danışıb.
Qarşılıqlı diskussiya şəraitində keçən görüş kifayət qədər maraqlı alınıb. Metropolitenin nümayəndələri tələbələri maraqlandıran suallara cavab verib.