30 Avqust 2017

Sankt-Peterburq şəhərinə işgüzar səfər səmərəli keçib

Müasir texnologiyaların tətbiqi və təlim-tədris prosesinin təşkilində əməkdaşlıq müzakirə olunub

«Bakı Metropoliteni» QSC-nin əməkdaşları Rusiyanın Sankt-Peterburq şəhərində ezamiyyətdə olublar. Səfərin məqsədi metropolitendə tətbiq edilən avtomatika və telemexanika avadanlıqları, müasir sistemləri, həmçinin əldə olunmuş nailiyyətlərlə bağlı təcrübə və fikir mübadiləsi aparmaq olub.
Metropolitenin nümayəndə heyəti əvvəlcə Sankt-Peterburq metropolitenində olublar. Burada tətbiq edilən yeniliklər və perspektivdə nəzərdə tutulan texnologiyalarla bağlı geniş fikir mübadiləsi aparılıb. Qatar dispetçer mərkəzləşmə məntəqələri, əsas idarəetmə mexanizmlərinin yerləşdiyi rele otaqları ilə tanışlıqdan sonra metropolitençilər Sankt-Peterburq metropoliteninin muzeyi ilə tanış olaraq hədiyyələrini təqdim ediblər. Yeni texnologiyaların tətbiqi ilə bağlı müzakirələr istismara verilmiş sonuncu stansiyanın rele otağında, mikroprosessor sistemi və mərkəzləşmə avadanlıqları ətrafında davam etdirilib. Metropolitenin müasir sistemlərin tətbiq edildiyi “Avtovo” deposunda işarəvermə nəzarət ölçü sahəsi ilə tanışlıq da səmərəli olub. Metropolitençilər burada tətbiq edilən yeni avadanlıqlar və onların iş prinsipləri ilə yaxından tanış olublar.
Səfər çərçivəsində metropolitençilər Sankt-Peterburq Dövlət Dəmir Yolları Universitetinin müəllim və professor heyəti ilə də görüş keçirib. Metropolitendə təlim-tədris prosesinin təşkili barədə məlumat verən «Bakı Metropoliteni»QSC-nin əməkdaşları qarşılıqlı əlaqələr, metropolitençi mütəxəssislərin Sankt-Peterburqda ixtisasartırma kurslarına cəlb olunması barədə müzakirə aparıblar.
Nümayəndə heyəti Sankt-Peterburqda Rusiya metropolitenləri və dəmiryolları üçün işarəvermə avadanlıqlarının istehsalı ilə ixtisaslaşmış “Radio avionik” şirkətində də olublar. Şirkətin istehsal etdiyi işarəvermə sahəsi üzrə qida panelləri, yol ölçən cihazlar və avadanlıqları ilə yanaşı digər elmi-texniki nailiyyətlər nümayiş etdirilib, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.





Bütün xəbərlər