z

“Bakı Metropoliteni” QSC-nin 8 ili

“Bakı Metropoliteni” QSC-nin 8 ili

27 FEVRAL / 2022 / 00:00

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bakı Metropoliteni” QSC-nin yaradılması barədə Sərəncamının cari ilin fevralın 27-də 8 ili tamam olur. Bu Sərəncam həmin dövrdə yaranışının 50 ilə yaxınlaşdığı vaxtda yeni iqtisadi münasibətlərə uyğun modellərin tətbiqi, müasir yanaşma tərzinin formalaşması, bu məsələləri reallaşdırmaq iqtidarında olan insan resurslarını hazırlamaq vəzifələri qarşısında qalan Bakı metropoliteni üçün yolayırıcı, əsas istiqamət göstəricisi oldu. Bakı Metropoliteni və "Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yarandığı 8 il Bakı metropoliteninin tarixinə hərtərəfli inkişafın böyük sürətli dövrü kimi daxil oldu.
Bu dövrü səciyyələndirən amillər, xüsusiyyətlərdən danışmalı olsaq, ilk növbədə, hərəkətin təşkili və təhlükəsizliyi ilə bağlı məsələləri daha çox qabartmalıyıq. Belə ki,  sərnişindaşıma  nəqliyyat  infrastrukturu  olaraq metropolitenin başlıca və ilkin vəzifəsi məhz  budur. Bu vəzifəni yerinə yetirən sistem mükəmməl tərkib hissələrinə malik olmalıdır. Tələb olunan ölçülərə uyğun hərəkətin təşkili üçün mükəmməl hərəkət tərkibi bazası, etibarlı enerji təminatı, siqnal və rabitə sistemləri, yol və tunel infrastrukturu zəruridir. Söhbət metropolitendən gedirsə, buraya yeraltı qurğu və avadanlıqların, bu avadanlıqlarla işləyən insanların, əlbəttə ki, həm də sərnişinlərin həyatı üçün zəruri olan havalandırmanı, tunelləri qrunt sularından qoruyan suvurma qurğularını da əlavə etməliyik. Bu da hələ hamısı deyil. Amma müasir dövrün texnoloji yeniliklərilə, korporativ idarəetmə mexanizmlərinin tətbiqi sayəsində elmi-texniki tərəqqinin tələbləri ilə ayaqlaşa bilən kadrlara ehtiyacı daha çox olan sahələr bunlardır. 
Son 8 ildə vaqon təmirinin maddi-texniki bazasının möhkəmləndirilməsi və sahələrin yenidən qurulması, material və avadanlıq təchizatı, vaqon təmirçilərinin əmək və məişət şəraitinin yaxşılaşdırılmasının nəticələri təmirin keyfiyyətində əsaslı şəkildə əksini tapdı. Nəticədə, xətdən çıxarılaraq depoya göndərilən qatarların sayı əsaslı şəkildə azaldı.
Bunlara necə nail olundu? Gəlin yeniliklər və dəyişikliklərin, sadəcə, bir qisminə nəzər salaq.

Yeni texnoloji tələblər səviyyəsində lokomotiv təsərrüfatı

Tarixi əhəmiyyət kəsb edən inqilabi hadisə vaqonların yerli şəraitdə əsaslı təmir olunmasıdır. Bu, Bakı metropoliteni tarixində inqilabi hadisə idi. Bu vaxta qədər vaqonlar ölkə xaricində, Moskva, Sankt-Peterburq, Xarkov metropolitenlərində, Tbilisi elektrik qatarlarının təmiri zavodunda əsaslı təmir olunurdu. 2017-ci ildən Bakı metrosu vaqonların ən böyük təmir həcminin yerinə yetirilməsi üçün, özünün mükəmməl təsərrüfat sahəsinə malikdir. Vaqonlar nəinki müvafiq texniki tələblərin şərtlərinə uyğun təmir olunur, həmçinin ən yeni avadanlıqlar və qurğularla təmin edilir, modernləşdirilməklə zahiri görkəmləri müasirləşdirilir.
Vaqon parkının etibarlığı onun yenilənməsindən xeyli asılıdır. Son 8 ildə parka əlavə edilən "Transmaşholdinq” SC-nə daxil olan "Metrovaqonmaş” müəssisəsində istehsal olunmuş  95 yeni vaqon texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Vaqon parkının yenilənməsi "Metrovaqonmaş”la 2019-cu ildə bağlanan müqaviləyə görə, 2022-ci ildə də davam etdiriləcək. 
Bu vaqonlara texniki xidmət və onların təmiri məsələsinə gəldikdə, qeyd etməliyik ki, əgər ilk vaxtlar yeni vaqonların dövri təmiri istehsalçı şirkətin nümayəndələri tərəfindən yerinə yetirilirdisə, indi mürəkkəb proses olan qaldırma təmiri xüsusi hazırlıq keçmiş yerli mütəxəssislər tərəfindən aparılır. 
Metropolitendə istehsal proseslərinin avtomatlaşdırılması və elektron texnologiyaları artıq lokomotiv təsərrüfatının idarə olunması, vaqon təmirinin təşkili, təmirin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsinə da qədəm qoyub. “Nərimanov” elektrik deposunda vaqonların təmirinin monitorinqi sisteminin tətbiqinə başlanılıb. Bu proqram vasitəsilə vaqonlar barədə məlumatlarları toplamaq, bütün mühüm texniki əməliyyatları izləmək mümkün olacaq. Bu da qatarlarda nasazlıqların, xroniki problemlərin hesabatını aparmağa və onların daha optimal şəkildə aradan qaldırılmasına imkan verəcək.
Vaqonların dartı mühərriklərinin təmirindəki yeniliklər Bakı metropoliteni tarixi üçün əsl inqilabi dəyişiklikdir. Vahid mərkəz və unikal avadanlıqlarla təchiz edilmiş iki sexdə bu gün bütün növ elektrik mühərriklərinin təmiri ən optimal şəkildə qurulub. Qısa müddət nəticəsində sahənin tamamilə yeni əsaslarla və vahid mərkəzdə qurulmasının nə qədər faydalı olduğunu əyani görmək olar: 500-ə yaxın vaqon dartı mühərrikinin 85 faizi təmir olunmuş və  cəmi 15 faizə yaxını yararsız hesab edilib. Vaqonların elektrik mühərrikləri ilə birgə 200-dən artıq hava kompressorunun 90 faizə, 100-dən artıq PL tipli elektrik mühərrikinin hamısı, 100-ə yaxın asinxron mühərrikin 75 faizə yaxını istismara qaytarılıb. Daxil olmuş 500-dən artıq elektrik alətinin (drel, perforator, laqonda, qaynaq aparatı və s.) 50 faizdən çoxu təmir olunaraq sahələrə təhvil verilib. Bu isə səmərə və qənaətə açılan yol, texnologiyalarda yeni üfüqlərdir.

Yollarda yeniliklərin tətbiqi genişləndirilir

Yol təsərrüfatında yolun üst quruluşu elementlərinin müasir texnologiyalara müvafiq ballastsız əsaslar üzərində qurulması, park yollarında ağac şpalların dəmir-beton şpallarla əvəzlənməsi, stansiya yollarında və ilk dəfə olaraq istismar olunan tunel şəraitində - “Cəfər Cabbarlı-Xətai” mənzilinin bir hissəsində metronun öz istehsalat sahəsinin məhsulu olan dəmir-beton konstruksiyalardan istifadə olunması qeyd olunmalıdır. Elə son ilin nəticələrinə nəzər salsaq, görərik ki, dəmir-beton konstruksiyalar “Elmlər Akademiyası” stansiyasının hər iki yolunda, “Xətai”, “Cəfər Cabbarlı” stansiyalarının yollarında quraşdırılıb. "Bakmil"-Portal mənzilində, deponun park və dalan yollarında yararsız ağac şpallar dəmir-beton şpallarla əvəz edilib. Hesabat dövründə dəmir-beton konstruksiyalar şpal və yarımşpallarla yanaşı yoldəyişdiricilərin ağac tirlərini əvəz edib. Hazırda dəmir-beton blokların qatarların hərəkəti şəraitində qoyulması imkanları xüsusi öyrənilir və tətbiqi üçün bütün imkanlar araşdırılır.
 
Qurğu və sistemlər əsaslı dəyişikliklər dövründə 

Metro infrastrukturunun əsas hissəsi yer altında, tunellərdə yerləşir və aqressiv hidrogeoloji mühitin, qrunt sularının dağıdıcı təsirindən etibarlı şəkildə qorunmalıdır. Bunun üçün, ilk növbədə, mühitin kimyəvi, həmçinin qatarların dartı cərəyanından yaranan elektrik korroziyasının tunellərə mənfi təsiri gündəlik iş rejimi şəraitində aradan qaldırılır, axıntılar ləğv edilir, yeraltı sular tunellərdən kənarlaşdırılır, orada təbii və məcburi hava axını yaradılır. Xüsusən korroziya əleyhinə mübarizə prosesində metropolitenin mütəxəssisləri dünya təcrübəsində sınaqdan çıxan müasir boyalardan isifadə edirlər.
Metropolitenin uzun illərdir araşdırılan bir məsələdə də uğurları xüsusi qeyd olunmalıdır. 2020-ci ildən yeraltı qrunt sularından şəhərin yaşıllıqlarının suvarılmasında və digər texniki məqsədlər üçün istifadə olunur. Bu isə artıq metropolitenin daha bir sahədə - hər kəs üçün vacib olan sudan səmərəli istifadəyə nail olunması baxımından paytaxta daha bir töhfəsi hesab oluna bilər.
Son 8 ildə metronun enerji təminatının möhkəmləndirilməsi, fövqəladə hallarda yeraltı yolların alternativ enerji mənbələrindən qidalanması sahəsində əsaslı işlər görülüb. Depo ərazisində 2 yarımstansiya yeni bina ilə təmin olunmaqla müasir standartlar səviyyəsində qurulub. Eyni işlər “İçərişəhər”, Sahil”, “Gənclik”, “Elmlər Akademiyası” stansiyalarının elektrik təminatı bazalarında, digər dartı və alçaldıcı elektrik yarımstansiyalarında, 2021-ci ildə isə qatarların hərəkəti üçün mühüm əhəmiyyət kəsb edən dartı yarımstansiyasından birində də aparılıb. 
Bu gün Bakı metropoliteni alternativ mənbələrdən təmin edilən 21 dizel generator sayəsində elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranacağı təqdirdə belə xətlərinin funksional fəaliyyətini, hətta qatarların da minimal tələblər səviyyəsində hərəkətini təmin edəcək. Sadəcə, belə hallarda, metropoliten bir iş rejimindən digərinə keçəcəyi üçün öncə, sərnişinlər metropolitendən çıxarılmaqla, xətlər yoxlanılacaq və daha sonra yenidən sərnişinlərini qəbul etməyə başlayacaq.
Metropolitendə hərəkətin təşkili və idarə olunmasında müasir CBTC və SCADA proqram-alət kompleksinin, eləcə də rəqəmsal mobil rabitənin qlobal standartlı texnologiyalarına (GSM) əsaslanan TETRA sisteminin tətbiqi qatarların hərəkətinin idarəsi və stansiyaların işinin avtomatlaşdırılması sahəsində mühüm addımdır və QSC-nin fəaliyyətində hesabat dövrünün ən qlobal layihəsi sayılır. Hazırda proqram çərçivəsində Bənövşəyi xətdə və “Nərimanov” elektrik deposunda sistemin “ox sayğacı” bazasında tətbiqi üzrə əsaslı addımlar atılıb. Buradakı yeni mərkəzləşmə məntəqə binası və onun təchizatı vizual və elektron sistemlərin tətbiqi unikal bir layihə kimi idarəetmənin optimallaşdırılmasına ən bariz nümunədir.
Yarım əsrdən artıq bir istismar dövrü yaşayan Bakı metropoliteninin havalandırılması, stansiyalarda iqlim şəraitinin normallaşdırılması üzrə işlərin səmərəsi son 8 ildə daha yüksək vüsət alıb. Sistemin özündə təkmilləşdirici tədbirlər görülüb, iş rejimi daha da optimallaşıb, istismar müddətinə görə faydalı iş əmsalını itirmiş qurğular yenilənib. Elə son iki ildə 17 belə ventilyator yenisi ilə əvəzlənib. Bu il daha 6 ventilyatorun alınması nəzərdə tutulub. Stansiya və tunellərdə normal iqlim şəraiti yaratmaqla sərnişinlərin rahatlığını təmin edən, metro infrastrukturunu, tuneli və tunel avadanlığını havanın kondensasiyasından qoruyan havalandırma sistemində 2021-ci ildə böyük işlər görülüb.
Vacib yeniliklərdən biri kimi ventilyatorlarla yanaşı, təbii havalandırma imkanlarına əsaslı təsir edən və müasir idarəetmə sistemləri ilə təchiz olunmuş dempfer sistemlərinin quraşdırılmasına da başlanılıb. Nəticə etibarı ilə, ventilyatorların yenilənərək, dempferlərin quraşdırıldığı stansiyalarda havanın hərarətinin 3-4 dərəcə aşağı salınmasına nail olunub və tədbirlər davam etdirilir.
Stansiyalarda sərnişin axınının təşkilində əhəmiyyətli rolu olan eskalatorlаrın demək olar ki, 80 faizdən çoxu artıq yenilənib. Sovet dönəmi eskalatorları Almaniyanın “Thyssen Krupp” şirkətinin müasir nümunələri ilə əvəz edilib. 

Yeni xətt və yeniləşən stansiyalar

Bakı metrosunun səhmdar cəmiyyəti kimi səkkiz illik fəaliyyəti dövründə ilk növbədə, yeraltı xətlərin inkişafı üzrə dövlət proqramının reallaşdırılması üçün qəti addımlar atılmalı idi. Dövlət nəzarəti altında bazar iqtisadiyyatının sosial mahiyyətinin qorunması şəraitində metronun inkişafı ilə bağlı bütün məsələlər kompleks şəkildə idarə olunmalı, dünya təcrübəsinin ən faydalı nümunələri tətbiq edilməli idi. Dövlət proqramı yeni xətlərin tikintisi ilə yanaşı istismar sahələrinin təkmilləşdirilməsini, hərəkətin təşkilində yeni texnologiyaların tətbiqini, müasir idarəetmə sistemlərindən istifadəni də nəzərdə tutur. Bu xüsusda qeyd olunmalıdır ki,  daha böyük əhəmiyyətə malik tək çıxışı olan dərin özüllü stansiyalarda ikinci çıxışların yaradılması mühüm əhəmiyyət daşıyır. Belə stansiyalarda sərnişin axınını nizamlamaq, idarə etmək böyük çətinliklər yaradırdı. 2009-cu ildə ölkə başçısının iştirakı ilə "28 May” stansiyasının ikinci çıxışı açıldıqdan sonra, "Elmlər Akademiyası” stansiyasında bu işin sürəti artırıldı və 2015-ci ilin dekabrında çıxış istifadəyə verildi. Eyni zamanda bir neçə stansiyanın vestibüllərində, piyada keçidlərində təmir və yenidənqurma işləri aparıldı, “Nizami” stansiyasının orta zalı və hər iki yolu, “Xətai” stansiyası tam təmir olundu. “Xətai-Cəfər Cabbarlı” mənzilində istismara yararsız tübinqlər bərpa edildi. “Cəfər Cabbarlı” stansiyasının 2-ci yolu yeniləndi, 1-ci yolda isə işlər davam edir.
2016-cı il aprelin 19-da Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxeminə uyğun olaraq “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının istismara verilməsi də tarixi hadisə oldu. Həmin gün Bakı metrosunun müstəqillik illərinin ilk xətti işə başladı. Bənövşəyi xəttin 3-cü stansiyası Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə “8 Noyabr” adlandırıldı. Hər daşı Vətən müharibəsində qazandığımız böyük zəfərin qürurunu yaşadan stansiya mayın 29-da istifadəyə verildi.
Hazırda Bənövşəyi xəttin Xocasən qəsəbəsində yerləşəcək deposunda və eyni adlı stansiyada, həmçinin şərti adı “B-04” olan stansiyada (Heydər Əliyev adına İdman- Konsert Kompleksinin arxa hissəsində) tikinti işləri davam edir.

Sosial həyatımızın bir parçası

Bakı metropoliteni tarixinin son 8 ilinin fərqləndirici başqa bir əlaməti sosial layihələrə xüsusi diqqətin ayrılması, bu istiqamətdə işlərin müntəzəm və ardıcıl, həm də məqsədyönlü aparılmasıdır. Talassemiya xəstələrinə yardım məqsədilə keçirilən qanvermə aksiyaları, tütün, narkomaniya əleyhinə mübarizə kompaniyaları, Musiqi, Bilik günləri, Yeni il və Novruz bayramları münasibətilə stansiyalarda keçirilən tədbirlər artıq ənənə halını alıb. Əlil arabası istifadəçiləri üçün 2019-cu ilin martından tətbiq olunan layihə sosial mahiyətinin dərinliyi ilə fərqlənir. Bu layihə hərəkət imkanları məhdud olan insanların metro sərnişini olmaq istəyini reallaşdırıb. Metro stansiyalarının keçidlərində Azərbaycan və dünya mədəniyyətinin inciləri mütəmadi olaraq sərgilənir. Mövzu rəngarəngliyi ilə fərqlənən bu sərgilərin sonuncusu Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə şanlı Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azad edilməsinə həsr olunub. 
    Son səkkiz ildə metroda həyata keçirilən bütün bu tədbirlərin bir ünvanı var - sərnişin, onun rahatlığı, təhlükəsizliyi ona göstərdiyimiz xidmətin mədəni səviyyəsinin yüksəldilməsi. Həyat göstərir ki, hədəf düz seçilib və ildən-ilə Bakı metrosu yeni dövrün tələblərinə daha çox uyğunlaşır və inkişaf edir.