28 Noyabr 2017

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə tədbir keçirilib

Məqsəd milli-mənəvi dəyərlərimizlə bağlı maarifləndirmədir

Noyabrın 28-i “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə idarə aparatının akt zalında "Dini radikalizmin mahiyyəti və yaranma səbəbləri" mövzusunda tədbir keçirilib. Tədbirin məqsədi cəmiyyətimizdə milli, mənəvi dəyərlərimizin təbliği ilə maarifləndirmə işinin aparılması üzrə sosial yönümlü birgə layihənin həyata keçirilməsidir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, “Bakı Metropoliteni” QSC sədrinin müavini Hidayət Məmmədov, sədrin müşaviri Mehdi Məmmədov, insan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tərlan Dadaşov bildirib ki, tədbir 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı təşkil olunub. O qeyd edib ki, milli-mənəvi dəyərlərimizin təbliği baxımından cəmiyyətimizdə maarifləndirmə işinin aparılmasına böyük ehtiyac var. Bu xüsusda T.Dadaşov tədbir iştirakçılarını Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Şəhadət" sənədli filminə baxmağa dəvət edib.
Filmin nümayişindən sonra Hidayət Məmmədov çıxış edərək, son bir neçə ildə dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işinin aparıldığını bildirib. Bu baxımdan DQİDK-nın sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filminin nümayişinin gənclərin milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxış edib. Dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları barədə məlumat verən S. Heydərov qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işinin aparılmasından ibarətdir. Avropada islamofobiya hallarının genişləndiyini diqqətə çatdıran DQİDK sədrinin müavini bildirib ki, müsəlman ölkələrində gedən proseslər İslamı gözdən salmaq istəyən qüvvələrin məkrli siyasətinin nəticəsidir. Bütün bunlar isə İslam həmrəyliyini zəruri edən amillərdəndir. Dünyada qlobal təhlükəsizlik problemlərinin əsasını dini və etnik zəmindəki münaqişələrin təşkil etdiyini vurğulayan Səyavuş Heydərov Azərbaycanda dinlərarası və millətlərarası münaqişələrin baş vermədiyini bildirib. Eyni zamanda, qeyd edib ki, respublikamızda məzhəblər arasında vəhdət və həmrəylik mövcuddur. DQİDK sədrinin müavininin sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin respublikamızda "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edilməsi bütün dünyada, eləcə də müsəlman aləmində sülhə və birgəyaşayışa çağırışdır. O, Bakıda keçirilən mədəniyyətlərarası və humanitar forumların əhəmiyyətindən də danışıb, bunu ölkəmizin, xüsusilə dövlətimizin başçısının dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfənin təzahürü kimi qiymətləndirib.
Səyavuş Heydərov Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi haqqında da məlumat verərək bildirib ki, bu film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.





Bütün xəbərlər