14 Fevral 2017

Yeni təsərrüfat qatarları gecə işlərində dönüş yaradıb

Bu yeniləşmə işin səmərəsini, sürətini və təhlükəsizliyini artırıb

Bu yaxınlarda metropolitendə daha iki yeni təsərrüfat qatarı istismara verilib. Rusiyanın “Kambarsk Maşınqayırma Zavodu Ticarət Evi” MMC-nin istehsalı olan dartı modullu “MTK-3-004” motovozu 185 at gücünə, “MT-1-005K” tipli turbodizelli təsərrüfat qatarı isə 270 at gücünə malikdir. Dəmiryol nəqliyyatı üçün müəyyən olunmuş yüksək Avropa standartlarına uyğun gələn motovozlar ekoloji cəhətdən təmiz olması, tunellərə, işçilərin səhhətinə təsirin ən aşağı həddə salınması, səs-küyün azalması, yanğın əleyhinə və təhlükəsizlik sistemləri baxımından seçilir. Onların mühərrikləri dizel yanacağı ilə çalışsa da, quraşdırılmış xüsusi katalizatorlar sayəsində ətraf mühitə ayrılan çirkli havanın vurulmasına imkan vermir.
Ümumiyyətlə, “Bakı Metropoliteni” QSC fəaliyyətə başladıqdan sonra bu məsələlərə xüsusi diqqətlə yanaşılır. Çünki metropolitenin sərnişinlərə təhlükəsiz və mədəni xidməti, səmərəli fəaliyyəti, əsasən, gecə növbəsində, cəmi 3 saat ərzində yerinə yetirilən işlərdən çox asılıdır. Hər həftə müxtəlif xidmətlərin sifarişinə uyğun olaraq, xəttə 75-85 təsərrüfat qatarı çıxır. İşçiləri, maşın və mexanizmləri, avadanlıqları tunellərə daşıyaraq müxtəlif işlərin yerinə yetirilməsində əvəzsiz rolu olan bu nəqliyyat vasitələri daim saz vəziyyətdə olmalıdır.
Qeyd edilən iki motovozdan savayı, 2014-cü ildən bu günədək daha iki yeni motovoz alınıb. Həmin ilin sentyabrında Rusiyanın Tixoretsk Maşınqayırma Zavodunun “TM 270k” tipli yeni nəsil motovozunun sınaqdan çıxmış ilk nümunəsi Bakı metropoliteninə gətirilib. 2015-ci ildə isə Kambarskdakı zavoddan alınmış “MTK-1-038” markalı dartı modullu motovoz alınıb. Bu təsərrüfat qatarları yuxarıda qeyd edilən ekoloji tələblərlə yanaşı, müasir texniki standartlara da tam cavab verir.
Bu maşınların əsas ortaq üstünlükləri yüksək güc qabiliyyətidir. Buna qədər metropolitenin ən mürəkkəb sahələrinə xüsusi ağırlıqlı və uzunluğu olan mal-materialın daşınmasında iki və üç təsərrüfat qatarından istifadə olunurdusa, bu motovozlar həmin işi təkbaşına yerinə yetirirlər. Bu, ehtiyatda qalan digər təsərrüfat qatarlarını müvafiq işlərə yönəltməyə və effektivliyə nail olmağa imkan verib.
Qeyd edilən təsərrüfat qatarlarında manipulyator və uzanan çoxqollu hidroqaldırıcı kranlar tunellərdə ən çevik işlərin icrasına imkan verir, ağır avadanlıqların daşınıb yerləşdirilməsi baxımından işçi qüvvəsinə böyük dəstəkdir. MTK tipli təsərrüfat qatarlarında 380 V gərginliyi verə bilən 50 kVt-luq generatorlar xüsusi işlərin yerinə yetirilməsində əvəzsiz vasitədir.
Radiorabitə şəbəkəsi, işıqdiodlu işıqlanma, hərəkətin parametrləri üzrə registratoru, ehtiyat mühərriki motovozlarda tətbiq olunan texnoloji yeniliklərdir. Bu mənada idarəetmənin kompüterləşdirilməsi daha vacibdir. Bu, təsərrüfat qatarının idarə olunması ilə yanaşı, mümkün problemlərin vaxtında aşkar olunması baxımından əhəmiyyətlidir. Müşahidə kameraları isə motovozun görünməyən müxtəlif tərəflərini, xüsusən platformalar qoşulduqda arxa sahənin görüntüsünü ekrana ötürməklə təhlükəsizliyə riayət olunmasında əvəzsizdir.
Yeni gətirilmiş motovozlarda mühərrikin maşinist kabinasından kənarda olması ona qulluğa və təmirinə əsaslı surətdə yeni baxışdır. Bununla həm mühərrikin səs-küyünün maşinist salonuna daxil olmasının qarşısı alınır, həm də daha rahat müşahidə aparmağa, diqqətli olmağa, siqnalları daha asan müəyyən etməyə şərait yaradılır.
Bu yaxınlarda metropolitenə ilk dəfə təkər cütlərinin diametri 720 mm olan 10 yeni arabacıq gətirilib. Kambarskda istehsal olunmuş bu arabacıqların və təsərrüfat qatarlarının təkər cütləri arasındakı fərqin aradan qaldırılması təkcə həm onlara qulluğu asanlaşdırır, həm də xüsusi təyinatlı işlərin yerinə yetirilməsində, ələlxüsus uzun ölçülü pletlərin daşınmasına əlverişli şərait yaradıb. Bununla yüksək təhlükəsizlik, döngələrdə, əyrilərdə geniş diapazonda manevrli iş qabiliyyəti təmin edilib. Yeni ölçülər həm də arabacığın götürdüyü yükün artıq hər təkərin üzərinə düşən yük əsasında riyazi hesablama ilə aparılmasına, təhlükəsizliyin və səmərənin yeni meyarlarının tətbiq edilməsinə imkan verib.
Daha bir yenilik yanacaqdoldurma məntəqəsi ilə bağlıdır. "Nərimanov" elektrik deposunda, əsasən, motorels distansiyasının ehtiyaclarını ödəyən hərəsi 15 ton həcmə malik və davamlı materiallardan hazırlanmış iki yanacaq çəni quraşdırılıb. Xüsusi kart vasitəsilə avtomatik yanacaqdoldurmadan savayı, yanacağın miqdarı və dövriyyəsi də arxivləşdirilir. Bununla yanacaqla təchizata insan müdaxiləsi tam aradan qaldırılıb və proses şəffaf idarə olunur. Avtomatlaşdırma sayəsində proqram təminatının yenilənməsinə ehtiyac yaranarsa, təchizatçı şirkət prosesə məsafədən müdaxilə edə bilər.
Yaxın gələcəkdə isə iş şəraitinin, dispetçer məntəqəsi, avtomobil qarajının və sanitar şəraitinin ən yüksək tələblər səviyyəsinə çatdırılması ilə bağlı layihənin həyata keçirilməsi nəzərdə tutulub.





Bütün xəbərlər