13 Aprel 2019

“Nərimanov” elektrik deposunda hər sahənin əsaslı yenilikləri var

Jurnalistləri maraqlandıran suallar cavablandırılıb

Aprel ayının 13-də “Thales” şirkətinin Bakı metropolitenində tətbiqi nəzərdə tutulan müasir sistemlərin təqdimatı çərçivəsində media nümayəndələri “Nərimanov” elektrik deposunda son dövrlərdə həyata keçirilmiş yeniliklər ilə tanış olublar.
"Thales" şirkətinin təqdimatından sonra qonaqlara vaqonlarda aparılan texniki baxış, texniki xidmət və cari təmir proseslərinin əsas yenilikləri barədə məlumatı depolar üzrə iş departamentinin rəisi Faiq Əhmədov, rəis müavini Aydın Bəkirov təqdim edərək, jurnalistləri maraqlandıran suallara cavab veriblər.
Qeyd olunub ki, fəaliyyət göstərdiyi ötən onilliklər ərzində əsaslı təmir edilməyən 3 saylı cari təmir sexi tamamilə yenidən qurulub. Sexdə texnoloji ardıcıllığı, uyğunluğu və sinxronluğu təmin edən istehsalat sahələrinin yaradılmasına xüsusi diqqət yetirilib. Sahə yeni avadanlıq, dəzgah və cihazlarla təmin edilib. Bununla əl əməyi mümkün ən aşağı həddə salınmaqla məhsuldarlıq, işin keyfiyyəti və sürəti artıb. Nəticədə, cari və orta təmir müddəti ötmüş vaqon anlayışı tamamilə aradan qaldırılıb, nasazlıq səbəbilə xətdən depoya qaytarılan qatarların sayı bir neçə dəfə azaldılıb.
Depoda yeniləşmə prosesi qatarlara texniki baxış sahəsi olan qanovlarda davam etdirilir. Buna qədər əsaslı təmir edilmiş qanovların sırasına yaxın vaxtlarda daha üçü əlavə olunacaq.
Vaqonların əsaslı təmiri sahəsində orta və əsaslı təmiri ilə yanaşı, vaqonların modernləşdirilməsi barədə xidmətin rəisi Kamran İsmayılov və baş mühəndis Rəcəb Əliyev ətraflı danışıblar. Onlar təmir edilən qatar tərkiblərinin hazırda istehsal olunan ən son nəsil qatarlar səviyyəsində müasirləşdirilməsini, tətbiq edilən yeniliklərin müqayisəli təhlili ilə təqdim ediblər. Nəticədə, qatarların avtomatlaşdırılması və yeni avadanlıqların tətbiqi sayəsində onlara cari qulluq, texniki xidmət və təmir şərtləri xeyli yaxşılaşıb, nasazlıq halları əsaslı şəkildə azalıb. Yeniləşmə sayəsində vaqonların ölkə xaricinə göndərilməsinin və bu səbəbdən iri həcmdə maliyyə vəsaitinin ölkə xaricinə köçürülməsinin qarşısı alınıb. Bu və digər iqtisadi-texniki əsaslandırma media təmsilçilərinin diqqətinə çatdırılıb.
Sınaq yolu ilə tanışlığın bələdçisi yol xidmətinin rəisi Kamran Əliyev və baş mühəndis Azər Məmmədov, eləcə də dəmir yolunun tikintisi və əsaslı təmiri dəstəsinin rəisi Babaşxan Baxışov olublar. Sınaq yolu təkcə qatarların sınaq yolu kimi inşa olunmur. Burada metropolitendə yol infrastrukturu ilə bağlı əsaslı yeniliklər uğurla sınaqdan çıxarılıb. Bu xüsusda dəmir-beton blokların tətbiqinin gətirdiyi üstünlüklər, ələlxüsus metropolitenin öz bazasında yerli istehsal olması, ölkə xaricindən gətirilən və istismar müddəti daha az olan ağac şpallardan asılılığın azalmasına təsiri və s. faktlar qeyd edilib. Əlavə olaraq yeni tipli təmas relsi, yoldəyişdirici qurğu, yolun üstquruluşu elementləri və onların üstünlükləri sadalanıb.
Burada həmçinin quraşdırmaya aparılmaq üçün hazırlanmış yeni ventilyator, son dövrlərdə alınmış yeni tipli təsərrüfat qatarları nümayiş etdirilərək, onların əsas xüsusiyyətləri, texniki üstünlükləri barədə məlumatlar təqdim olunub. Yeni ventilyatorlar hazırda sökülən qurğulardan 2-3 qat artıq məhsuldardır. Yeni tipli təsərrüfat qatarları isə tam elektronlaşdırılıb. Onlar gecə növbəsində təmir işlərinin sürətləndirilməsinə, ekoloji tarazlığın qorunmasına təsirləri, Bakı metropoliteninin mürəkkəb yol infrastrukturunun tələblərinə daha münasib olması ilə seçilir.
Media nümayəndələrinin tanış olması üçün maşinistlərin reysqabağı tibbi yoxlamasında həyata keçirilən yeniliklər barədə də məlumat verilib. Mərkəzləşmiş nəzarət və insan müdaxiləsini qeyri-mümkün edən yeni sistem və avadanlıqlar barədə geniş informasiya təqdim edilib. Maşinistlərin işə hazırlığı ilə bağlı fiziki və psixoloji durumunun dəyərləndirilməsi məqsədilə aparılan müayinələrdən danışılıb. Bundan savayı, maşinistlərin yeni iş rejimi barədə məlumat təqdim edilib. Yeni sistem gecə növbəsində iş vaxtı başa çatdıqdan sonra qatar maşinistlərinin yaşayış ünvanına çatdırılması üzərində qurulub. Həmçinin üçnövbəli iş rejimi sayəsində onların istirahəti normativlərə tam uyğunlaşdırılıb və iş keyfiyyəti artırılıb.
Media nümayəndələri daha sonra işçilərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə idman trenajoru zalı, rus və fin hamamlarının, üzmə hovuzundan ibarət sağlamlıq mərkəzində yaradılmış şəraitlə bağlı məlumat verilib, bu sahə ilə tanış olmaq istəyənlərə şərait yaradılıb. İşçilərə təqdim edilən iaşə xidməti barədə də məlumat təqdim edilib. Metropolitendə 3-ü təmir-tikinti sahələrində səyyar qaydada təşkil edilməklə, 8 yeməkxana fəaliyyət göstərir. Yeməklərin çeşidi ən nümunəvi iaşə xidməti obyekti ilə müqayisə oluna bilər. Bundan əlavə, nahar yeməyinin ödənişinin yalnız 55 faizini işçi ödəyir, güzəşt "Bakı Metropoliteni" QSC ilə Metropoliten İşçiləri Həmkarlar İttifaqının hesabına edilir. Ödəniş avtomatik sistemlə nəğdsiz aparılır, məbləğ işçinin hesabından əməkhaqqı ödənilərkən çıxılır.
Depodakı yeniliklərlə tanışlığın sonunda sərbəst ünsiyyət saatı başlayıb. Media nümayəndələrinə onları maraqlandıran məsələlərlə daha yaxından və ətraflı tanış olmaq və məlumat almaq üçün şərait yaradılıb. Onlar metropolitendə hazırda görülən işlər və yaxın perspektiv vəzifələr barədə "Bakı Metropoliteni" QSC sədrinin müavini Hidayət Məmmədovla, həmçinin yeni tipli maşinist hazırlığı prosesinin ilk müdavimləri olan 5 gənc maşinistlə, o cümlədən sualların daha çox ünvanlandığı Bakı metropoliteninin ilk qadın maşinisti Günay Həbibli ilə söhbət ediblər.





Bütün xəbərlər