06 Dekabr 2018

"İşıq saç, özünə yol aç!" həyati əhəmiyyətli aksiyadır

Qaranlıq vaxtlarda yolu keçən piyadalarımız nələri bilməlidir

"Bakı Metropoliteni" QSC-nin "İşıq saç, özünə yol aç!" şüarı altında keçirdiyi daha bir sosial aksiya ilə günümüzün ən aktual məsələlərindən birinə işıq salaraq, bu dəfə insan həyatına dəyər qatan mövzunu gündəmə gətirib.
Səhmdar cəmiyyətin xidmət şöbəsinin təşəbbüsü ilə təşkil edilmiş aksiya sərnişinlərin daha sıx istifadə etdiyi "28 May" stansiyasında başlanıb. Məqsəd hər il dünyada milyonlarla piyada ölümünə səbəb olan qəzaların qarşısını almaq üçün dünya təcrübəsində istifadə olunan tədbirlərdən biri ilə Bakı metropoliteni sərnişinlərini də yaxından tanış etməkdir. Budəfəki aksiyada onlara xüsusi işıq reflektorlu qolbağılar təqdim edilərək qaranlıq hava şəraitində, axşam və gecə saatlarında yol hərəkətinin iştirakçısı olan insanların diqqətini bu kimi vasitələrdən istifadə etməyin əhəmiyyətinə çəkməkdir.
Xidmət şöbəsinin rəisi Lalə Babayeva, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, eləcə də yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov qolbağıları sərnişinlərə təqdim ediblər. Müxtəlif vasitələrlə insan həyatını necə qorumaq mümkün olduğunu əyani nümunələr, faktlar, dünya təcrübəsi və statistik göstəricilərin müqayisəsi ilə sərnişinlərə izah edərək öz tövsiyələrini veriblər.
Qaranlıq vaxtlarda, xüsusən yağmurlu havalar zamanı avtomobillərin şütüdüyü yollar daha təhlükəli xarakter alır. Çünki, belə hallarda avtomobilin əyləc yolu iki dəfə, şaxtalı havalarda isə üç dəfəyə yaxın artır. Görmə dairəsinin daralmasını da nəzərə alsaq, yaxınvuran işıqlarla sürücü yalnız 40-50 metrdə yolu keçən sərnişini görə bilir. Bu isə qəzaya gətirib çıxaran əsas səbəbə çevrilir. Qəzaların qarşısını almaq üçün fərqli üsullar olsa da onlardan ən çox yayılanı işıq faktorudur. Bu üsul qaranlıqda hərəkət edən piyadaların sürücülər tərəfindən nəzərə çarpdırılması üçündür. Yaxınvuran işıqla 150, uzaqvuran işıqla 300 metrə qədər görmə məsafəsində yolu işıq reflektorlarından istifadə keçən piyadanı görmək mümkündür.
Əvvəllər reflektorların yalnız fosforlu növü mövcud idi. Hazırda isə onlar müxtəlif üsul və texniki vasitələrlə hazırlanır. Eyni zamanda, onu bəzək əşyası kimi geyimdə də istifadə etmək mümkündür.
Bu səbəbdən işıq saçan reflektorlar, qolbağılar, boyunbağılar, flikerlər insan həyatının xilas mənbəyinə çevrilir. Məlumata görə, Avropada bu istiqamətdə aparılmış sosial aksiyalar, qanunvericilik aktları, maarifləndirici tədbirlər vasitəsilə ölüm halları 85 faizə qədər azaldılıb. Bir sıra ölkələrdə qaranlıq saatlarda piyada, velosiped və motosikllərlə hərəkət edənlər üçün işıq saçan vasitələrdən istifadəyə riayət olunması ilə bağlı xüsusi qaydalar mövcuddur.
İşıq faktorundan istifadə dünyada geniş yayılıb, bəzi Avropa ölkələrində ənənə halını alıb. Xüsusi işıq reflektorlu qolbaqlar da piyadaların təhlükəsizliyini qorumaq üçün nəzərdə tutan vasitələrdəndir.
Aksiya media nümayəndələrinin də fəal iştirakı və tövsiyələri ilə daha geniş miqyaslı təbliğat mexanizminə çevrilib.
Kampaniya “İçərişəhər” stansiyasında davam edib.
Təşkilatçılar mövzunun həyati əhəmiyyətini nəzərə alaraq, mövzunun cəmiyyətdə daha geniş əks-səda doğurub, yeni-yeni aksiyalarla davam etdiriləcəyinə əmindirlər.
Kampaniya metro stansiyalarında yerləşən monitorlarda nümayiş etdirilən sosial çarxla sərnişinlərin diqqətində saxlanılacaq.

 





Bütün xəbərlər