"Bakı Metropoliteni" QSC haqqında

Səhmdar Cəmiyyətdə Təlim-tədris Mərkəzi təsis edilmişdir ki, burada metropoliten üzrə tələbat olan bütün peşələr üzrə ixtisasartırma kurslarının təşkili ilə bağlı  tədris proqramları təsdiq edilmiş, təlim prosedurlarına start verilmişdir. Bununla bağlı müəssisənin Rabitə evində ayrı-ayrı peşələr üzrə sinif otaqları və tədris təyinatlı zal, təlimlərin təşkili üçün müvafiq tədris avadanlıqları, ən müasir rabitə və kommunikasiya sistemləri quraşdırılmışdır. Beynəlxalq əməkdaşlıq çərçivəsində bağlanmış müqavilə şərtlərinə müvafiq olaraq, Bənövşəyi xətdə tətbiq ediləcək SCADA (supervisory control and data acquisition – dispetçer idarəetməsi və məlumat bazası) və CBTC (Communications-based train control – kommunikasiya əsaslı qatar nəzarəti və idarəetməsi) sistemlərinin öyrənilməsi məqsədilə Fransanın “Thales SA” şirkətinin mütəxəssisləri mərkəzdə kurslara başlamış və iki həftəlik məşğələlərdən sonra “Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşı Türkiyənin İstanbul şəhərində növbəti kurslara ezam edilmişlər. Məşğələlər “Thales SA”nın İstanbul metropolitenindəki tədris mərkəzində davam etdirilib. Üç həftə ərzində Bakı metropoliteninin nümayəndələri yeraltı magistraldakı mövcud işarəvermə və rabitə sistemlərini, yeni tikilən sahələrdə əvəz edəcək CBTC sisteminin işi ilə praktiki sürətdə tanış olublar. İstanbul metrosunda məşğələlər başa çatdıqdan sonra, tədris prosesinin 3-cü mərhələsi Kanadanın Toronto şəhərində şirkətin təlim-tədris mərkəzində və şəhər metropoliteninin müasir avadanlıqlar quraşdırılmış xəttində keçirilib. Treninqlərin sonunda müdavimlər sınaq imtahanlarını uğurla keçərək, müvafiq sertifikatlar alıblar. 

Kurslarda əldə edilmiş biliklər hazırda metropolitençi kadrların peşə hazırlığında, yeni texnologiyaların mənimsənilməsində istifadə olunur. Tədris prosesini başa vuran mütəxəssisələr aldığı bilikləri metropolitençi həmkarları ilə bölüşür, istehsalatda birbaşa vəzifələrini icra etməklə yanaşı, təlim-tədris mərkəzinin işində, yeni texnologiyalarla işləyə biləcək kadrların hazırlığında iştirak edirlər.