12 Sentyabr 2017

Hərbi xidmətini metro tikintisində keçirən veteran

Hümmət Məmmədov: “Yayın qızmarında yerin altında 10 dərəcə şaxta var idi”

Bakının alt qatında artıq yarım əsrdir yaşayan bir dünya var. Öz küçələri, möhtəşəm sarayları, enişli-yoxuşlu, əyrili və ox kimi düz yolları ilə. Bura şəhər altında bir şəhərdir. İnsanlar bu şəhəri onlara ayrılmış vaxta qənaət etmək üçün yaradıblar. Gediş-gəlişə sərf etdikləri vaxtdan kəsib, həyatlarını gözəlləşdirəcək başqa işlərə calamaq üçün lazım idi insanlara bu məkan. Onun dəyərini, əhəmiyyətini, qiymətini indi biz gündən günə daha dərindən hiss edir, Bakının həyatını bu dünyasız təsəvvür edə bilmirik.
Ümumiyyətlə, metro, onun tikintisi ilə bağlı elə məsələlər var ki, onlar insan təsəvvürünün hüdüdları çərçivəsinə sığışmayır. Onları sözlə izah etmək, foto-video görüntüləri ilə təsvirini vermək mümkünsüzdür.

Hummat_kishi

Metropolitenlərin tikintisi, əsasən, yerin altında aparılır və təhlükə səviyyəsi yüksək olan işlər kateqoriyasına aid edilir. Bakı metrosunun tikintisinin, mütəxəssislərin qeyd etdiyi kimi, bu baxımdan dünyada analoqu yoxdur. Bu gün ən müasir tunelqazma avadanlıqları dövründə metro tikintisi yenə də əvvəlki kimi insan fəaliyyətinin çətin mürəkkəb sahələrindən biri olaraq qalır. İndi belə müasir avadanlıqlarla işləyən inşaatçılar nəsli öz sələflərinin nələrdən keçdiklərini bütün varlıqları ilə hiss edə bilərlər. Nə yaxşı ki, o günlər barədə həmin nəslin nümayəndələrinin özlərinin dilindən eşitmək imkanımız hələ qalıb. Onlardan biri də ömrünün 90-cı ilinə yaxınlaşan Hümmət Məmmədovdur.

Ötən əsrin 40-cı illərinin sonunda hərbi xidmətə çağrılan gənclərdən bir qismini Bakı metropolitenin tikintisinə göndərir, onların tikintidəki işini hərbi xidmət müddətinə aid edirdilər.

1948-ci ildə 20 yaşlı Hümmət Məmmədov çağırışla hərbi komissarlığa gələndə, ona «səni Bakıya, metro tikintisinə göndəririk» dedilər. O vaxt artıq iki övlad atası olan çağırşçını komissarlığın bu qərarı razı saldı.
Şəkinin Çayqaraqoyunlu kəndindən olan kolxozçu Hümmət Məmmədov dəniz kimi dalğalanan qızıl sünbüllü zəmilərdən beləcə ayrılaraq, taleyin hökmünə baş əyib, Bakıya gəldi. O vaxtlar Bakı metrosunun tikintisi yenicə başlamışdı. Tikintidə, əsasən, gəlmə mütəxəssislər çalışırdı. İşçi qüvvəsinə böyük ehtiyac vardı. Hümməti tunel qazmaçıları hazırlayan 11 nömrəli fabrik-zavod məktəbinə göndərdilər. Hazırlıq üçün ayrılmış vaxt çox məhdud olduğundan məktəb otaqlarındakı nəzəri dərslər tikinti meydançalarında keçirilən praktiki təcrübə məşğələlərinə uyğunlaşdırılmışdı ki, dərs gününün ikinci yarısı qazmaçılar arasında keçirdi.

Məktəbi bitirdikdən sonra, onu indiki «İçərişəhər» stansiyasına yaxın ərazidə yerləşən şaxtanın şaquli lüləsinin qazıntısına göndərdilər. Hümmətə, V.Muromski kimi, öz işinin vurğunu peşəkar qazmaçı ilə birlikdə işləmək nəsib oldu. Moskvalı briqadir öz təcrübəsini böyük həvəslə, səbr və təmkinlə gənclərlə bölüşürdü. Onlara yeraltı qatların hənirini duymağı, nəfəsini dinləmək bacarığını aşılayırdı, qazmaçılıq peşəsinin sirlərini, üzlük həlqələrinin quraşdırılması üsulunu öyrədirdi. 

Hummat_Mammadov1

Bir qədər sonra Hümmət başqa bir briqadirin sərəncamına verildi. G.Şarapov da Moskvadan gəlmişdi; çox gözəl və səmimi insan idi. Hümmət Məmmədov onun rəhbərliyi ilə «Xətai» stansiyasına doğru tunelin qazıntısında iştirak edirdi. 1952-ci ildə isə Hümmətin özünü briqadir təyin etdilər. Bu, çox böyük, hər bir qazmaçıya şərəf gətirən bir etimad idi. Axı o vaxta qədər yerli mütəxəssislərdən ancaq 2 nəfər - Ağa Mirzəyev və İllahəddin Cavadov briqadirliyə layiq bilinmişdi. Hümmətin rəhbərliyinin ilk ayında briqada növbə ərzində plandan əlavə metr yarım məsafə dəf etdi. Buna görə qazmaçılar mükafatlandırıldılar, briqada başqa sahələrdən olan həmkarlarından təbriklər aldı.

Hummat_Mammadov2 Nailiyyətləri əldə etmək nə qədər çətindirsə, onları qorumaq, artırmaq bir o qədər çətindir. Sübut etmək lazım idi ki, rekord göstərici təsadüfən yaranmayıb. 1957-i ildə Hümmət Məmmədovun brqadası aylıq qazma planını 2 dəfədən də çox yerinə yetirdi. Bu isə əsl fədakarlıq, yeraltı suxurların inadkarlığına qarşı dözüm, qətiyyət və Hümmət Məmmədovun bu günə kimi xarakterində yaşayan prinsipiallıq tələb edirdi. Onun briqadasında dəmir intizam hökm sürürdü. 

Qazmaçılar onun xasiyyətini yaxşı bilirdilər. Sözünün üstündən söz deməz, verdiyi tapşırığı həvəssiz, başdansovdu yerinə yetirməzdilər. Briqadanın qazmaçıları Qoca Bəkirov, Yavər Abbasov, Qulam Qaflanov, Əfqan Hüseynov, Soltan Kərimov, Eybalı Eybalıyev belə əmək şəraitində yetişmiş, mətinləşmişdilər. Onların əməyi dəfələrlə rəhbərlik tərəfindən Fəxri fərman və pul mükafatları ilə dəyərləndirilmişdi. 1964-cü ildə briqadaya kommunist əməyi briqadası adı verildi.

Hümmət Məmmədov hər şeyi bu gün də tam aydınlığı ilə təsvir edir, sanki söhbət dünən baş vermiş hadisələrdən gedir:

- Briqadamız müxtəlif sahələrdə çalışıb. «28 May» stansiyasından «Xətai» stansiyasına doğru tunelin qazılmasında, bu stansiyanın dönmə kamerasının tikintisində, Vağzal meydanı ilə Respublika stadionunu və indiki «Sahil» bağını birləşdirən, «Nərimanov» stansiyasından depoya uzanan tunellərin tikintisində iştirak edib.

Xəyalən həmin dövrlərə qayıdarkən, Hümmət dayı daha çox «Xətai» stansiyasındakı işləri yada salır:

Hummat_Mammadov3

- Həmin sahədə qum qarışıqlı horra axını ilə rastlaşdıq. Dağ-mədən mühəndislərinin hesablamalarına görə, qazmanın belə şəraitdə davam etdirilməsi çox baha başa gələcək və xeyli vaxt aparacaqdı. Belə qərara gəldilər ki, tunelin istiqamətini dəyişmək daha sərfəli olar. Yeni tunelin qazıntısında bizim briqada da iştirak edirdi. Stansiyanın maili gedişinin tikintisi zamanı sulu torpaq qatı qazma divarını dağıtdı. Təbii fəlakətin qarşısını dondurma yolu ilə almaq mümkün oldu. Yayın qızmarında, istidən ilan mələyən vaxtı yerin altında 10 dərəcə şaxta var idi. Qazma sahəsinə düşmək üçün isti geyinmək lazım idi.
Hümmət Məmmədovun ayaqlarının ağrısı da elə həmin günlərdən başladı. Bu gün də yeganə şikayəti ayaq ağrılarıdır. Qollarında isə yaşına uyğun olmayan qüvvət var. Nəvəsi Natiq deyir ki, gücləri çatmayan işi babası asanlıqla yerinə yetirir: «Bəzən evdə heç kəsin aça bilmədiyi şüşə qabların qapağını o açır»

Hummat_Mammadov4 Yeraltı suxurların müqavimətinə qarşı mübarizə Hümmət Məmmədovun qolları kimi, xarakterini də möhkəmləndirdi. Onun briqadası heç vaxt çətinliklər qarşısında geri çəkilməyib. Çünki Hümmət Məmmədov ən məsuliyyətli anlarda, qətiyyət tələb olunan məqamlarda düzgün qərar qəbul etməyi, insanları arxasınca aparmağı bacarıb, onlara çətinliklər qarşısında mətin olmağı aşılayıb. Yeraltı yolların inşası sahəsində göstərdiyi fədakarlığa görə, Hümmət Məmmədov 1966-cı ildə Lenin ordeni ilə təltif edilib.

1971-ci ildə ona SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə ikinci Lenin ordeni, «Oraq və çəkic» qızıl medalı təqdim edilməklə metro inşaatçıları arasında ilk dəfə Sosialist Əməyi Qəhrəmanı adı verilib, Prezident təqaüdçüsüdür.

Ömrünün 30 ildən artıq bir hissəsini metro tikintisinə həsr etmiş insanların bu gün də xatırlanması, yaddaşlarda saxlanması onu çox mütəəssir etdi: «Nə gözəl ki, metronun 50 illik yubileyi ərəfəsində yada düşüb, yubiley münasibətilə keçiriləcək təntənəli mərasimə dəvət olunmuşam. Bu, təkcə mənim deyil, bütün veteran metro inşaatçılarının əməyinə verilən dəyərin, diqqətin nümunəsidir. Buna görə, başda Zaur Hüseynov olmaqla, bütün metropoliten rəhbərliyinə minnətdarlığımı bildirirəm».





Bütün xəbərlər