“Bakı Metropoliteni” QSC-nin təşkilatçılığı ilə 2019-cu il mart ayının 14-15-də “İçərişəhər” stansiyasının vestibülündə növbəti əl işləri yarmarkası keçirilib.
Yarmarka çərçivəsində sosial müdafiəsi xüsusi yanaşma tələb edən insanlar, fərqli sosial qrupların əl işlərinin nümayişi və satışı təşkil edilib. Təmənnasız təşkil edilən sərgi-yarmarkada Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi, Yasamal Rayon Əlillər Təşkilatı, "Üçüncü bahar" və “HandsArt” kimi fəal yaradıcı insanları ətrafında birləşdirən qruplar üçün metroda hər bir şərait yaradılıb.
Xüsusi ayrılmış guşələrdə iştirakçılara verilən 30 masada dekorativ-tətbiqi sənətin müxtəlif növlərinə - xalçaçılıq, toxuma və bədii tikmə, zərgərlik, ağac üzərində bədii oymaya aid nümunələr təqdim edilib.
Yarmarka-sərgidə qədim təsviri-sənət növü olan təkəlduz nümunələri İsveçrədə keçirilən əlillərin əl işlərinə həsr edilmiş sərgidə qızıl medal qazanıb, sehrli nağıllar aləminin qəhrəmanlarına rəngarəng saplarla can verən toxuma sənətinin gözəl nümunələrini yaradan, ağac üzərində milli ornamentləri işləyən iştirakçıların istedadı Bakı metropoliteni sərnişinlərini, eləcə də şəhərimizin qonaqlarını da heyran edib.
Qeyd edək ki, 2018-ci il ilin dekabr ayında ilk belə sosialyönümlü aksiya olan “Əl işləri yarmarkası” istedadlı insanlara öz əl işlərini cəmiyyətə tanıtmaqda, onlara dəstək olmaqda böyük rol oynamışdı. Yarmarkaya maraq və onun doğurduğu rezonans “Bakı Metropoliteni” QSC-nin yenidən bu səpkidə sosialyönümlü, tam təmənnasız layihəni keçirməsinə zəmin yaratmışdı.