z

Bakı metropoliteninin 55 illiyi münasibətilə yubiley poçt markaları buraxılıb

Bakı metropoliteninin 55 illiyi münasibətilə yubiley poçt markaları buraxılıb

27 OKTYABR / 2022 / 11:21

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı metropoliteninin 55 illiyinə həsr olunmuş iki yeni poçt markasını  dövriyyəyə buraxıb.
Nazirliyin  “Azərpoçt” qurumu tərəfindən buraxılmış markaların birində Bakı şəhərinin rəmzləri hesab edilən tarixi və müasir tikililərin əhatələdiyi dairə boyunca hərəkət edən metro qatarının qrafik təsviri verilib. Təsvirin tam mərkəzində “55” rəqəmi həkk olunub. Dairəvi təsvirin aşağı sahəsində “1967-2022” tarixləri və “Bakı Metropoliteni” ifadəsi qeyd olunub. Markanın konsepsiyasında metropoliten Azərbaycan paytaxtının tarixi-mədəni abidələrini və milli-mədəni irsimizin dəyərlərini  özündə ehtiva edən paytaxt  rəmzi  kimi göstərilib.
“Azərpoçt”un dövriyyəyə buraxdığı digər markada Bakı metropoliteni xətlərində hərəkət edən texnoloji innovasiyalar baxımından sonuncu nəslə mənsub vaqonlardan ibarət qatar tərkibi öz əksini tapıb. Markanın yuxarı hissəsində “55 il. Bakı metropoliteni. 1967-2022”, qatar təsvirinin aşağı hissəsində isə “2018-2021-ci illər 81-765 B./766 B. seriyalı vaqonlardan ibarət qatar” sözləri qeyd olunub.
Markaların tərtibat müəllifi rəssam-mütəxəssis Orxan Qarayevdir.
Oktyabrın 27-də markaların təqdimat mərasimi keçirilib. Mərasimdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Azərpoçt”qurumunun marka şöbəsinin rəisi Sitarə Sadıqova çıxış edərək, Bakı metropoliteninin şəhərin ictimai nəqliyyat sahəsində xüsusi rola malik olduğunu qeyd edib. O, xüsusi olaraq vurğulayıb ki, metro 1967-ci ildə istifadəyə veriləndən qısa müddət sonra həm də Bakının əsas rəmzlərindən birinə çevrilib. Bu xüsusda yeraltı nəqliyyatın 55 illiyinə həsr olunmuş markaların dövriyyəyə buraxılması əlamətdar hadisədir. Sitarə Sadıqova yeni markaların filatelistlərin diqqətini çəkəcəyinə də əminliyini bildirib.
“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov çıxışında qeyd edib ki, metropoliten 55 illik fəaliyyəti dövründə bu şəhərin nəinki nəqliyyat, hətta paytaxtın inkişaf nəbzini müəyyən edən rəmzlərindən birinə çevrilib. O, yubiley markalarının dövriyyəyə buraxılmasına görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, “Azərpoçt” müəssisəsinə təşəkkürünü ifadə edib və bunun metropolitenin yubiley tədbirlərinə xüsusi töhfə olduğunu bildirib.
Daha sonra yeni markaların möhürlərinin açılması mərasimi keçirilib.