“Bakı Metropoliteni” QSC-nin sərnişinlər üçün ilk dəfə Novruz bayramının əsas personajlarının iştirakı ilə 2019-cu il mart ayının 19-dan başlayaraq təşkil etdiyi ikigünlük şənlik yaddaqalan anlarla zəngin olub.

Əsas bayram şənliyi qədim tarixi qoruq olan İçərişəhərin qoynunda yerləşən “İçərişəhər” stansiyasının vestibülündə təşkil edilib. Qədim milli xalq tamaşasının personajları olan Bahar qız, xüsusən də yazın qışla mübarizəsini rəmzləşdirən Keçəl və Kosa şən səhnəcikləri, şeirləri, zarafatları, sorğu-sualları, dadlı-duzlu söhbətləri ilə sərnişinlərə xoş anlar bəxş edib. Bahar qızı rolunda çıxış edən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktrisası Eleanora Mehdiyeva, Kosa və Keçəl obrazlarını isə 5 nömrəli Yaradıcılıq İnkişaf Mərkəzinin teatr rejissoru Namiq İbrahimov və Əməkdar artist Arzu Hüseynov sərnişinləri də bu bayram tamaşasının bir hissəsinə çevirərək, şounu yaddaqalan bir xatirəyə çeviriblər.
Dünya İllüziyaçılar Assosasiyasının üzvü Anar Əliyevin çıxışları Novruz şənliyinin daha da zənginləşdirməsinə səbəb olub.
İki saat davam edən şənlikdə “Bakı Metropoliteni” QSC-nin xidmət şöbəsinin rəisi Lalə Babayeva və mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov xüsusi milli geyimlərdə azyaşlı sərnişinlərə uşaq oyuncaqları, hədiyyələr paylayıblar.
* * *
Tamaşanın çevik ab-havası daha sonra "İçərişəhər" stansiyasının plaftorması və xüsusən birinci stansiya yolunda nümayiş etdirilən retro vaqonlardan ibarət qatarda davam edib. Şənlik iştirakçıları Novruz qəhrəmanları ilə bol xatirə şəkilləri çəkdiriblər.
Sərnişinlər martın 22-dək "İçərişəhər" stansiyasında nümayiş etdirilən retro vaqonlara tamaşa edib, salonlarda xatirə şəkilləri çəkdiriblər.
* * *
Bayram tədbirləri beynəlxalq müsabiqələr laureatı, pianoçu Fuad Əlizadənin instrumental ifası ilə yekunlaşıb və sərnişinlərə sürpriz olub. Onun sintezatorda iki saat davam edən repertuarında Azərbaycan xalq və bəstəkar musiqisi nümunələri, eləcə də məşhur dünya bəstələri yer alıb.
Pianoçunun konserti martın 20-də də keçirilib. 
* * *
Martın 20-si - şənliklərin ikinci günü - tədbirlər metropolitenin “28 May”, “Sahil”, “İçərişəhər”, ”Elmlər Akademiyası” stansiyalarında milli muğam üçlüyü və instrumental kvartetin ifasında Azərbaycan və dünya musiqi sənətinin inciləri canlı təqdim edilib. Konsert proqramında sərnişinlərdən biri – Milli Konservatoriyanın məzunu Kəmalə Abbasova fəal iştirak edərək, milli muğam üçlüyünə dəstək olub və ifası alqışlara layiq görülüb. Muğam üçlüyü Azərbaycan Milli Konservatoriyasının, kvartet Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivlərdir.
Musiqi sovqatı martın 21-22-də də həmin stansiyalarda təqdim olunub.