z

Qanla yazılmış əbədi qəhrəmanlıq salnaməsi

Qanla yazılmış əbədi qəhrəmanlıq salnaməsi

19 YANVAR / 2023 / 13:24

Çoxəsrlik tariximizin şanlı səhifələri yüzlərlə, minlərlə azərbaycanlının qanı-canı, fədakarlığı bahasına yazılıb. Faciə ilə olsa da, suveren hüquqları uğrunda əzmkarlıq, fədakarlıq, dönməzlik, sarsılmaz iradə nümayiş etdirən xalqın şanlı və qürurlu tarixinin daha bir səhifəsi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yazılıb. Əbədi müstəqillik və azadlığımız uğrunda mübarizəmizin simvoluna çevrilmiş bu tarix dünya durduqca xatırlanacaq, o gecə indiki kimi yaşanacaq və xalqımızın başına gətirilmiş müsibət heç vaxt unudulmayacaq.
Əliyalın insanların qanına susayan, təpədən-dırnağadək silahlanmış sovet ordusu xalqın əzəmətini, iradəsini qıra bilmədi. Əksinə, misli görünməmiş vəhşiliyə məruz qalan Azərbaycan xalqı tank qarşısında sözün həqiqi mənasında başıdik, məğrur dayandı. O gecə kişili-qadınlı, uşaqlı-böyüklü, qocalı-cavanlı bütün xalq əbədi müstəqilliyi uğrunda gözünü qırpmadan canını verdi, qanından keçdi, amma azadlıq eşqi ölmədi. Onlarla şərəfli, ləyaqətli Vətən övladı xoşbəxt Azərbaycan naminə həmin gecə həyatlarını fəda edib, müqəddəs şəhidlik zirvəsinə ucaldılar.
Sovet ordusunun 20 Yanvar gecəsi törətdiyi qırğından illər keçsə də, xalqımız qəhrəmanlıq tarixini, fədakar və igid övladlarını, o qan-qadalı gecəni, ağrı-acılı günləri unutmur, 33 il ötməsinə baxmayaraq, indi də o müdhiş gecənin baiskarlarını dərin nifrətlə xatırlayır.
O zamanlar Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev faciənin ertəsi günü özünün və ailə üzvlərinin həyatı üçün təhlükəyə baxmayaraq, Azərbaycanın daimi nümayəndəliyinə gəlib, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Ümummilli lider cəsarətli addımı ilə bütün dünyanı bu dəhşətli və amansız terrordan agah etdi. Dərindən araşdırılmayan və lazımi qiymətini almayan faciəyə məhz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
1990-cı il yanvarın 20-nə keçən gecə şəhərə daxil olan ordu qarşısındakı canlı səddi güllə yagışına tutub, əzib keçəndə, insanların pənah yeri metro stansiyaları oldu. O gecə səhərə qədər işləyən metropoliten faciənin miqyasının daha da böyüməsinin qarşısını aldı. Əslində, həmişəki kimi, metro o gecə də sonuncu sərnişinlərini qəbul edib, qatarları cədvəl üzrə depoya göndərməli və növbəti iş gününə hazırlaşmalı idi. Amma vəziyyəti düzgün qiymətləndirən Bakı metropoliteninin rəhbərliyi qatarların hərəkətini dayandırmamaq qərarını verdi. Bununla da minlərlə insan ömrü xilas olundu.
Metro həm də yaralıların daşınması, tibbi briqadaların yardımı üçün yeganə təhlükəsiz yer idi. Burada XI Qızıl Ordu meydanında həmin meydanın adını daşıyan stansiyanın (indiki - “20 Yanvar”) rolu daha böyük oldu. 
“20 Yanvar” (o vaxt - “XI Qızıl Ordu meydanı”) stansiyası ilə yanaşı, “Koroğlu” (o vaxt - “Məşədi Əzizbəyov”) və daha bir neçə stansiya da qırğından qaçan, çaş-baş qalmış əhalinin sığınacağına çevrildi. Yaxınlarını, əzizlərini, doğmalarını axtaranlar, yaralılara kömək etmək istəyən insanlar bu stansiyalara üz tuturdular.
Həmin gecənin qətliamında minlərlə insanın həyatını xilas edən metropolitençilər ailəsinin iki üzvü şəhidlik zirvəsinə ucaldı. “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov düşmən gülləsinə tuş gəldilər. Hər iki metropolitençi Şəhidlər Xiyabanında 1990-cı il yanvarın 22-də dəfn edilib. Azadlıq toxumunun səpildiyi o gün Bakı metropoliteninin Yol xidmətinin işçisi Valeh Məmmədov ayagından güllə yarası aldı.
O gecənin canlı şahidi Bakı metropoliteni yaxın keçmişimizin həqiqətlərini yaşadacaq, Azərbaycanın müstəqillik salnaməsinin başlanğıcı olan 20 Yanvar tarixinin gələcək nəsillərə ötürülərək, əbədi və sarsılmaz azadlığımızın təməlini qoyan qəhrəman övladların qoyduğu irsin qorunmasına əzmlə çalışacaq.
20 Yanvar qurbanlarının xatirəsini əbədiləşdirən “20 Yanvar” stansiyasında hər ilin həmin günündə günahsız qurbanların anım mərasimi keçirilir, onların əziz xatirələri yad edilir. Bakı metropoliteninin kollektivi amansız gecədə şəhid olmuş iki əməkdaşının da uyuduğu Şəhidlər xiyabanını ziyarət edir, canını fəda etmiş bütün qəhrəman övladlarımızın ruhları qarşısında baş əyərək dualar oxuyur.
Bu tarix unudulmur və unudulmayacaq.