“Bakı Metropoliteni” QSC-nin “MetroGallery ” layihəsi çərçivəsində daha bir sosialyönümlü tədbiri 9 May – faşizm üzərində Qələbə Gününə həsr olunub. 2019-cu il may ayının 7-də “Qələbə ruhunu yaşadanlarımız” adlı sərgi “Bakcell” şirkətinin dəstəyi ilə Metropolitenin “Gənclik” stansiyasının keçidlərində açılıb.
Foto-sərgidə Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşmuş 57 azərbaycanlı veteranın fotolarından ibarət tablolar nümayiş etdirilib.
Sərginin açılışı mərasimində mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, xidmət şöbəsinin rəisi Lalə Babayeva, “Bakcell” şirkətinin rəsmi nümayəndələri, həmçinin şanlı Qələbənin ruhunu yaşadan veteranlarımız Bağır Məlikov, Hümbət Əliyev iştirak ediblər.
Açılış mərasiminin iştirakçılarını salamlayan Bəxtiyar Məmmədov 9 May - Qələbə Gününün Azərbaycan xalqı üçün əlamətdar bir gün olduğunu, minlərlə azərbaycanlı oğul və qızlarının Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşduğunu qeyd edib. Azərbaycan bu müqəddəs savaşda həm də arxa cəbhədə böyük fədakarlıqlar nümayiş etdirib. "Təkcə Bakı nefti faktoru bu qələbədə Azərbaycanın rolunun nə qədər vacib olduğunu əyani nümayiş etdirir" deyən Bəxtiyar Məmmədov neçə belə faktın sərgidə nümayiş etdirilən stendlərdə əksini tapdığını qeyd edib.
Xidmət şöbəsinin rəisi Lalə Babayeva foto-sərgi haqda məlumat verərək, “Bakı Metropoliteni” QSC-nin “MetroGallery” layihəsi çərçivəsində daha bir sosial layihəsinə start verildiyini bildirib. O, müharibə qəhrəmanının şəkilləri ilə yanaşı, dövlətimizin veteranlarımıza diqqət və qayğısını əks etdirən foto stendlər və Böyük Vətən müharibəsində Azərbaycanın roluna həsr olunmuş müxtəlif məzmunlu məlumat lövhələrinin də nümayiş etdirildiyini vurğulayıb.
Lalə Babayeva veteranların sərgidə nümayiş olunan fotoları ilə virtual tanışlığı davam etdirməyin mümkün olduğunu da bildirib. Bunun üçün tamaşaçılar smartfon və ya planşetlərə “QR-code” mobil əlavəsini yükləyərək, şəkillərdəki kodlardan istifadə edə bilərlər.
Sərgidə nümayiş etdirilən fotoşəkillərin müəllifi Azərbaycan Fotoqrafları Birliyinin üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantı, bir çox yerli və beynəlxalq müsabiqələrin laureatı Arzu Mürvətova azərbaycanlı veteranların həyat və mübariz döyüş yolu barədə sərgi iştirakçılarına məlumat verib. Arzu Mürvətova bu təşəbbüsü təqdirəlayiq addım kimi dəyərləndirərək, “Bakı Metropoliteni” QSC-yə təşəkkürünü çatdırıb.
Vətən uğrunda qəhrəmancasına vuruşan canlı əfsanələrimiz belə bir sərgini təşkil etdikləri üçün “Bakı Metropoliteni” QSC və “Bakcell” şirkətinə minnətdarlıqlarını bildiriblər. Böyük vətən müharibəsinin qəhrəmanları sərgiyə toplaşmış ictimaiyyətin nümayəndələri ilə xatirələrini bölüşüblər.
Böyük Vətən müharibəsində gedən bütün döyüşlərdə qəhrəmancasına vuruşan igidlərimizin metro sərnişinlərinin görüşünə gəlməsi, onlara həsr olunan sərgidə iştirakı sərgi ziyarətçiləri maraqla qarşılayıb, onlarla xatirə şəkilləri çəkdiriblər.
Maraqlı faktların, diqqətçəkən məlumatların verildiyi stendlər sərgi izləyicilərinin marağına səbəb olub. “Qələbəyə Azərbaycan töhfəsi”, “Qəhrəman Bakı”, “Hər şey Vətən üçün”, “Milli diviziyalarımız”, “Qərib diyarların qəhrəmanları”, “Müharibənin ekran salnaməsi”, “Müharibənin qadın üzü”, “Elmimiz cəbhənin xidmətində” kimi sərlövhələr altında təqdim edilən məlumatlarda ön və arxa cəbhədə Azərbaycan xalqının göstərdiyi rəşadət, qəhrəmanlıq və fədakarlığı əksini tapıb.