z

Daha üç təmir-baxış sahəsi yenidən qurulub

Daha üç təmir-baxış sahəsi yenidən qurulub

24 MAY / 2023 / 11:20

1966-cı ildən fəaliyyət göstərən “Nərimanov” elektrik deposunda yenidənqurma və yeni texnologiyaların tətbiqi prosesi mərhələli şəkildə həyata keçirilir. Qatarların təmir-baxış və dayanma-gecələmə sahəsində aparılan işlər çərçivəsində daha 3 qanov dövrün tələblərinə uyğunlaşdırılaraq yenidən qurulub. Artıq burada da qatarlara davamlı qulluq müasir standartlar və yeni texnoloji imkanlarla müvafiq qaydada yerinə yetirilir.
Sökülərək yenidən qurulan qanovlar və buna paralel yollarda tətbiq edilmiş yeniliklər mühüm funksionallığa və texniki əhəmiyyətə malikdir. İndiyə qədər bu qanovlar yalnız dayanma üçün xidmət göstərirdi. Yenidənqurmadan sonra hər 3 sahədə texniki baxış və xidmət aparılmasına şərait yaradılıb.
Bu məqsədlə dərinlik qazılıb, qatarların qəbulu üçün istinad divarları qurulmaqla betonlanma işi aparılıb. Hər sahədə döşəmə betonlanıb, divarlar suvanaraq rənglənib, eniş pilləkənləri qoyulub. Bu işlərə paralel, qanovlararası baxış yolları müvafiq normativlər çərçivəsində karbonat maddə və çınqıl təbəqə ilə doldurularaq betonlanıb.
Qanovlarda drenaj, müasir elektrik, o cümlədən işıqlanma sistemləri qurulub. Yolun yeni tipli üstquruluş elementləri qoyulmaqla, qatarların baş vaqonunun ön hissəsinə xidmət göstərmək üçün xüsusi qaldırıcı mexanizmlər tətbiq edilib. Sahənin döşəməsi praktiki dayanıqlığı ilə yanaşı, estetik görkəmə də təsir edən epoksid maddə ilə boyanıb.
Yekunda yenidən qurulmuş qanovlarda qatarların qəbul edilməsi və xəttə buraxılması sahəsi üçün yeni tipli avtomatlaşdırılmış kommutasiya qurğuları tətbiq edilib. Əvvəlki mexaniki sistemdən fərqli olaraq, yeni kommunikasiya sistemi qatarların daha təhlükəsiz və etibarlı qəbul edilməsi və yola salınmasına şərait yaradır. Avtomatlaşdırılmış sistem həmçinin uzunömürlü olmaqla qurğunun faktiki texniki vəziyyətinə nəzarət etməyə, insan faktorunun azaldılmasına xüsusi təsir edir.
Ümumən bu günə qədər elektrik deposunda olan 32 qanovdan 13-ü əsaslı təmir edilərək yenidən qurulub və ən müasir standartlar səviyyəsinə çatdırılıb. Tədbirlər planına uyğun olaraq, işlər ardıcıl qaydada növbəti 2 dayanma-gecələmə sahəsində davam etdirilir. İki yoldan birində qatarların qəbulu sahəsi qazılıb və betonlanma işi aparılıb. Digərində isə istinad divarı qurulur.
Qeyd edək ki, yeniləşdirilmiş 3 təmir sahəsinin önündə yerləşən depo yolları da müasir standartlar səviyyəsində yenidən qurulub. Hazırda təmir olunan iki sahənin depo yolları dəmir-beton şpallar üzərində olmaqla yenilənir.