Bakı metropolitenində 18 Sentyabr – Milli Musiqi Gününün xüsusi layihə ilə qeyd edilməsinin 5-ci ili 2019-cu ildə tamam olub. Sərnişin axınının gur olduğu bir neçə stansiya hər il bu bayramın ovqatına köklənir.
Sentyabr ayının 18-də səhər saat 11-dən başlayaraq, günorta saatlarına qədər metronun “İçərişəhər”, “Sahil”, “28 May” və “Elmlər Akademiyası” stansiyaları növbə ilə sərnişinləri canlı musiqi sədaları altında qarşılayıblar.
Metropolitenin çoxsaylı sosial layihələrindən biri olan bu tədbirin proqramına milli və klassik musiqi nümunələri və xüsusən də Üzeyir Hacıbəylinin əsərlərindən parçalar daxil edilib.
Metro stansiyalarında peşəkar ifaçılar sərnişinlərdə günün ruhuna uyğun ovqat yaradıblar. Bunu stansiyaya daxil olan və ya oranı tərk edən insanların ayaq saxlayıb musiqiyə diqqət kəsilmələrindən, alqışlardan görmək olurdu. Onların arasında stansiya işçilərinə yaxınlaşaraq, təşəkkürünü bildirənlər də olub.