"Bakı Metropoliteni" QSC haqqında

1967-ci il noyabrın 6-sında istifadəyə verilməklə böyük inkişaf yolu keçən Bakı Metropoliteninin hazırda 25 stansiyası,1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var.
Bakı metrosunun inkişafı Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı «Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» Sərəncamı ilə təsdiq olunmuş «Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi»nə və «Bakı metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üçün Tədbirlər planı»na uyğun olaraq müəyyən edilib.
Perspektiv plana əsasən, ümumi uzunluğu 28,5 km olacaq mövcud Qırmızı xətt Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. Cəmi 19 stansiyadan ibarət olacaq xəttin 13 stansiyası və 1 elektrik deposu istismardadır. Layihədə «İçərişəhər» stansiyasından sonra 4, «Həzi Aslanov» stansiyasından sonra 2 stansiyanın inşası nəzərdə tutulub.
Ümumi uzunluğu 41,8 km olacaq Yaşıl xətt Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq bu xəttin 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu hazırda inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.
Perspektiv inkişaf planına uyğun olaraq, «28 May» stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması ilə mövcud Qırmızı və Yaşıl xətlərdə qatarların sərbəst hərəkətinin təşkili nəzərdə tutulub.
Uzunluğu 18,5 km olacaq yeni Bənövşəyi xətt Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq. Metropolitenin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin «Avtovağzal» və «Memar Əcəmi» stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib.
Perspektiv inkişaf planına uyğun olaraq bu xətt üzrə 6-sı keçid olmaqla, 10 yeni stansiya inşa olunmalıdır. Hazırda Xocəsən qəsəbəsində Bənövşəyi xəttin deposunun tikintisi davam edir.
Uzunluğu 16,3 km olacaq Mavi xətt Yeni Yasamal yaşayış sahəsindən başlayaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə qədər uzanacaq. Xətt üzrə 7-si keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu tikiləcək.
Uzunluğu 14,7 km olacaq Sarı xətt Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanan xətt olacaq. Bu xətdə 5-i keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu inşa olunacaq.
Hazırda tikinti işləri Yaşıl xəttin «Həzi Aslanov-2», Bənövşəyi xəttin «B-3», «B-4» stansiyalarında, «Dərnəgül» və «Xocəsən» depolarında davam edir.
Perspektiv inkişaf planına uyğun olaraq yeni xətlərin tunel, stansiya və depolarının inşası ilə yanaşı, mövcud stansiyaların mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması, dərin özüllü birçıxışlı stansiyaların ikinci çıxışlarının tikintisi nəzərdə tutulub.
«Bakı metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramına əsasən dərin özüllü stansiyalarında ikinci giriş-çıxışların inşası da davam etdirilir. 2009-cu il dekabrın 30-da «28 May», 2015-ci il dekabrın 28-də «Elmlər Akademiyası»nın ikinci giriş-çıxışları istismara verilib.
Həmin proqrama uyğun olaraq, 2008-ci il dekabrın 29-da «İçərişəhər», 2011-ci il dekabrın 30-da «Koroğlu», 2015-ci il mayın 5-də «28 May» stansiyaları əsaslı təmir olunaraq, yeni görkəmi ilə sərnişinlərin istifadəsinə verilib.
«Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi»nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud (Yaşıl, Qırmızı və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km metro xəttindən ibarət olacaq. Bu illər ərzində 51 yeni stansiyanın inşa edilməsi və 84,3 km metro xəttinin çəkilməsi nəzərdə tutulub.