2016-cı il iyulun 15-i «Gənclik» stansiyasının keçidlərində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin və «Lenovo» şirkətinin təşkilatçılığı ilə “Metro Gallery” layihəsi çərçivəsində Azərbaycan filmlərinə həsr olunmuş foto-sərgi açılıb.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə keçirilən sərgi 2 Avqust - Azərbaycan Kinematoqrafiyası Gününə həsr olunub.
Sərgidə 78 filmdən 92 kadr və kadrarxası maraqlı fotolar yer alıb. Layihə 6 ay davam edib.
Qeyd edək ki, bu, keçidləri yeniləşdirilmiş «Gənclik» stansiyasında keçirilən ilk belə aksiya deyil. 2015-ci il iyulun 15-dən burada fotoəsərlərdən ibarət sərgi nümayiş etdirilmişdi. Həmin layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən ənənəvi “İlin fotoqrafı” müsabiqəsinin mükafatlandırma mərasimində, 2015-ci ilin yekunlarına əsasən, «İlin layihəsi» nominasiyasının qalibi elan edilmişdi.