04 Dekabr 2017

Fırtınalı illərin metro rəisi

Yarım əsrə bərabər əmək yolu

Bakı metrosunun rəisləri sırasında Cəfər müəllim 5-cidir – metronun 5-ci rəisi. Metronun ən böyük acılarını yaşamaq, ən çətin, ağır yükünün altına çiyin vermək onun bəxtinə düşdü. Ötən əsrin doxsanıncı illərinin siyasi və iqtisadi böhranı, müharibə, ölkədəki qeyri-sabitlik dövründə metropoliten kimi son dərəcə mürəkkəb, istismarı külli miqdarda vəsait tələb edən, strateji baxımdan böyük əhəmiyyətə malik, ölkə paytaxtının normal həyatının təmin olunmasında mühüm rol oynayan müəssisənin sükanı arxasında olmağı hər adama etibar etməzdilər.

Cefer_Yusifov Təsadüfi deyildir ki, Cəfər müəllimi 1993-cü ilin noyabrın 29-da metroya rəis deyil, rəis əvəzi təyin etdilər. Bəlkə sınaqdan çıxmaq, yoxlanmaq üçün belə edilmişdi. Sınaq müddəti isə nə az, nə çox,16 ay çəkdi. 1995-ci il martın 22-də Cəfər İsa oğlu Yusifov Bakı metropoliteninin rəisi kimi təsdiq edildi. 
Metro onu özünə gecə işləmək imkanı ilə cəlb etmişdi. Hərbi xidmətini yenicə başa vurmuş Cəfər neft texnikumunda təhsilini davam etdirməklə yanaşı, həm də işləmək istəyirdi.

1968-ci ilin dekabr ayında yol, tunel qurğuları və santexnika xidmətinə tunel fəhləsi kimi qəbul olundu. 1976-cı ildə tunel ustası, bir il sonra böyük tunel ustası vəzifəsində çalışdı. 1983-cü ildə tunel distansiyasının rəis müavini, 1984-cü ildə distansiya rəisi vəzifəsinə təyin edildi. 1988-ci ildə distansiya xidmət kimi formalaşandan sonra, xidmətə rəhbərlik ona həvalə edildi. 1993-cü ildə metropoliten rəisi Vahid Nadirli Azərbaycan Dəmiryolu İdarəsinə rəis təyin edildikdən sonra, yeraltı yolların sükanı arxasına keçməyə bir neçə namizəd arasından Cəfər Yusifov münasib bilindi. Yuxarıda qeyd etdiyimiz kimi, 16 aylıq sınaq müddəti ilə. 
Bu təyinatın digər bir maraqlı tərəfi də onda idi ki, o vaxta qədər dəmiryolu və metropolitenlərə rəis ancaq hərəkətçilər və ya lokomotiv təsərrüfatının nümayəndələri arasından təyin edilirdi. Tunel işçisinin metroya rəhbərlik etməsi o vaxta qədər görünməmiş bir hadisə idi. 
Həmin illər bütün post sovet məkanının müstəqillik almış respublikaları kimi, Azərbaycan da böhranlı günlərini yaşayırdı. İqtisadiyyat iflic vəziyyətdə, cəbhədən gələn xəbərlər sabitliyi pozur, əhali arasında gərginlik yaradırdı. İqtisadi böhranın təsiri metronun da işində əksini tapırdı.

Vaqon parkının əsas təminatçısı olan Moskva metropoliteni, eləcə də keçmiş ittifaqın digər müəssisələri ilə əlaqələr kəsilmişdi, lazımi ehtiyat hissələrinin ölkə daxilində istehsalı mümkünsüz idi. Yeraltı nəqliyyatın işini təmin edən avadanlıq və qurğular, ehtiyat hissələri demək olar ki, tükənmişdi. Vaqon parkının böyük bir hissəsi istismar müddətini başa vurmuş vaqonlardan ibarət idi. Eskalator təsərrüfatı, enerji təchizatı, ventilyasiya sistemi, suvurma qurğuları lazımi profilaktik təmir işləri aparılmadan funksionallığını saxlaya bilməzdi. Cefer_Yusifov_1

«Sahil» stansiyasındakı 3-cü eskalator artıq uzun müddət idi ki, sükunət halında idi. Baş valın boyuncuğu sıradan çıxdığı üçün val sökülüb, çıxarılmalı, təmir olunmalı idi. O vaxta qədər isə metroda belə bir təmir işi görülməmişdi və bunun üçün texniki şərait də yox idi. Metronun dayanmaq təhlükəsi gündən-günə artırdı.
Cəfər müəllim keçirdiyi ilk müşavirədə dedi: «Nəyin bahasına olursa, olsun biz metronu dayanmağa qoymayacağıq, metro işləməlidir, vəziyyətdən çıxış yolu tapmalıyıq». Bütün çətinliklərə baxmayaraq, Moskva, Xarkov metropolitenləri, Mıtişşi vaqonqayıranları ilə keçmiş əlaqələrin bərpasına nail olmaq lazım idi.
Çətinliklər təkcə bu deyildi, ölkənin iqtisadi və siyasi böhrana qərq etmək istəyən qüvvələr ən iyrənc əməllərə əl atır, ölkə paytaxtında terror aktları törətməkdən də çəkinmirdilər. 1994-cü ildə insan tələfatı ilə nəticələnən 2 terror aktı, 1995-ci ilin dəhşətli 28 oktyabr hadisəsi bir daha göstərdi ki, düşmən həmişə pusqudadır.

Cefer_Yusifov_3 1994-cü ilin həyəcanlı 4 oktyabr gecəsi çoxlarımızın yaddaşından silinməyib. O gecə müstəqilliyimizə, dövlətçiliyimizə qarşı qaldırılan qiyamın, dövlət çevrilişinə cəhdin qarşısını almaq üçün dövlət başçısı, ulu öndər Heydər Əliyev televiziya vasitəsilə müraciət edərək, xalqı öz ətrafında birləşməyə çağırdı. Gecə yarıya yaxınlaşmaqda idi, bir qədərdən sonra, metronun qapıları sərnişinlərin üzünə bağlanacaqdı.

Belə bir məqamda bu çağırışa hay verən vətən oğullarını prezidentin köməyinə necə çatdırmalı, prezident aparatına yönələn insan axınının sürətini necə artırmalı? Bəli, əlbəttə ki, metro ilə. Belə bir məqamda Cəfər Yusifov ancaq bu qərara gələ bilərdi: «Metro səhəri kimi işləməlidir!». 
Çox çəkmədən şəhərin ən uzaq rayonlarından insanlar dövlət başçısına dəstək vermək, müstəqilliyimizi nəyin bahasına olursa, olsun qorumaq üçün özlərini çağırış yerinə çatdırdılar. O gecə Bakı metrosu, tarixində ikinci dəfə, səhərə kimi işlədi. 
Prezident aparatı qarşısında böyük izdihamlı mitinq səhərə kimi davam etdi. Həmin anlarda Bakı limanında metropolitençilər 10 vaqonu Krasnovodska gedən gəmi-bərəyə yükləyirdilər. Xarkov metropoliteni bu vaqonların əsaslı təmirinə razılığını vermişdi. Çeçenistan müharibəsinə görə dəmir yolu bağlandığından vaqonlar Xarkova belə dolama yollarla göndərilirdi.
Cəfər Yusifov vaqonları yola saldıqdan sonra, ertəsi gün özü Moskvaya yollandı. Moskva metropolitenində ehtiyat hissələri məsələsini həll edib, «Metrovaqonmaş» zavodunun rəhbərliyi ilə görüşdü. Zavodun ümumi iclasında çıxış edən C.Yusifov dedi ki, Azərbaycan müstəqil, demokratik inkişaf yolu seçib. Amma bu, bizim Rusiya ilə iqtisadi əlaqələrimizin kəsilməsi demək deyil, əksinə, bu əlaqələr bundan sonra daha da inkişaf edəcək, möhkəmlənəcək. Biz keçmiş dostluq münasibətlərini unutmuruq.

Zavodun direktoru A.Qulko çıxışında bakılı həmkarlarına yardım etməyə hazır olduqlarını bildirərək, qeyd etdi ki, sizin prezidentiniz Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi illərdə zavodumuza gəlmişdi. İstehsal sahələrini gəzdi, köhnə sexlərə baxdı. O vaxt biz ildə108 vaqon istehsal edirdik. Sexləri gəzdikdən sonra Heydər Əliyev bizi bir yerə yığaraq dedi: Cefer_Yusifov_5

«Hazırda SSRİ-nin 7 şəhərində metro var. Bir neçə şəhərdə də layihə-axtarış işləri aparılır. Bundan əlavə biz Praqa, Budapeşt, Sofiya metropolitenləri üçün də vaqon tədarük etməliyik. Bu da zavodun istehsal gücünü 5 dəfə artırmağı tələb edir. O vaxt Heydər Əliyevin köməyi ilə biz istehsal sahələrini genişləndirdik. Yeni avadanlıqlar aldıq. Zavodda işlərin gedişinə şəxsən özü nəzarət edirdi.
Bütün bunları böyük qürur hissi ilə dinləyən Cəfər Yusifova müraciət edən A. Qulko söhbətinin sonunda Heydər Əliyevə böyük hörmət əlaməti olaraq: «Mən sizə 5 vaqon verəcəyəm», -dedi. 
Cəfər Yusifovun müəssisəyə rəhbərlik etdiyi illərdə ilk növbədə əvvəlki iqtisadi əlaqələrin bərpası istiqamətində çox böyük işlər görüldü. Moskva, Xarkov, Kiyev, Sankt-Peterburq metropolitençiləri, «Metrovaqonmaş» İstehsal Birliyi bakılı həmkarlarının səsinə səs verdilər. «Metrovaqonmaş» qaçış müddəti başa çatmış 20 vaqonu əsaslı şəkildə təmir etdi. Moskva metropolitençiləri «Nərimanov» deposunun xüsusi yük vaqonunu dəfələrlə ehtiyat hissələri ilə doldurub, haqqının ödənilməsini gözləmədən Bakıya yola salırdılar. Cəfər müəllimin rəhbərliyi altında vaqonların təmir bazası elə bir tərzdə möhkəmləndi ki, hətta əsaslı təmirə yaxın həcmdə təmir işlərinə başlanıldı. Bunun üçün «Nərimanov» deposunda 600 kv/m-lik istehsal sahəsi, uzun illər istifadəsiz qalan 20 tonluq dəzgah işə salınmaqla təkər cütlərinin formalaşdırılması üzrə sahə yaradıldı. Həmin sahədə il ərzində 50 vaqon əsaslı təmirə yaxın bir həcmdə təmir olunaraq, istifadəyə verildi. 
Cəfər Yusifov bütün iqtisadi çətinliklərə rəğmən metropoliten işçilərinin sosial problemlərinin həlli məsələlərinə də diqqət göstərirdi. Əhmədli qəsəbəsində metropolitenin vəsaiti hesabına tikintisi 1989-cu ildən başlayan yaşayış binasında işlər davam etdirildi, ikinci binanın bünövrəsi qoyulda. 1994-cü ildə 36 metropolitençi ailəsinə yeni istifadəyə verilmiş binada mənzil verildi. «Bilgəh» sanatoriyası və istirahət sahəsinin fəaliyyəti orada hər il aparılan təmir işləri sayəsində davam etdirildi. 
Gərgin əmək şəraiti, metroda törədilən terror aktlarının təsiri Cəfər müəllimin səhhətində öz əksini tapdı. 1996-cı ilin fevral ayında qəfil xəstəlik onu kollektivdən bir neçə aylığa ayırsa da, dözümü, iradi keyfiyyətləri xəstəliyin qarşısına sədd çəkdi. Bundan sonra C.Yusifov hələ iki il müəssisənin sükanını əlində möhkəm saxlaya bildi. Amma artıq əvvəlki kimi deyildi, xəstəlik onda əvvəlki enerjini qoymamışdı.

Cefer_Yusifov_6 1998-ci ilin iyulunda Cəfər müəllim yenidən tunel qurğuları xidmətinə, doğma kollektivinə qayıtdı. Həmin il yeni yaradılan əsaslı təmir xidmətinin işini təşkil etmək, kollektivdə mütəxəssis dəstəyini möhkəmləndirmək üçün C.Yusifov yeni xidmətə rəis müavini təyin edildi. Bu il oktyabrın 13-də onun 72 yaşı tamam oldu. Cəfər müəllim metropolitençi kimi 49 illik əmək fəaliyyətini artıq başa vurub.

O, bu illəri şərəflə, ləyaqətlə yaşayıb. Onun uzun müddətli və fədakar əməyi dövlət tərəfindən «Şöhrət» ordeni ilə qiymətləndirilib, «Fəxri dəmiryolçu» nişanına layiq görülüb. Ömrünün qalan hissəsini layiq olduğu istirahətdə keçirmək üçün insana cansağlığından artıq nə lazımdır ki?! Bütün metropolitençilər adından biz də Cəfər müəllimə bunu arzu edirik.





Bütün xəbərlər