2019-cu il may ayının 5-də “İçərişəhər” stansiyasının vestibülündə metro sərnişinlərinə ilk dəfə Latın Amerikası xalqlarının musiqi nömrələrindən ibarət konsert təşkil edilib. Bu həm də ölkəmizdə ilk dəfə geniş miqyasda keçirilən “Latın Amerikası Festivalı”nın açılış tədbiri olub. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə keçirilən bu tədbirin təşkilatçılarından biri, braziliyalı musiqiçi və prodüser Klaudiu Franku açılış mərasiminin məhz şəhərin ən kütləvi sərnişindaşıma növü olan metropolitendə keçirilməsini əhəmiyyətli hadisə adlandırıb. Qədim və müasirliyin vəhdəti olan paytaxtımızı çox sevən Klaudiu Franku gələcəkdə bu tədbirlərin miqyasını genişləndirəcəklərini vurğulayıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Latın Amerikası mədəniyyətinin xalqımız arasında çox geniş yayıldığını və sevildiyini nəzərə alaraq, konsertin təşkil olunmasını gözəl bir addım adlandırıb. “Bakı Metropoliteni” QSC-nin xidmət şöbəsinin rəisi Lalə Babayeva bu ay “İçərişəhər” stansiyasında Çilidən olan belçikalı saksafonçu Marselo Monkadanın konsertinin doğurduğu rezonans və təşkilatçıların müraciətini nəzərə alan “Bakı Metropoliteni” QSC-nin festivalın açılış mərasiminin metroda keçirilməsinə şərait yaratdığını bildirib. Konsert proqramına "Avroviziya-2017" müsabiqəsində "Skeletons" mahnısı ilə Azərbaycanı təmsil etmiş Diana Hacıyevanın braziliyalı musiqiçi Klaudiу Frankу ilə yaratdıqları "Brazilidad" qrupunun çıxışında müxtəlif musiqi nömrələri yer alıb. Festival iyunun 9-dək Latın Amerikası mədəniyyətini və ənənələrini təşviq və təbliğ etmək məqsədilə region ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin birgə səyi ilə keçirilib. Bu sıradа canlı konsertlər, rəqslər, milli mətbəx, mədəniyyət, incəsənət və s. tədbirlər keçirilib.