z

"Avtovağzal"

  • Açıldığı tarix:

    19 aprel 2016-cı il

  • Xətt:

    Bənövşəyi

  • Yollarının uzunluğu:

    144 m

  • Ünvanı:

    "Bakı Beynəlxalq Avtovağzalı"

  • Memarlar:

    Cahangir Sadıxov, Sənan Salamzadə

"Avtovağzal"stansiyası

Müstəqillik dövrünün ilk, Bakı metropoliteninin üçüncü - Bənövşəyi xəttinin “Avtovağzal-Memar Əcəmi” buraxılış sahəsinin başlanğıc birinci stansiyasıdır. Ölkənin ən iri nəqliyyat qovşaqlarından biri olan Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında yerləşir. Bununla avtovağzalla birlikdə paytaxtın “Şimal qapısı” kimi iri nəqliyyat qovşağı yaradılıb.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinə metro xəttinin çəkilməsi ilə bağlı tapşırığı Prezident İlham Əliyev 2008-ci ildə metronun “Nəsimi” stansiyasının açılışı zamanı vermişdi. Stansiyanın tikintisinə 2009-cu ilin sentyabrında başlanılıb. Layihə işlərini “Bakımetrolayihə” İnstitutu yerinə yetirib.
Açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi “Avtovağzal” stansiyası, layihəyə əsasən, platformadan, 2 vestibüldən, 8 çıxışdan, havalandırma keçidindən, vestibüllərin üzərində quraşdırılmış iki piramidadan ibarətdir. Stansiya kompleksinin ümumi uzunluğu 560 metrə yaxındır.
Platformasının uzunluğu 144 metrdir. Bu, əvvəlki stansiyalarda olduğu kimi 5 deyil, 7 vaqondan ibarət qatarın stansiyaya daxil olmasına imkan yaradır. Stansiya və keçidlərdə Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Tugela” tipli müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə “Orinoko” tipli 8 travolator, fiziki imkanları məhdud sərnişinlərin istifadəsi üçün “Evolution” tipli lift quraşdırılıb.
Stansiyada ən müasir elektrik təchizatı, havalandırma, yanğın təhlükəsizliyi sistemləri quraşdırılıb.
Biləcəri qəsəbəsində yaşayan sakinlərin rahatlığını təmin etmək üçün Bakı-Sumqayıt avtomobil yolunun altından keçid inşa edilib. Bakı Beynəlxalq Avtovağzal Kompleksinə isə iki keçid quraşdırılıb. Digər beş çıxış “Avtovağzal” stansiyası kompleksinin ərazisində yerləşir.
Stansiyanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.
Gələcəkdə 12 stansiyadan ibarət olacaq bu xətdə ən müasir sistemlərin tətbiqi davam etdiriləcək. Müəyyən mərhələdən sonra idarəetmə tam olaraq, müasir SCADA, qatarların hərəkəti isə mövcud xətlərdən fərqli olaraq CBTC sistemləri ilə təşkil olunacaq. Xətdə fəaliyyət göstərəcək qatarlar ən müasir sistemlərlə təchiz olunacaq və bu da onların avtomatik idarəetməsini həyata keçirməyə imkan verəcək.
Bu stansiyadan başlayaraq yeni xətlərdə ən müasir simsiz  "Tetra" rabitə sistemindən istifadə olunur, bu məqsədlə mənzil boyu müvafiq infrastruktur qurulub.
Stansiyaya daxil olan qatarlarda dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arazbarı” simfonik muğamından parça səsləndirilir.