z
Tərkibində sanatoriya-profilaktoriya, istirahət zonası və idman-sağlamlıq kompleksi olan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətin sağlamlıq mərkəzi müəssisə əməkdaşlarının sağlamlığının bərpa edilməsi, möhkəmləndirilməsi, həmçinin istirahətinin səmərəli təşkili məqsədilə təsis edilmiş bir qurumdur. Bu strukturun ümumi sahəsi 3 ha olan sanatoriya-profilaktoriyası və istirahət zonası paytaxtın Bilgəh qəsəbəsində, idman-sağlamlıq kompleksi isə "Nərimanov" elektrik deposunun ərazisində yerləşir.
Bilgəh qəsəbəsindəki sanatoriya-profilaktoriya və istirahət zonası metropolitençilərin fəxri, qürur mənbəyidir. 40 ildən artıqdır ki, metropolitençilərə xidmət göstərən “Bilgəh” istirahət sahəsində bir sıra yenidənqurma işlərinin aparılması qlobal sosial proqramın təməlində dayanır. 2014-cü ildə yay istirahət mövsümü başa çatdıqdan dərhal sonra, sahədə təmir-inşaat işləri başladı.
2015-ci il mövsümündə “Bilgəh” ilk sakinlərini böyük yeniliklərlə qarşıladı. Buradakı köhnə, birmərtəbəli evciklərin ləğv olunması, onların kotec tipli müasir ikimərtəbəli evlərə çevrilməsi üzrə işlərin davamı olaraq, bu dəfə 5 yeni bina tikildi. Onlardan 3-ü dörd (mansard nəzərə alınmaqla), 2-si isə ikimərtəbəlidir. İkiotaqlı mənzillərdə hər bir şərait yaradılıb: otaqlar çox gözəl, rahatdır. Bütün lazımi avadanlıq, qab-qacaqla təchiz olunmuş mətbəx, gözəl duş otağı, mebel, televizor. Otaqlara mərkəzi sistem vasitəsilə istilik verilir. Bu da istirahət mövsümünün soyuq havaları da əhatə etməsinə imkan yaradır.
İstirahət zonasında həyətin işıqlandırılma sistemi tamamilə yenilənib, 380 V-luq paylayıcı lövhələr quraşdırılıb. Yeni dördmərtəbəli binaların arxasında salınan park həm yaşlıların, həm də uşaqların sevimli istirahət məkanına çevrilib. Orada mini-futbol meydançası, uşaqlar üçün dəniz qumundan yaradılmış guşə, yelləncəklər, iri fiqurlu şahmat meydançası, tenis stolları bütün yaş qruplarından olanları cəlb edir. Parkın ortasındakı fəvvarə sensorlu idarəetmə sistemi ilə işləyir - yaxınlaşdıqda işə düşür və axşam qaranlığında onu seyrə dalanları müxtəlif rəng çalarları ilə qarşılayır. Elə həmin ildə istirahət sahəsində çimərlik voleybolu, basketbol meydançası istifadəyə verilib.
Ərazidə müasir tələblərə cavab verən qazanxana quraşdırılıb, yeni tikilən kotec tipli evlərə su və kanalizasiya xətləri çəkilib, suqızdırıcılar qoyulub. Burada aparılan abadlıq işləri mütəmadi olaraq davam edib - köşklər qoyulub, skamyalar yenilənib, üstüörtülü parkinq istifadəyə verilib.
Sanatoriya-profilaktoriyanın yeməkxanasına yeni istilik xətti çəkilib, mətbəx müasir avadanlıqlarla təmin edilib, zalın divarında iri ekranlı televizor quraşdırılıb. Xidmət səviyyəsinin yüksəldilməsi üçün də yeniliklər edilib. Xörəklərin çeşidi artıb, keyfiyyəti yaxşılaşıb.
Sanatoriya-profilaktoriyanın müalicə kabinetlərindəki yeniliklər dərhal diqqəti cəlb edir. Burada tibbi-müayinə avadanlığı bütünlüklə yenilənib. Profilinə uyğun olmayan otaqlarda bəzi dəyişikliklər edilib. Metropolitençilərin sağlamlığının keşiyində durmağa daha layiqli, tibbi təhsili olan mütəxəssislər cəlb edilib. Bu da müalicə bölməsində fizioterapevtik prosedurların sayının artırılmasına imkan yaradıb. Köhnə yararsız avadanlıqlar ABŞ, İtaliya, Çexiya, Rusiya istehsalı olan tibbi-müayinə cihazları ilə əvəz edilib. Bu gün sanatoriyanın tibb heyəti metropolitençilərin müalicəsində işıq terapiyasından, inhalyasiyanın bütün növlərindən, impulslu və stimullaşdırıcı elektrik cərəyanından, maqnit terapiyasından, Naftalan və parafin müalicəsindən, impulsiv masaj və müalicəvi idmandan, ultrasəs müayinəsindən istifadə edir. Müalicə kursu keçənlərin qidalanmasına da münasibət fərqli şəkildə təşkil olunub.
"Nərimanov" elektrik deposu ərazisində fəaliyyət göstərən idman-sağlamlıq kompleksi metro işçilərinin asudə vaxtının səmərəli təşkilində əhəmiyyətli rol oynayır. Kompleksdə fəaliyyət göstərən süni örtüklü mini-futbol və tenis-voleybol meydançalarında metropoliten kollektivləri arasında daxili spartakiadaların keçirilməsi ənənəvi hal alıb. Metropolitençilər ölkədə bədən tərbiyəsi və idman hərəkatının da fəalları cərgəsindədirlər. Komandalarımız müxtəlif turnirlərlə yanaşı, “Zenit” İdman Cəmiyyətinin xətti ilə hər il Müstəqillik günü münasibətilə təşkil edilən spartakiadanın daimi iştirakçısıdır. 2014-cü ildə metropolitençilər ilk dəfə bu yarışların komanda hesabında qalib olublar. Komanda 2016-cı ildə də ümumi hesabda 1-ci yeri tutub. Kompleksdə həmçinin su hovuzu, fitnes zalı da fəaliyyət göstərir ki, işçilər idman-sağlamlıq kompleksinin bu imkanlarından da lazımınca bəhrələnirlər.