“Bakı Metropoliteni” QSC-nin həyata keçirdiyi sosial layihələr ictimaiyyətin diqqətini cəlb edib və maraqla qarşılanıb. 2015-ci ilin dekabrına qədər rəsm və foto əsərlərin sərgisi təşkil edilmiş metropolitendə bu dəfə fərqli layihə həyata keçirilir.
015-ci ilin dekabrın 4-də «28 May» stansiyasının əsas girişində sərnişinləri Azərbaycan Dövlət Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivlərin ifası qarşılayıb. Milli Konservatoriyanın məzunlarından ibarət simli kvartet dünya və Azərbaycan musiqisinin klassik sənət nümunələrini, Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət milli musiqi üçlüyü isə Azərbaycan folkloru və milli musiqisinin ən gözəl parçalarını ifa ediblər.
Layihənin əsas məqsədi dahi bəstəkar, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyinə töhfə verərək, bu hadisəyə ictimaiyyətin diqqətini cəlb etmək və sərnişinlərə xoş ovqat, yüksək əhval-ruhiyyə bəxş etmək idi.
Hər həftənin cümə və şənbə günləri olmaqla, layihə dekabr ayının sonuna qədər davam etdirilib. Cümə günləri «28 May», şənbə günləri isə «İçərişəhər» stansiyalarında sərnişinlərə canlı musiqi nümunələri təqdim olunub.