z

Bakı metropolitenində media nümayəndələri ilə görüş keçirilib

Bakı metropolitenində media nümayəndələri ilə görüş keçirilib

13 SENTYABR / 2022 / 13:50

Sentyabrın 13-də Bakı metropolitenində yeni tədris mövsümünün başlanması ilə əlaqədar media nümayəndələri ilə görüş keçirilib. Tədbirdə “Bakı Metropoliteni” QSC sədrinin müavini Hidayət Məmmədov və aidiyyəti strukturların rəhbərləri iştirak edib.
Hidayət Məmmədov Bakı metropoliteninin 55 illik yubileyi ərəfəsində son yeniliklər barədə ətraflı məlumat verib. Bənövşəyi xəttin “8 Noyabr” stansiyasının istismara verilməsi və burada tətbiq edilmiş yeniliklərdən söz açan sədr müavini qeyd edib ki, stansiyanın yerləşdiyi ərazidə insanların hərəkət dinamikası get-gedə artmaqdadır. Son dövrlərdə buradan istifadə edən gündəlik sərnişin sayı 3-4 min civarındadır. H.Məmmədov “Cəfər Cabbarlı” stansiyasının birinci yolu və platformasında yenidənqurma işlərinin tamamlanaraq istifadəyə verilməsini, ikinci yolda isə əsaslı təmir işlərinin gedişindən bəhs edib. Stansiyada təmir işlərinin 2023-cü ilin sonlarına yekunlaşdırılması nəzərdə tutulub.
2020-ci ildən başlayaraq metropolitenə hər il 5 vaqondan ibarət 4 yeni qatar tərkibi gətirilib. Hazırda xətlərdə 19 yeni qatar hərəkət edir və bu da sərnişin rahatlığı baxımından əhəmiyyətli dərəcədə təsirini göstərir. Son 3 il ərzində alınaraq quraşdırılan 17 yeni güclü ventilyator stansiya və tunellərin mikroiqlim şəraitinin müsbət dinamikasını yaradıb. Hazırda daha 6 yeni ventilyator quraşdırılır.
2020-ci ildən başlayan “COVID-19” koronavirus pandemiyası dövrünün ən böyük yeniliyi stansiya və tunel yollarının infrastrukturu ilə bağlıdır. İlk dəfə bir stansiyanın hər iki yolu (“Elmlər Akademiyası”), bundan əlavə “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının yolları metropolitenin öz istehsalı olan dəmir-beton bloklar üzərində qurulub. Dövrün əlamətdar hadisələrindən biri istismar olunan tunellərdə - “Cəfər Cabbarlı-Xətai” mənzilində də ilk dəfə bu texnologiyaların tətbiqidir. Bütün bunlar qənaət, səmərə və qulluq imkanlarının, ən əsası, sərnişin təhlükəsizliyi və rahatlığının artırılması deməkdir.
1966-cı ildən fəaliyyət göstərən “Nərimanov” elektrik deposunda Vaqonların əsaslı təmiri xidməti və Elektrik mühərriklərinin təmiri sexlərinin istismara verilməsi, qatarlara baxış-qulluq sahəsinin yenidən qurulması səmərə və qənaətlə yanaşı, keyfiyyətin yeni mərhələsi olub.
Xüsusi əhəmiyyətə malik elektrik təchizatı sistemində yenidənqurma işləri dövrün mühüm hadisələrindəndir. Qırmızı və Yaşıl xətlərdə 17, Bənövşəyi xətdə isə 4 dizel-generator sayəsində metropoliten fasiləsiz elektrik enerjisi ilə təmin olunur və bu da qatarların bundan sonra fövqəladə vəziyyətlərdə tunellərdən stansiyalara rahatlıqla çıxarılmasının təminatı deməkdir.
Hidayət Məmmədov qarşıda duran planlar barədə danışaraq, 2022-ci ilin sonuna qədər Xocəsən qəsəbəsində elektrik deposu və yerüstü stansiyanın istismara veriləcəyini qeyd edib.
Yeni tədris mövsümü ilə əlaqədar Bakı metropolitenində sentyabrın 14-dən qatarların yeni qrafiklə hərəkət edəcək. Gur saatlarda qatarların hərəkəti əsasən 2 dəqiqəlik intervalla təşkil ediləcək və ehtiyat qatarlar günün bütün saatları üçün xüsusi nəzərə alınacaq. Monitorinqlər davam etdirilərək, yaxın bir ay ərzində qatarların hərəkəti ilə bağlı digər qərarlar da verilə bilər.
Depolar üzrə iş departamentinin rəisi Faiq Əhmədov yeni qatarların gətirilməsi məqsədilə “Bakı Metropoliteni” QSC-nin nümayəndə heyətinin Rusiyaya yollanması barədə məlumat verib. Qatarların qəbulu prosesi başa çatdıqdan sonra yaxın günlərdə 2, oktyabr ayında isə növbəti 2 qatar Bakıya yola salınacaq. Bu qatarlar quraşdırma, sazlama və sınaq işlərindən sonra xəttə buraxılacaq. F.Əhmədov onu da qeyd edib ki, il ərzində 4 qatar tərkibi orta təmir olunaraq modernləşdirilib. 2017-ci ildən bu günə qədər, ümumilikdə, 12 qatarda orta və ya əsaslı təmir işləri aparılıb. Təkcə bu il cari təmirin müxtəlif növlərinə 50 vaqon cəlb olunub. O, jurnalistləri maraqlandıran suallara cavab verib, vaqonların utilizasiyası, yaxın illərdə vaqon parkının yenilənməsi və s. ilə bağlı davamlı tədbirlərdən də danışıb.
Sərnişinlərin gediş haqlarını yükləməsi üçün müxtəlif üsulların tətbiqi ilə bağlı İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov məlumat verib. Bakı metropoliteni QR-kod və bank kartlarlı ilə ödəmə üsullarının sınaq işlərini də aparıb və bu istiqamətdə mərhələli tədbirlər davam etdirilir.
Sonda Hidayət Məmmədov, həmçinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov sərnişin sıxlığının aradan qaldırılması, konseptual inkişaf sxemi, metro stansiyalarının inşasındakı cari vəziyyət, stansiyaların yenidənqurma işlərinin davam etdirilməsi və digər məsələlərlə bağlı sualları cavablandırıb.