z

Gətirilmiş dördüncü yeni qatar da xəttə verilib

Gətirilmiş dördüncü yeni qatar da xəttə verilib

17 FEVRAL / 2023 / 13:41

Bakı metropoliteni 2022-ci ilin sonlarında gətirilmiş 4 yeni qatardan sonuncusu da sazlama və sınaq işlərindən sonra xəttə verilib. Hazırda metropoliten xətlərində hərəkət edən yeni nəsil qatarlarının sayı 23-ə və yaxud vaqonların sayı 115-ə çatdırılıb.
Hər biri 5 vaqondan ibarət qatarlar Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsində “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilib. Yeni xəttə buraxılmış 81-765 B./81-766 B. modelli qatar da əvvəlkilərdə olduğu kimi mikroiqlim nəzarəti sistemi ilə təchiz olunub. Bu sistemin tərkib hissəsi kimi, kondisioner sistemi Bakının iqlim xüsusiyyətləri nəzərə alınmaqla istehsal olunub. 
Vaqondan vaqona birbaşa keçid sərnişinlərin qatar boyunca bərabər paylanması ilə yanaşı, sərnişin tutumunun artmasına da təsir edir. Ümumilikdə qatarların baş vaqonları 315, orta vaqonlari isə 329 sərnişin üçün nəzərdə tutulub. Bu isə bir qatarın sərmişin tutumunun 1617 sərnişin olması deməkdir. Onu da əlavə edək ki, baş vaqonlarda 38, orta vaqonlarda 44 nəfərlik oturacaqlarla təchiz olunub.
Baş vaqonlarda əlil arabası üçün yerlər, bundan savayı, müxtəlif yüklər də nəzərə alınmaqla, çoxfunksiyalı zonalar nəzərdə tutulub. Təcrübə göstəriri ki, qapıların daha enli olması sərnişinlərin vaqonlara daha rahat və sürətli minib-düşməsini təmin edir və bununla bu qatarların sıxlıq şəraitində stansiyalarda yubanması xeyli azalır.
Yeni qatar “Həzi Aslanov-Dərnəgül” istiqamətində sərnişinlərə xidmət göstərir. Ümumilikdə, 23 yeni nəsil qatarından 3-ü “İçərişəhər-Həzi Aslanov”, 20-si “Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edir.
“Bakı Metropoliteni” QSC 2023-cü ildə də yeni vaqonların sifarişini planlaşdırır. Bu məqsədlə texniki tapşırıqların hazırlanması istiqamətində iş aparılır. Onu da əlavə edək ki, “Bakı Metropoliteni” QSC dünya metro vaqonları və bu sahə ilə bağlı digər istehsal sahələrinin təcrübəsini müntəzəm olaraq təqib edir, tətbiq edilən yeni texnologiyaların xarakter və xüsusiyyətini, ilk növbədə, sərnişindaşıma təhlükəsizliyi və rahatlığı, sərnişin məmnuniyyəti baxımından əsaslı yeniliklərin tətbiqini diqqətdə saxlayır. Yeni müqavilənin uzunmüddətli olaraq bağlanması əsas hədəflərdəndir. Eyni zamanda yeni vaqonların istehsalı ilə bağlı tərəfdaşın seçilməsi, sifariş həcmi və digər məsələlər barədə əlavə məlumatlar bütün prosedurlar tamamlandıqdan sonra ictimaiyyətə təqdim ediləcək.
Ümumən, Bakı metropoliteninə 2015-ci ildən bu yana gətirilmiş vaqonların  (qatarların) istismara verilməsi bu ardıcıllıqla olub:

Tarix    Vaqon (qatar)
2015    15 vaqon (3 qatar)
2018    10 vaqon (2 qatar)
2019    30 vaqon (6 qatar)
2020    20 vaqon (4 qatar)
2021    20 vaqon (4 qatar)
2022    20 vaqon (4 qatar)
Cəmi    115 vaqon (23 qatar)