z

"Nərimanov" elektrik deposu

  • Açılıb:

    6 noyabr 1967-ci il

  • Xətt:

    Qırmızı

  • Ərazisi:

    18,6 ha.

  • Ünvanı:

    Ələsgər Qayıbov küçəsi 11

Haqqında

Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 6 avqust 1966-cı il tarixli 444 saylı qərarına əsasən, Hərəkət qatarları xidməti adı ilə yaradılıb. Metropolitenin istismara verilməsi ərəfəsində ilk sınaq qatarı 1967-ci il oktyabrın 16-da xəttə buraxılıb.
Hazırda depo 290 vaqondan ibarət qatar parkına xidmət göstərir. 2015-ci ilin məlumatına əsasən, orta illik istismar parkı 230 vaqon təşkil edir. Qatarların orta texniki sürəti 44 km/saatdır (2018-ci il üzrə).
Elektrik deposunun əsas vəzifələri sərnişin daşınması planının yerinə yetirilməsi üçün verilmiş hərəkət cədvəlini lazım olan sayda və texniki cəhətdən saz, hərəkətin təhlükəsizliyinin təmin olunması baxımından bütün tələblərə cavab verən qatarlarla təmin etməkdir.
“Nərimanov” elektrik deposu təmir və istismar sexlərindən, depo və park yollarından, 3 elektrik yarımstansiyasından, təsərrüfat sahələrindən, qazanxana və anbardan, eləcə də onu Azərbaycan Dövlət Dəmir Yollarının “Keşlə” yük həyəti ilə birləşdirən xətdən ibarətdir.
Depo qatarların saxlanması, qulluq edilməsi, cari və əsaslı təmiri üçün nəzərdə tutulub.
Qatarların rəvan, təhlükəsiz işi təkcə vaqonların optimal saz vəziyyətdə olması ilə bitmir. Maşinistin rolu, əməyi də danılmazdır.
Maşinistlər və digər metropoliten əməkdaşlarının istirahət guşələri yenidən təşkil edilib, bu istiqamətdə lazım olan bütün digər tədbirlər nəzərə alınıb. İşçilərin sağlam qidalanması üçün yeməkxana, həmçinin onların asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət parkı yenidən qurulub, idman kompleksi istifadəyə verilib.
“Nərimanov” elektrik deposu ərazisində metropolitenin əksər xidmət və sahələri, o cümlədən depolar, həmçinin hərəkət qatarlarının istismarı üzrə iş departamentləri, yol, tunel qurğuları, elektrik təchizatı, elektromexanika, vaqonların əsaslı təmiri, mühafizə və yanğın təhlükəsizliyi xidmətləri, yaşıllaşdırma və vaqonların təmizlik təsərrüfatı, diaqnostika və metroloji təminat mərkəzi,  avtomotonəqliyyat kolonu, birləşmiş emalatxanalar, anbar təsərrüfatı bölməsi yerləşir.