z

Metropolitendə şəhid ailələri və müharibə veteranlarına yardım mərkəzi yaradılıb

Metropolitendə şəhid ailələri və müharibə veteranlarına yardım mərkəzi yaradılıb

17 MAY / 2022 / 10:42

“Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) müəssisədə çalışan şəhid ailələrinin üzvləri və müharibə veteranlarına xüsusi qayğı göstərilməsisini müntəzəm nəzarətdə saxlayaraq, onların müraciətlərinə operativ və xüsusi həssaslıqla baxılmasını təmin etmək məqsədilə Mərkəz yaratmaq barədə razılığa gəliblər. Bununla əlaqədar 2021-ci il iyunun 6-da bağlanmış üçillik Kollektiv müqaviləyə düzəliş və əlavələr edilərək, “Metropolitendə işləyən şəhid ailələrinə və Qarabağ müharibələrinin veteranlarına yardım mərkəzi” yaradılıb.
Mərkəzin Əsasnamə layihəsinin müzakirə olunaraq əlavə və dəyişikliklərlə təsdiq edilməsi, həmçinin Mərkəzin idarəetmə orqanı olan İdarə heyətinin seçilməsi məqsədilə sıralarında 336 nəfər Qarabağ müharibəsi veteranlarını və metropolitendə çalışan şəhid ailələrinin üzvlərini birləşdirən Mərkəzin ilk təsis yığıncağı keçirilib.
Toplantını giriş sözü ilə açan MİHİ-nin sədri Arif Mərdanov “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovla aparılan geniş müzakirələrin məntiqi nəticəsi kimi idarəedilməsi Qarabağ müharibəsi veteranları və metropolitendə çalışan şəhid ailələrinin üzvləri tərəfindən həyata keçiriləcək və qərarlarının çıxarılmasında obyektivlik, ədalətlilik prinsiplərinə söykənən, fəaliyyətində bürokratik mərhələləri çevik addamağa qadir olan bir Mərkəzin yaradılması zərurətindən danışıb.
 O qeyd edib ki, tam obyektiv mühitdə Əsasnamənin təsdiq edilməsi və demokratik prinsiplər rəhbər tutularaq İdarə heyətinin seçilməsi üçün ilk təsis yığıncağına Mərkəzin ətrafında birləşəcək bütün nümayəndələr dəvət olunub.
“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov yığıncaqda çıxış edərək bildirib ki, cəmiyyətin mövcud imkanları nəzərə alınaraq, yuxarıda qeyd edilən məramla həyata keçirilən təsisatda bu kateqoriyadan olan soydaşlarımızın ehtiyaclarına daha həssas yanaşmada operativliyin əldə olunmasında Mərkəz xüsusi rol oynamalıdır.
Yığıncaq iştirakçılarının diqqətinə təqdim edilmiş Əsasnaməyə görə, İdarə heyətinin tərkibinə toplantı iştirakçıları tərəfindən müstəqil iradə ifadəsi ilə seçilən 5 nəfərlə yanaşı, həmçinin səhmdar cəmiyyətin sədr müavini Hidayət Məmmədov və MİHİ-nin sədri Arif Mərdanov da daxildir. Mərkəzin idarə heyəti iki ayda bir dəfədən az olmamaq şərtilə toplaşaraq, daxil olmuş müraciətlərə baxmalı və qərar verməlidirlər. Müəssisədə çalışan şəhid ailə üzvləri və veteranlar il ərzində bir dəfə tam tərkibdə toplaşaraq İdarə heyətinin hesabatını dinləməli və qiymətləndirməlidirlər.
Mərkəzin əsas maliyyə mənbəyi səhmdar cəmiyyətin və MİHİ-nin ayırdığı təyinatlı maliyyə vəsaiti hesabına formalaşır. Bununla yanaşı, MİHİ tərəfindən açılmış bank hesabına hər bir kəs könüllü olaraq maliyyə vəsaiti köçürə və qanunla qadağan edilməyən bütün digər ianələr də Mərkəzin maliyyələşməsini formalaşdıra bilər.
Əsasnamə ilə bağlı müzakirələrdən sonra toplantı iştirakçıları idarə heyətinə 13 nəfərin namizədliyini irəli sürüblər. Könüllü olaraq, 4 nəfər namizədliyini geri götürüb. Yığıncağın ümumi qərarına əsasən, tədbirin gedişi ərzində qalan 9 nəfərin arasında aparılan müzakirələrdən sonra 5 nəfər İdarə heyətinə seçilib.
Daha sonra şəhid ailələrinin üzvləri, müharibə veteranları Mərkəzin daha çox diqqətdə saxlamalı olduğu məsələlər ətrafında İdarə heyətinə təkliflər verib, təşəbbüs və tövsiyələrini irəli sürüblər. Həmçinin onları maraqlandıran digər məsələlər ətrafında da geniş müzakirələr aparılıb.
“Bakı Metropoliteni” QSC hər iki Qarabağ müharibəsi zamanı torpaqlarımızın bütövlüyü, işğal altında olan ərazilərimizin düşməndən azad olunması uğrunda silaha sarılan Vətən oğullarına bacardığı dəstəyi verib, döyüşlərdə şəhid olmuş həmkarlarının ailələrini unutmur. Milli qürurumuzun zirvəsi olan sonuncu müharibədə dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində əldə edilən Zəfər naminə övladları şəhid olan 4 metropolitençi və 53 nəfər müharibə veteranı sırasına ötən ilyarım ərzində daha 21 qazi və şəhid ailəsi üzvü qoşularaq metropolitendə işlə təmin olunub.