13 Aprel 2019

“Thales” müasir sistemləri təqdim edib

Yeni sistemlər təhlükəsizlik və sərnişin rahatlığının meyarıdır

Bu gün "Nərimanov" elektrik deposunun akt zalında Fransanın “Thales” şirkətinin Bakı metropoliteninin Bənövşəyi xətti üçün nəzərdə tutulmuş müasir sistemlərinin təqdim etmə mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov qonaqları salamladıqdan sonra, görüşün məqsədi barədə ətraflı məlumat verərək, son dövrlərdə tətbiq edilən yeniliklərin mahiyyəti ilə yaxından tanış olan media nümayəndələrinə hər bir sahədə ətraflı məlumatın veriləcəyini və bütün sualların cavablandırılacağını bildirdi. O, bu görüşü də "Bakı Metropoliteni" QSC-nin əldə etdiyi nailiyyətlər sırasında, müəssisənin şəffaf fəaliyyətinin daha bir cizgisi kimi dəyərləndirib.İnsan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov isə media nümayəndələrinin diqqətini yeniliklərin mahiyyətinə çəkərək, mətbuat nümayəndələri tərəfindən ictimaiyyətə tam obyektiv və dolğun məlumatın çatdırılacağına əminliyini ifadə edib.
Daha sonra sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinin əməkdaşları kənar şəxslərin deponun istehsalat sahələrində təhlükəsizlik və davranış qaydaları barədə iştirakçıları təlimatlandırdılar.
Bakı metropolitenində tətbiq edilən yeni sitemlərlə bağlı təqdimatı “Thales” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Mehmet Şahan, texniki direktoru Mixail Malinovski aparıb.
Təqdimat əsnasında "Bakı Metropoliteni" QSC-nin işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov və baş mühəndis Fəxrəddin Əmirov da yeni və mövcud sistemlərin müqayisəli təhlilini veriblər. Həmçinin “Thales”in Toronto və İstanbul mərkəzlərində təlim keçmiş mütəxəssislər - Rüfət Səmədov, Şahin Vəliyev, Rüstəm Məhərrəmov, Taleh Məmmədov və Nadir Osmanov əldə etdikləri təcrübə, apardıqları müşahidələr əsasında yeni sistemlərin üstünlüklərindən bəhs ediblər.
Təqdimatda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci ildə imzaladığı Sərəncamla Bakı metropoliteninin konseptual inkişaf sxeminə əsasən, hazırda xətlərinin sayı 3, stansiyalarının sayı 25, xətlərinin uzunluğu 36,6 km olan Bakı metropoliteni uzunluğu 119,1 km-ə çatan və 76 stansiyanı əhatə edən 5 xətdən ibarət şəbəkəyə çevriləcək.
Müstəqillik dövründə istifadəyə verilən ilk xətdə və onun fəaliyyətdə olan 2 stansiyasında ən müasir sistemlər tətbiq olunur və bu proses davamlı olaraq inkişaf etdirilir. Mixail Malinovski qeyd etdi ki, "Thales" metropolitenlərdə tətbiq edilən müasir avtomatlaşdırma sistemlərinin inkişaf etdirilməsi və tətbiqi sahəsində dünya liderlərindəndir.
Hələ 2014-cü il mayın 12-də Fransa Prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri çərçivəsində keçirilmiş Azərbaycan – Fransa iqtisadi forumunda “Bakı Metropoliteni” QSC ilə “Thales” şirkəti arasında ilkin araşdırmaların aparılmasına dair anlaşma memorandumuna əsasən işlərə başlanıb, uğurlu nəticələr əldə olunub. Forumun gedişində bu şirkətlə bağlanmış digər müqaviləyə əsasən, Bakı metropoliteninin seçdiyi 5 perspektivli gənc mütəxəssis "Thales"in Kanadanın Toronto şəhərində təlim-tədris mərkəzində və yerli metropolitendə avtomatlaşdırma və kommunikasiya sistemlərinin istismarı və tətbiq edilməsinə dair kurs keçdikdən sonra Türkiyənin İstanbul metrosunda təcrübə mübadiləsində iştirak ediblər və hazırda biliklərini yerli kadrlara öyrədirlər.
Mehmet Şahan Bakı metropolitenində tətbiq ediləcək yeniliklərdən bəhs edərkən, bildirdi ki, sistemin mərhələlərlə quraşdırılması Bənövşəyi xəttin istismara verildiyi dövrdə başlanılıb. Gələcəkdə isə metropolitenin bütün infrastrukturunun SCADA sistemlərinə keçilməsi təmin ediləcək.
Hazırda Bənövşəyi xətdə "Thales" şirkətinin 4 sistemi quraşdırılır. Bunlar qatarların hərəkətinə nəzarəti təmin edən mikroprosessor sistemi, Bənövşəyi xətdə başlayan, lakin gələcəkdə bütün metropoliteni əhatə edəcək dispetçer idarəetməsi, qatar dispetçeri ilə maşinist rabitəsini təmin edən "Tetra" radiorabitə sistemi, mühəndis-texniki qurğuları və eskalatorların idarə edilməsini təmin edən sistem və avadanlıqlardır. Artıq mikroprosessor idarəetməsi və "Tetra" rabitə sistemi xətdə fəaliyyət göstərir.
Bakı metropoliteninin mövcud Yaşıl və Qırmızı xətlərində qatarların hərəkətini SAT-ALİ (sürəti avtomatik tənzimlənmə, avtomatik lokomotiv idarəetmə) sistemləri əsasında həyata keçirilir. Lakin texnoloji inkişafın son məhsulu sayılan CBTC və yaxud qatarların radiodalğalarla idarə edilməsi sistemləri Bənövşəyi xətdən başlamaqla Bakı metropolitenində tam fərqli eranın əvvəli olacaq.
Bununla qatarların hərəkət təhlükəsizliyi ən yüksək həddə çatdırılacaq, avadanlıq və qurğuların, eləcə də qatarlar arasında intervalların azalmasına, elektrik enerjisinə qənaət olunmasına, qatarların hərəkət sürətinin artmasına, onların daha rəvan sürət yığıb dayanmasına və digər əsaslı təsirləri də nəzərə almaqla sərnişinlərin rahatlığının artırılmasına nail olunacaq.
Mehmet Şahan əlavə etdi ki, 2019-cu il martın 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Fransa Respublikasına səfəri çərçivəsində imzalanmış Azərbaycan-Fransa sənədlərindən ikisi Bakı metropoliteninin yaxın illərdəki inkişafını əhatə edir. Əməliyyat Nəzarəti Mərkəzinin yaradılması ilə bağlı müqavilə dispetçer idarəetməsinin qurulmasını təmin edəcək. Eyni zamanda “Xocasən” deposunun işarəvermə və telekommunikasiya sisteminin reallaşdırılması istiqamətində işlər aparılacaq.
Bununla yanaşı, hazırda Bakı metropoliteninin Qırmızı və Yaşıl xətlərinin avtomatlaşdırma sistemlərinin yenilənməsi istiqamətində də ilk əhəmiyyətli addımlar atılır.
Təqdimat iştirakçıları daha sonra yeni sistemlərin quraşdırma işlərinin aparıldığı "Nərimanov" elektrik deposu ilə tanış olub. Media nümayəndələrinə "ox sayğacı" bazasında yeni sistemin quraşdırılması istqamətində əhəmiyyətli işlər barədə məlumat verilib. Qeyd olunub ki, orijinal mühəndis layihə həlli ilə seçilən yeni mərkəzləşmə məntəqəsi inşa olunur və ən müasir avadanlıqlarla təchiz edilir.
Sonda Mixail Malinovski onu da xüsusi vurğulayıb ki, yeni sistemlərin idarə edilməsi ilə bağlı kadr potensialının artırılması istiqamətində də mühüm addımlar atılır. 2018-ci ildə "Bakı Metropoliteni" QSC və "Thales" şirkətinin iştirakı ilə Fransa-Azərbaycan Universitetinin (UFAZ) kompyuter fənn fakultəsi əsasında nəqliyyatda avtomatlaşdırma və kompyuter texnologiyası tətbiqi üzrə təlim kursu açılıb. Tədris prosesinin praktiki hissəsi Bakı metropoliteninin istehsalat sahələrində aparılır.





Bütün xəbərlər