05 Dekabr 2017

Metropolitenin qatar maşinistləri yeni iş sisteminə keçirilib

Postsovet məkanında ilk dəfə Bakıda bu sahədə islahatlar aparılır

Bakı metropolitenində hərəkətin təşkilində xüsusi əhəmiyyət kəsb edən lokomotiv parkının istismarı sahəsinin yenidən qurulmasına başlanılıb. Tətbiq edilən innovativ layihə sayəsində maşinistlərin işi tam yeni standartlara keçirilir, yeni idarəetmə mexanizmlərinə və digər yeniliklərə yol açılır.
Yeniliyin mahiyyətinə uyğun olaraq, layihənin ilk və ən əhəmiyyətli addımı kimi elektrik qatarları maşinistləri üçnövbəli iş rejiminə keçirilib. İlk baxışda, bu yeniləşmə iş qrafikinin adi dəyişikliyi təsirini bağışlasa da, illərlə formalaşmış və yeni istismar şəraitində özünü doğrultmayan mövcud sistemi əvəzləyərək təfəkkür dəyişikliyinə gətirib. Bu da öz növbəsində psixoloji sədləri aradan qaldıran, əmək məhsuldarlığını artıran əsas amildir. Yeni qayda ilə maşinistlərin bütün sosial tələbləri əvvəlki dövrdən daha uğurla həllini tapıb. Onların maraqları nəzərə alınaraq, evə və iş yerinə daşınması müəssisə tərəfindən tam təmin olunub, həm maşinistlər, həm də müəssisə üçün ən səmərəli qayda tətbiq edilib. Bu da vaxt itkisi, işçinin işdən evə, yenidən iş başına çatmaq qayğısını da tam aradan qaldırır.
Yeni və əvvəlki sistemlərin müqayisəli təhlili göstərir ki, bununla maşinistin iş və istirahət vaxtları qarışıq mürəkkəb sistemdən çıxarılıb. Buna qədər gərgin iş rejimindən sonra maşinist gecələmək üçün lokomotiv briqadalarının istirahət otağında qalır və səhər yenidən növbəyə çıxırdı. Təcrübə göstərir ki, «işlə-yat-işlə» prinsipi ilə mənəvi-fiziki yük və təzyiq altına düşən maşinistin cəmi 3 saat davam edən fərdi gecə istirahəti tam təmin olunmur. Maşinist gecəni istirahət otağında qalmaqla, vərdiş etdiyi ev şəraitindəki kimi deyil, digər həmkarları ilə yataqxana tipli otağı bölüşmək məcburiyyətində qalır. Hər bir insan kimi, onun da öz həyat prinsipləri, xarakter və xasiyyəti, ən əsası, qəlibləşmiş məişət və sosial vərdişləri var. Aparılan obyektiv araşdırmalar göstərib ki, bu və digər psixoloji faktorların təsiri ilə keyfiyyətli istirahət mümkün deyil.
Yeni iş rejimi maşinistə gecə və gündüz növbələri arasında əlavə istirahət vaxtı, ən əsası, ev şəraitində dincəlməyi qazandırmaqla, onun işə münasibətini də dəyişir. O, həmçinin təmir prosesi ilə tanış olmaq, qatarların idarəetmə trenajorunda praktik məşğələləri daha keyfiyyətlə keçməyə fürsət əldə edir. Bununla, yeni iş qrafiki maşinistin faydalı iş əmsalını yüksəltməyə, hərəkətin təhlükəsizliyini gücləndirməyə xidmət edir, eləcə də səmərəli istirahət, ailəsi ilə daha çox vaxt keçirmək, asudə vaxtlardan daha çox faydalanmaq imkanı qazanır. Yeri gəlmişkən, Avropa və dünya metropolitenlərinin təcrübəsinə nəzər salanda, maşinistlərin istirahət otaqlarında dincəlməsi kimi təcrübəyə rast gəlinmir. Beləliklə, keçmiş Sovet məkanında bu sahədə ilk dəfə tamamilə fərqli düşüncə tərzinin tətbiqinə məhz “Bakı Metropoliteni” QSC-də başlanılıb.
Yeni iş rejimi şəraitində daha bir əhəmiyyətli addım maşinist köməkçiləri vəzifələrinin ləğvidir. Yeni texnologiyaların tətbiqi, ələlxüsus sürətin avtomatik tənzimlənməsi və avtomatik lokomotiv idarəçiliyə keçid, eləcə də gələcəkdə avtoidarəetmə sistemlərinin nəzərdə tutulması bu vəzifəyə ehtiyac olmayacağını əyani göstərir. Eyni zamanda, maşinistin işini tənzimləyən müvafiq təlimat və digər normativ aktlar da bunu tələb edir. Təcrübə və araşdırmalar göstərir ki, maşinistin köməkçisiz, həm də tək işləməsi özünü nəinki tam doğruldur, həm də daha effektiv və iqtisadi səmərəli, ən əsası, təhlükəsizliyin təminatı baxımından mütərəqqi addımdır. Bu məqsədlə də dünyanın ən aparıcı metropolitenlərinin, həmçinin iş prinsipləri baxımından Bakı metropoliteninə yaxın olan postsovet məkanı ölkələrinin təcrübəsi öyrənilib. Əksər metropolitenlərdə maşinist köməkçisi vəzifəsi ləğv edilib.
Bütün proseslərin çevik həyata keçirilməsi məqsədi ilə “Bakı Metropoliteni” QSC-də hərəkət qatarlarının istismarı üzrə iş departamenti yaradılıb. Bununla yeniləşmə tam yeni müstəviyə keçirilib və yeni iş prinsiplərinin tətbiqi dərinləşdirilib. Lokomotiv təsərrüfatında bir-birinə yaxın və vahid sistemin tərkib hissəsi olan, lakin tam fərqli istiqamətləri əhatə edən istismar və təmir sahələrinin bir-birindən ayrılması hər iki cəhətdən işə yeni məsuliyyət baxışı gətirir, obyektiv münasibətlər sisteminin qurulmasını təmin edir.
Beləliklə, həm istehsalat-istismar zərurəti, həm sosial-psixoloji mühit, həm təhlükəsizliyin təminatı, həm də iqtisadi-təsərrüfat idarəetməsi baxımından metropolitendə minlərlə sərnişinin daşıma yükünü öz üzərinə götürmüş sahənin daha səmərəli və faydalı fəaliyyəti təmin edilib.
Yeni sistem bu peşənin perspektivini artırmaqla onun nüfuzunu yeni mərhələyə çıxaracaq, maşinistlərin də öz üzərində çalışmasını, peşə bilik və bacarıqlarını möhkəmləndirməsini təmin edəcək. Peşənin inkişafı, kadr hazırlığı, perspektivli gənclərin bu peşəyə yiyələnməsi baxımından əvvəlki sistemin mənfi təsirləri aradan qaldırılaraq maşinistliyə həvəsi olanlar üçün yeni meydan açılacaq.
Dəyişikliklərin tətbiqini sürətləndirmək məqsədilə metropoliten rəhbərliyi maşinistlərlə həm kollektiv, həm də fərdi görüşlər keçirib, fikir mübadiləsi aparılaraq təklif və tələblər öyrənilib, ən yaxşı təcrübənin tətbiqi istiqamətində fəal işlər aparılıb.





Bütün xəbərlər