2018-ci il dekabr ayının 6-da "Bakı Metropoliteni" QSC-nin "İşıq saç, özünə yol aç!" şüarı altında keçirdiyi daha bir sosial aksiya ilə günümüzün ən aktual məsələlərindən birinə işıq salaraq, bu dəfə insan həyatına dəyər qatan mövzunu gündəmə gətirib.
Səhmdar cəmiyyətin xidmət şöbəsinin təşəbbüsü ilə təşkil edilmiş aksiya sərnişinlərin daha sıx istifadə etdiyi "28 May" stansiyasında başlanıb.
Məqsəd hər il dünyada milyonlarla piyada ölümünə səbəb olan qəzaların qarşısını almaq üçün dünya təcrübəsində istifadə olunan tədbirlərdən biri ilə Bakı metropoliteni sərnişinlərini də yaxından tanış etmək olub.
Aksiyada sərnişinlərə xüsusi işıq reflektorlu qolbağlar təqdim edilərək qaranlıq hava şəraitində, axşam və gecə saatlarında yol hərəkətinin iştirakçısı olan insanların diqqətini bu kimi vasitələrdən istifadə etməyin əhəmiyyətinə çəkmək olub.
Xidmət şöbəsinin rəisi Lalə Babayeva, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, eləcə də yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov qolbaqları sərnişinlərə təqdim ediblər. Müxtəlif vasitələrlə insan həyatını necə qorumaq mümkün olduğunu əyani nümunələr, faktlar, dünya təcrübəsi və statistik göstəricilərin müqayisəsi ilə sərnişinlərə izah edərək öz tövsiyələrini veriblər.
Qaranlıq vaxtlarda, xüsusən yağmurlu havalar zamanı avtomobillərin şütüdüyü yollar daha təhlükəli xarakter alır. Çünki, belə hallarda avtomobilin əyləc yolu iki dəfə, şaxtalı havalarda isə üç dəfəyə yaxın artır. Görmə dairəsinin daralmasını da nəzərə alsaq, yaxınvuran işıqlarla sürücü yalnız 40-50 metrdə yolu keçən sərnişini görə bilir. Bu isə qəzaya gətirib çıxaran əsas səbəbə çevrilir. Qəzaların qarşısını almaq üçün fərqli üsullar olsa da onlardan ən çox yayılanı işıq faktorudur. Bu üsul qaranlıqda hərəkət edən piyadaların sürücülər tərəfindən nəzərə çarpdırılması üçündür. Yaxınvuran işıqla 150, uzaqvuran işıqla 300 metrə qədər görmə məsafəsində yolu işıq reflektorlarından istifadə keçən piyadanı görmək mümkündür.
Əvvəllər reflektorların yalnız fosforlu növü mövcud idi. Hazırda isə onlar müxtəlif üsul və texniki vasitələrlə hazırlanır. Eyni zamanda, onu bəzək əşyası kimi geyimdə də istifadə etmək mümkündür.
Bu səbəbdən işıq saçan reflektorlar, qolbağlar, boyunbağılar, flikerlər insan həyatının xilas mənbəyinə çevrilir. Məlumata görə, Avropada bu istiqamətdə aparılmış sosial aksiyalar, qanunvericilik aktları, maarifləndirici tədbirlər vasitəsilə ölüm halları 85 faizə qədər azaldılıb. Bir sıra ölkələrdə qaranlıq saatlarda piyada, velosiped və motosikllərlə hərəkət edənlər üçün işıq saçan vasitələrdən istifadəyə riayət olunması ilə bağlı xüsusi qaydalar mövcuddur.
İşıq faktorundan istifadə dünyada geniş yayılıb, bəzi Avropa ölkələrində ənənə halını alıb. Xüsusi işıq reflektorlu qolbaqlar da piyadaların təhlükəsizliyini qorumaq üçün nəzərdə tutan vasitələrdəndir.
Aksiya media nümayəndələrinin də fəal iştirakı və tövsiyələri ilə daha geniş miqyaslı təbliğat mexanizminə çevrilib.
Kampaniya “İçərişəhər” stansiyasında davam edib.
Kampaniya metro stansiyalarında yerləşən monitorlarda nümayiş etdirilən sosial çarxla sərnişinlərin diqqətində saxlanılıb.