«Gənclik» stansiyasının keçidlərində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə açılmış “Metro Gallery” layihəsi çərçivəsində foto əsərlərdən ibarət sərgi 2015-cı ilin ən yaxşı layihəsi seçilib. 2016-cı il yanvarın 23-də Beynəlxalq Muğam mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən ənənəvi “İlin fotoqrafı 2015” adlı mükafatlandırma mərasimində 2015-ci ilin yekunlarına əsasən, bu sərgi «İlin layihəsi» nominasiyasının qalibi elan edilərək, fəxri fərmanla təltif olunub.
Sərgi 2015-ci il iyulun 15-də açılmışdı. Metronun kütləvi ictimai nəqliyyat vasitəsi olduğunu nəzərə alaraq, demək olar ki, fotoqrafların əsərlərini geniş kütləyə təqdim etmək üçün metro ən yaxşı sərgi məkanıdır. Layihəyə marağın həddən artıq olmasını 126 nəfərin təqdim etdiyi 1857 fotoşəkil də sübut edir. Mövzular müxtəlif və rəngarəngdir. Daha istedadlı 39 iştirakçının 92 əsəri Əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin rəhbərlik etdiyi peşəkar münsiflər heyəti tərəfindən seçilib.
Açılışda sərgi iştirakçılarından Ruslan Məmmədov, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu, İspaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xose Luis və başqaları da iştirak ediblər.
Sərgi noyabr ayının 15-ə kimi davam edib.