"Bakı Metropoliteni" QSC haqqında

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə yaradılmışdır.

Sərəncama əsasən, “Bakı Metropoliteni” QSC Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2014-cü il tarixli 201 saylı Qərarı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu təsdiq edilmiş və 17 iyul 2014-cü il tarixində vergi orqanında hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir.

Kütləvi şərnişin daşınmasında şəhər əhalisi üçün mühüm əhəmiyyət daşıyan metropolitenin genişləndirilməsinin, o cümlədən istismar və metro tikintisi kimi mühüm sahələri vahid bir təsərrüfat kompleksində birləşdirməyin zəruriliyindən yaradılmış “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti təsis edildiyi tarixdən qısa müddət ərzində əmək kollektivini formalaşdıraraq, müəssisə qarşısında qoyulmuş vəzifələrin icrasını həyata keçirir.
Məqsədi Bakı metropoliteninin inkişaf etdirilməsindən, sərnişinlərin metro nəqliyyatında daşınmasının keyfiyyətinin yüksəldilməsindən, yeni metropoliten xətlərinin və stansiyalarının tikintisindən, metropolitenin maddi-texniki bazasının gücləndirilməsindən ibarət olan “Bakı Metropoliteni” QSC-nin əməkdaşlarının ümumi sayı 6500 nəfərə yaxınlaşır ki, bunun da 1500 nəfərdən çoxu metro tikintisi sahəsində çalışır.

Özündə metro istismarı və tikintisi kimi mühüm sahələri ehtiva edən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti aşağıdakı struktur vahidlərindən ibarətdir:

Hərəkət xidməti;
Depolar üzrə iş departamenti;
Tunel qurğuları xidməti;
Yol xidməti;
Elektrik təchizatı xidməti;
Elektromexanika xidməti;
Əsaslı təmir xidməti;
İşarəvermə və rabitə xidməti;
Avtomotonəqliyyat xidməti;
Birləşmiş emalatxanalar;
Tikinti departamenti;
İnsan resursları və xidmət departamenti;
Perspektiv inkişaf və əsaslı tikintiyə nəzarət departamenti;
Maliyyə departamenti.