2019-cu ildə də ənənəsinə sadiq qalan "Bakı Metropoliteni" QSC Bilik günü münasibətilə birinci sinif partası arxasına əyləşən kiçik yaşlı sərnişinlərinə sürpriz edib. Məktəbin birinci sinfinə qədəm qoyan uşaqlar üçün xüsusi əlamətdar gündə keçirilən aksiyanın məqsədi daimi metro istifadəçisinə çevrilən azyaşlı məktəbliləri təbrik etmək, onlara dərs ilində uğurlar arzulamaq və kiçik hədiyyələri təqdim etmək olub. Aksiya “İçərişəhər” stansiyasında keçirilib. İlk dərs günündən sonra stansiyaya daxil olan birinci sinif şagirdləri bir-birindən fərqli sürprizlərlə rastlaşıblar. Müxtəlif nağıl və əsatir qəhrəmanları, o cümlədən uzunayaq, iri oyuncaqlar, tarazlayıcı və s. uşaq qəhrəmanları əyləncəli proqramları ilə stansiya vestibülündə əsl canlanma yaradıblar.
Bundan savayı, sehrbaz illüziyaçının şou-proqramı uşaqlara sevincli şən dəqiqələr ovqatı gətirib.
Metropoliten işçiləri ilk dərs günü ilə bağlı uşaqların təəssüratlarını soruşub, arzu və diləklərini çatdırıb, tövsiyələrini veriblər.