“Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) birgə təşkilatçılığı ilə "Nərimanov" elektrik deposunda 2020-ci il dekabrın 29-da ənənəvi qanvermə aksiyası keçirilib. Aksiyanın keçirilməsində məqsəd qan donorluğuna ehtiyacı olan insanlara yardım etmək olub.
Aksiya Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqlarının tam nəzarəti altında keçirilib. Peşəkar tibb briqadasının mütəxəssisləri hər bir donoru müayinə edib, könüllülərdən qan nümunələri götürülüb və yekun rəy verilib. Ümumən birgünlük aksiyaya qoşulanlardan 175 nəfər qan donoru olub.
Tədbirin gedişində Mərkəzi Qan Bankının nümayəndələri qan donorluğunun əhəmiyyəti ilə bağlı metropolitençilərə məlumat verib, qanvermənin insanın öz sağlamlığı baxımından əhəmiyyətindən də söz açıblar.
Onu da qeyd edək ki, qan xəstəliklərindən əziyyət çəkənlər, o cümlədən talassemiya, hemofiliya və digər xəstəlikləri olan insanlara yardım məqsədilə bu il artıq üçüncü dəfədir ki, Bakı metropolitenində xüsusi aksiya keçirilir və metropoliten əməkdaşları könüllü olaraq bu aksiyada fəal iştirak edirlər.