15 May 2018

Könüllü yanğınsöndürənlərin yarışı keçirilib

Nəticələr qənaətbəxşdir

Sərnişin təhlükəsizliyi metropoliten üçün ən mühüm vəzifələrdəndir. Yanğına qarşı qabaqlayıcı tədbirlər, müxtəlif qəza vəziyyətlərinə hazırlıq görülən tədbirlərin ayrılmaz tərkib hissəsidir. Bununla əlaqədar metropolitendə, təqvim planına uyğun olaraq, əvvəlcədən təsdiq edilmiş və müvafiq səlahiyyətli dövlət strukturlarının yaxından iştirakı ilə müxtəlif tədbirlər və təlimlər keçirilir. Belə tədbirlərdən biri metropolitendə qanunvericiliyə uyğun olaraq, fəaliyyət göstərən könüllü yanğınsöndürmə dəstələrinin illik baxış-müsabiqəsidir.
"Ən yaxşı könüllü yanğınsöndürmə dəstəsi" adı altında ənənəvi illik müsabiqənin keçirilməsində məqsəd stansiyalarda və metropolitenin digər obyektlərində işçi heyətin yanğınla mübarizəyə və xilasetmə tədbirlərinə hazırlıq vəziyyətini müəyyən etmək, çevik reaksiyanı və birgə komanda işini qiymətləndirmək, təcrübəni artırmaqdır.
Hər il olduğu kimi, bu dəfə də baxış-müsabiqə Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturlarının yaxından iştirakı ilə təqvim planına uyğun olaraq təşkil edilib. "Nərimanov" elektrik deposunun ərazisində qurulmuş yarış meydançasında metropolitenin müxtəlif xidmət və sahələrinin könüllü yanğın dəstələri yarışıblar.
Əsl komanda işi olan müsabiqə idman prinsiplərinə xas mübarizə şəraitində keçərək, böyük maraq doğurub. Yarışın keçirilməsi qaydalarına uyğun olaraq, komandaların xilasedicilər dəstəsi dərhal xərəklə təlim vaqonundakı "yaralını" təhlükə zonasından çıxarıb. Daha bir komanda üzvü odsöndürənlə təhlükə ocağına daxil olaraq yanğını söndürüb. Su qollarını açan daha bir qrup isə su lüləsi ilə irəli atılan komanda yoldaşının nişangaha daha tez çatmasına yardımçı olaraq, su təzyiqi ilə topların hədəfdən çıxarılmasına kömək edib. Onların işinə həm metropolitenin, həm də FHN-in peşəkar mütəxəssislərindən ibarət hakimlər briqadası qiymət verib.
Hakimlərin əsas vəzifəsi yarış proqramının qaydalara uyğun yerinə yetirilməsinə qiymət vermək olub. Obyektiv və ədalətli mübarizədə əsl idman ehtirası, həmrəylik və birlik nümayiş etdirən hərəkət qatarlarının istismarı üzrə iş departamentinin kollektivi qalib gəlib. İkinci yerə metropoliten obyektlərinin mühafizəsində iştirak edən «Dayaq qrup» MMC-nin mühafizəçiləri layiq görülüblər. Üçüncü yeri depolar üzrə iş departamentinin təmsilçiləri tutublar.
Onu da əlavə edək ki, FHN-nin müvafiq strukturları ilə birlikdə yanğın təhlükəsizliyi ilə bağlı təlim-məşq, qəza-bərpa oyunları, tematik müsabiqələr metropolitenin stansiyalarında, depo ərazisində, tikinti sahələri və digər metro obyektlərində mütəmadi təşkil edilir.





Bütün xəbərlər