2016-cı il iyunun 1-də metronun bir neçə stansiyalarında rəsmlərdən ibarət posterlər yerləşdirilib. Bununla, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş daha bir sosial layihə gerçəkləşib.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan “Uşaqlar bizim gələcəyimizdir!” devizli layihə çərçivəsində rəsmlər metronun “Sahil”, “Memar Əcəmi”, “Elmlər Akademiyası”, “Gənclik”, “Nəriman Nərimanov” və “Qara Qarayev” stansiyalarında xüsusi lövhələrdə yerləşdirilib.
Layihənin maraqlı cəhəti ondan ibarətdir ki, istedadlı balalar, məhz metropoliten əməkdaşlarının övladları, nəvələridir. Azərin Qədirli (“Gəzinti”), Dəniz Paşayeva (“Mənim dünyam ailəmdir”, “Gəlin, dünyamızı qoruyaq”), Hikmət İsmayılov (“Lalələr”), Fidan Rüstəmli (“Bizim sevimli metromuz”, “Uşaqların rəngli dünyası”), Ləman Mustafayeva (“Hər daşı bir aləm şəhər”) və Sevinc Bağırovanın (“Görüş”) çəkdikləri rəsmlərdə bir-birindən fərqli mövzular əks olunub.