Bakı 2015 Birinci Avropa Oyunları təntənəli bağlanış mərasimi ilə başa çatıb. Oyunların keçirildiyi günlərə xüsusi hazırlaşmış Bakı Metropolitenində də bu müddət ərzində böyük işlər görülmüş, layihələr həyata keçirilmişdi. Bunlardan biri də metropolitenin xidmətindən ictimai nəqliyyat kimi istifadə edən əcnəbi vətandaşların maraqları nəzərə alınaraq, həyata keçirilmişdi.
«Bakı Metropoliteni»QSC-nin rəhbərliyinin qərarı ilə bu müddət ərzində metropoliten stansiyalarında 90 könüllü çalışıb. Avropa Oyunlarının ovqatında olduğu bu günlərdə onların sərnişinlərə köməyi də bu addımın yerində atılmış olduğunu əyani nümayiş etdirdi.
Lakin əksər qonaqların şəhərimizi hələ tərk etmədiyini və yarışlardan sonra paytaxtımızın mədəni həyatı ilə tanışlığını daha yaxından davam etdirdiyini nəzərə alaraq, «Bakı Metropoliteni»QSC-nin rəhbərliyi bir neçə gün ərzində metropolitenin stansiyalarında xidmət göstərmiş könüllülərin bir qisminin fəaliyyətini uzatmışdı.
Onlar əcnəbilərin daha çox istifadə etdiyi və yaxından maraqlandığı «İçərişəhər», «Sahil», «28 May», «Koroğlu» və «Nizami» stansiyalarında çalışıblar.