Dekabrın 1-də “Nəriman Nərimanov” stansiyasının keçidlərində “Bakı Metropoliteni” QSC-nin "Bakikhanov Residence" Komplekslər Qrupu ilə birlikdə təşkil etdiyi həvəskar rəssamların rəsm əsərlərindən ibarət "Azərbaycan rəssamları" sərgisi nümayiş olunur.
"Azərbaycan rəssamları" sərgisi “Bakı Metropoliteni” QSC-nin “Metro Gallery” layihəsi çərçivəsində həyata keçirdiyi növbəti sosial layihədir. Bu, "Metro Gallery" layihəsi çərçivəsində "Nəriman Nərimanov" və "Gənclik" stansiyalarının keçidlərində baş tutan sayca 6-cı sərgidir.
Buna qədər «Nəriman Nərimanov» stansiyasının keçidlərində “Yüzminlərin izləyəcəyi rəsm sərgisi” və “Dünya rəssamları” sərgisi nümayiş olunmuşdu. Hazırkı sərginin təşkil olunmasında əsas məqsəd metro sərnişinlərinin, eləcə də şəhərimizin qonaqlarının diqqətini incəsənət nümunələrinə yönəltməklə, gənc nəslin, xüsusən azyaşlı uşaqların maraq dünyasının formalaşdırılmasına təsir göstərmək və ümumən, insanlara xoş ovqat bəxş etməkdir. Stendlərin yerləşdirildiyi guşələrdə müxtəlif mövzuları özündə təcəssüm etdirən rəsm əsərləri, həmçinin onların müəllifləri haqqında məlumat əksini tapır.
Qeyd edək ki, sərgidə iştirak etmək üçün müraciət edən çoxsaylı həvəskar rəssamların əl işlərindən münsiflər heyəti 37 rəssamın 90 əsərini seçib.
"Nəriman Nərimanov" stansiyasının hər iki keçidində nümayiş olunan "Azərbaycan rəssamları" sərgisi 6 ay davam edəcək.