12 Mart 2019

Novruz əl işləri yarmarkasına dəvət edirik

Gəlin, bu fərqli sosial layihəyə dəstəyimizi əsirgəməyək!

Mart ayının 14-15-də Bakı metropoliteninin "İçərişəhər" stansiyasının vestibülündə növbəti əl işləri yarmarkası keçiriləcək.
Qeyd edək ki, ilk belə aksiya 2018-ci ilin dekabrında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində keçirilib. Ölkəmizin istedadlı insanlarının əl işlərindən ibarət yarmarka ictimaiyyətin marağına səbəb olduğundan "Bakı Metropoliteni" QSC rəhbərliyi layihəni bir daha və həm də fərqli məzmunda təşkil etmək qərarına gəlib.
Novruz bayramı ərəfəsində təşkil ediləcək yarmarka iki gün ərzində səhər saat 11:00-dan axşam saat 19:00-a qədər davam edəcək.
Ötən yarmarkadan fərqli olaraq bu dəfə iştirakçılar tam fərqli sosial qrupları təmsil edəcək. "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi budəfəki yarmarkada sosial müdafiəsi xüsusi həssas yanaşma tələb edən insanların öz əl işlərini nümayiş etdirmək və satışını təşkil etməsi üçün şərait yaradır. Sərgi-yarmarkada Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi, Yasamal Rayon Əlillər Təşkilatı, "Üçüncü bahar" təqaüdçülər qrupu, həmçinin sağlamlığı məhdud fəal yaradıcı insanları ətrafında birləşdirən qruplar əl işlərini təqdim edəcəklər.
Sırf sosialyönümlü yarmarka tam təmənnasız təşkil edilir və iştirakçılar tərəfindən "Bakı Metropoliteni" QSC-yə heç bir ödəniş olunmayacaq.
Yarmarkanın təşkilində əsas məqsəd təbliğata ehtiyacı olan yaradıcı insanların, böyük zəhmət müqabilində ərsəyə gətirdikləri əl işlərini təşviq etmək, onların cəmiyyətə tanıdılmasına dəstək olmaqdır. Bu səbəbdən yarmarka bayram günlərində paytaxtın daha çox sərnişin axını müşahidə olunan, həmçinin paytaxtımıza təşrif buyuran çoxsaylı qonaqların şəhərin ən qədim hissəsi kimi ziyarət etdiyi “İçərişəhər” tarixi-memarlıq qoruğunun girişində yerləşən "İçərişəhər" metro stansiyasının vestibülündə təşkil edilir.
Novruz bayramı ərəfəsində "Bahar sevinci" əl işləri yarmarkası Bakı metropolitenindən istifadə edən, eyni zamanda, yarmarka ilə tanış olmaq istəyən hər kəsə açıqdır.
Gəlin, onlara dəstəyimizi əsirgəməyək, ülvi hissləri, dəyərlərimizi təbliğ edək!
Hər birinizi yarmarkada gözləyirik!





Bütün xəbərlər