"Bakı Metropoliteni" QSC haqqında

Zaur Mir Tofiq oğlu Hüseynov

 

    Zaur Mir Tofiq oğlu Hüseynov 1964-cü il sentyabrın 26-da Bakı şəhərində anadan olub.

   1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis elektrik ixtisası üzrə, 2006-cı ildə Amerika Birləşmiş Ştatlarının St. John's Universitetini «Executive management» ixtisası üzrə (MBA) bitirib.

   Əmək fəaliyyətinə neft-kəşfiyyat ekspedisiyasında növbə elektromexaniki kimi başlayan  Zaur Hüseynov sonradan respublikanın bir sıra iri tikinti, istehsalat və enerji təchizatı müəssisələrində məsul vəzifələrdə çalışıb.

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında»  27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və «Azərtunelmetrotikinti» Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 290 saylı Sərəncamı ilə Zaur Mir Tofiq oğlu Hüseynov «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.
   

 

 

 

 

Tağı Məhəmməd oğlu Əhmədov

Rəhbərlik dövrü - 1998-2014-cü illər

 

  Tağı Məhəmməd oğlu Əhmədov 1948-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunun nəqliyyat fakültəsini, 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu körpülər və tunellər ixtisası üzrə bitirib.

 Bakı metropolitenində əmək fəaliyyətinə 1970-ci ildə yol və tunel qurğuları xidmətinin fəhləsi kimi başlayıb, sonralar böyük usta, distansiya rəisi və tunel qurğuları xidmətinin rəisi vəzifələrində çalışıb. 1998-ci iyulun 27-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı metropoliteninin rəisi vəzifəsində işləyib. Dövlət başçısının «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin yaradılması barədə 27 fevral 2014-cü il tarixli 289 saylı sərəncamının icrası ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilib.

 Metropolitendə ümumi iş stajı 44 ildir.

 «Fəxri dəmiryolçu» döş nişanına, «Azərbaycan Respublikasının Əməkdar mühəndisi» adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə «Şöhrət ordeni» ilə təltif edilib. Texniki elmlər namizədi, Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür.

   

 

 

 

 

Cəfər İsa oğlu Yusifov

Rəhbərlik dövrü - 1993-1998-ci illər

 

  Cəfər İsa oğlu Yusifov 1945 -ci il oktyabrın 13-də Qazax rayonunun Şıxlı kəndində anadan olub.

 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini qızdırıcı sistemlər və ventilyasiya qurğuları mühəndisi ixtisası üzrə bitirib.

 Bakı metropolitenində əmək fəaliyyətinə 1968-ci ildən yol və tunel qurğuları xidmətinin tunel fəhləsi kimi başlayıb, sonralar tunel ustası və distansiya rəisi vəzifəsində çalışıb. 1988-ci ildə Tunel qurğuları xidmətinin rəisi təyin edilib.1993-cü ilin noyabrında Respublika Nazirlər Kabinetinin Qərarı ilə Cəfər İsa oğlu Yusifov Bakı metropoliteninin rəisi təyin edilib və 1998-ci il iyulun 27-nə kimi bu vəzifədə çalışıb.

Hazırda Əsaslı təmir xidməti rəisinin müavini vəzifəsində çalışır.

 Metropolitendə ümumi iş stajı 48 ildir.

 «Fəxri dəmiryolçu» döş nişanına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə «Şöhrət» ordeni ilə təltif olunub.

 

 

 

 

 

Vahid Məmmədrza oğlu Nadirli

Rəhbərlik dövrü - 1987-1993-cü illər

 

  Vahid Məmmədrza oğlu Nadirli 1946-cı ildə Bakıda anadan olub.

  Bakı Dəmiryol Nəqliyyatı Texnikumunun, sonra isə Rostov Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunun dəmiryollarının istismarı üzrə mühəndis ixtisasını bitirib.

 Vahid Məmmədrz oğlu Nadirli əmək fəaliyyətinə 1966-cı ildən Azərbaycan Dəmiryolunun hərəkət xidmətindən başlayıb. Burada o, Bakı dəmiryolu sərnişin stansiyasının stansiya növbətçisi, Azərbaycan dəmiryolunun Bakı hissəsinin qatar dispetçeri işləyib. 1974-1975-ci illərdə Bakı metropolitenində böyük qatar dispetçeri kimi fəaliyyətini davam etdirib. 1979-cu ildə Azərbaycan dəmiryolu Bakı şöbəsi rəisinin hərəkət hissəsi üzrə müavini, 1980-ci ildə «Biləcəri» stansiyasının rəisi, 1980-1983-cü illərdə Azərbaycan dəmiryolunun Gəncə bölməsinin rəisi, sonradan Respublika Nazirlər Sovetinin nəqliyyat və rabitə şöbəsinin müdir müavini vəzifələrində çalışıb. 1987-ci il fevralın 21-də Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib. 1993-cü il noyabrın 10-dan Azərbaycan Dəmiryolu idarəsinə rəhbərlik edib.

 Vahid Məmmədrza oğlu Nadirli SSRİ yollar Nazirliyinin Xatirə qol saatı, «Fəxri dəmiryolçu» döş nişanı və «Şərəf nişanı» ordeni ilə təltif olunub.

   

 

 

 

 

İqor Abbasoviç Xankişiyev

Rəhbərlik dövrü - 1979-1987-ci illər

 

  İqor Abbasoviç Xankişiyev 1939-cu il martın 17-də Bakıda anadan olub.

 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunu teplovozlar və teplovoz təsərrüfatı ixtisası üzrə bitirib.

 Bakı metropolitenində 1976-cı ildən baş mühəndis kimi fəaliyyətə başlayib. 1979-cu ilin iyununda o, Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib. 1987-ci ildən metro tikintisi sahəsinə keçərək «Azərtunelmetrotikinti» Səhmdar Cəmiyyətinin sədri, baş energetik, aparıcı mühəndis, sədr müavini vəzifələrində əmək fəaliyyətini davam etdirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və «Azərtunelmetrotikinti» Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyəti təsis edildikdən sonra İqor Abbasoviç Xankişiyev müəssisənin Tikinti Departamentinə rəis təyin edilib.

2012-ci il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə «Əməkdar Mühəndis» fəxri adına layiq görülüb, «Fəxri dəmiryolçu»dur.

   

 

 

 

 

 

Fikrət İbrahim oğlu Kəngərli

Rəhbərlik dövrü - 1976-1979-cu illər

 

  Fikrət İbrahim oğlu Kəngərli 1929-cu ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

1952-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1960-cı ildə Gürcüstan Politexnik İnstitutunu teplovoz təsərrüfatı ixtisası üzrə bitirib. Azərbaycan dəmir yolunda parovoz təmiri üzrə mühəndis, dəmir yolunun Bakı şöbəsində baş mühəndis vəzifələrində çalışıb. 1976-cı il mayın 14-də Bakı Metropoliteni İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 1979-cu il martın 19-da SSRİ Yollar nazirinin əmri ilə Azərbaycan Dəmiryolu İdarəsinin rəisi vəzifəsinə keçirilib.

 F.Kəngərlinin dəmir yolunda və metroda əmək fəaliyyəti yüksək qiymətləndirilib. O, «Fəxri dəmiryolçu» döş nişanı, «Əmək veteranı», «Rəşadətli əməyə görə», «SSRİ silahlı qüvvələrinin 60 illiyi» medallarına layiq görülüb, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri fərmanı ilə təltif edilib.

 Fikrət İbrahim oğlu Kəngərli 1992-ci il sentyabr ayının 14-də vəfat edib.

   

 

 

 

Lütfəli Cahangir oğlu Nuriyev

Rəhbərlik dövrü - 1966-1976-cı illər

 

  Lütfəli Cahangir oğlu Nuriyev 1916-cı ildə Gəncə şəhərində anadan olub.

Tbilisi Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunu hərəkətin təşkili ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə Taqanroq stansiyası rəisinin müavini kimi başlayıb. Sonralar «Biləcəri» stansiyasının rəis müavini, Azərbaycan dəmiryolunun operativ dispetçer bölməsində böyük dispetçer, Azərbaycan Dəmir yolunda hərəkət xidmətinin rəisi, 1963-1966-cı illərdə Zaqafqaziya Dəmiryol İdarəsi rəisinin müavini vəzifələrində çalışıb.

 O, 1966-cı ildə Azərbaycan KP MK plenumunun qərarı ilə metropolitenin buraxılışına bir il qalmış Bakı metropoliteninin ilk rəisi vəzifəsinə təyin edilib. 1976-cı ilin may ayına kimi bu vəzifədə çalışıb. Bu müddətdə «Şərəf nişanı» və «Qırmızı Əmək bayrağı» ordenləri ilə təltif edilib.

 Lütfəli Cahangir oğlu Nuriyev 1984-cü il dekabr ayının 9-u vəfat edib.