z

Üçüncü "Vaqon guşə" – işarəvermə, rabitə və kommunikasiyalar

Üçüncü "Vaqon guşə" – işarəvermə, rabitə və kommunikasiyalar

13 IYUN / 2022 / 13:58

Mərkəzin orta sahəsində yerləşdirilmiş vaqon tipli guşələrdən üçüncüsü işarəvermə və rabitə, eləcə də informasiya və kommunikasiya texnologiyalarına həsr olunub. Müasir metropoliten daha çox inkişaf sürəti ilə seçilir. Bu mənada yeni xətlərin inşası ilə Bakı metropolitenində başlanmış ən müasir metro texnologiyaları hazırda mövcud xətlərdə də mərhələ ilə tətbiq edilir.
SCADA dispetçer idarəetməsi, qatarların CBTC radiokanal idarəetməsi, mövcud mikroprosessor sistemləri, qatarların hərəkətinin təşkili və tənzimlənməsini mümkün edən yol və tunel avadanlıqları, rabitə vasitələri daha bir guşənin özəlliyidir. Burada yeni xətlərdə tətbiq edilən sistemlər, "Nərimanov" elektrik deposunda tətbiq edilən ox sayğacı, drossel-transformator, müxtəlif relelər və s. avadanlıqların nümunəsində keçiriləcək dərslər tədrisin optimallığını təmin edəcək.
Bu xüsusda qeyd edək ki, Fransanın “Thales SA” şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, Bənövşəyi xətdə tətbiq ediləcək SCADA (dispetçer idarəetməsi və məlumat bazası) və CBTC (qataların hərəkətinə radiokanal nəzarəti və idarəetməsi) sistemlərinin öyrənilməsi məqsədilə Bakı metropoliteninin bir qrup işçisi 2014-cü ildə Toronto şəhərində Fransanın “Thales SA” şirkətlər qrupuna daxil olan “Thales Canada”da, daha sonra İstanbul metropolitenində təcrübə keçiblər.
Hazırda həmin işçilər təlim-tədris mərkəzində yeni sistemlərlə işləmək təcrübəsini həmkarları ilə bölüşür. Eyni zamanda Azərbaycan-Fransız Universiteti ilə bağlanmış anlaşma memorandumuna əsasən, bu ali təhsil ocağının müvafiq ixtisaslar üzrə tələbələrinin əyani praktiki məşğələləri Bakı metropolitenində, o cümlədən təlim-tədris mərkəzində təşkil edilir.
Onu da əlavə edək ki, bu sahənin mürəkkəbliyi və vacibliyi nəzərə alınaraq, müdavimlərə texnoloji proseslərin əyani öyrədilməsi məqsədilə burada müvafiq yol infrastrukturunun maketi və avadanlıqlarla təchiz edilmiş xüsusi kabinet də fəaliyyət göstərəcək.
Yenilikləri xüsusi monitorda nümayiş etdirilən bu kabinet də müasir texnologiyaların tələblərinə uyğun müntəzəm olaraq tədris vəsaitləri ilə zənginləşdiriləcək.