2015-ci ilin dekabrında ölkəmizdə və onun hüdudlarından kənarda dünyaca məşhur müğənni, SSRİ-nin və Azərbaycan Respublikasının xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun anadan olmasının 100 illiyi təntənə ilə qeyd olundu. Son dövrlərdə sosial layihələri ilə ictimaiyyətin diqqətini çəkən «Bakı Metropoliteni» QSC-nin kollektivi də bu hadisəyə biganə qala bilməzdi.
Sosial yönümlü layihələrin miqyasında hər dəfə bir yenilik edən Bakı metropoliteninin növbəti belə aksiyasında bu dəfə unudulmaz sənətkarın xatirəsi bir daha yad edilir, onun ölməz sənətinə ehtiram ifadə olundu.
2015-ci il dekabrın 14-dən metropolitenin sərnişin axınının ən gur olduğu "İçərişəhər", "Sahil", "28 May", "Elmlər Akademiyası" və "Neftçilər" stansiyalarının vestibüllərində musiqi korifeyimizin posterləri yerləşdirildi.
Qeyd edək ki, metropolitenin bir neçə stansiyasına daxil olan qatarların sərnişin məlumat sisteminin lent yazılarında səslənən mahnılardan bir neçəsi məhz Rəşid Behbudovun ifasında xalqın dillər əzbəri olan sevimli əsərlərinə çevrilib. Metropolitendə səslənən «Reyhan», «Dostluq» və yaxud «Neftçilər haqqında mahnı», «Bakı», «Əziz dost» kimi onlarla təranələr məhz dahi sənət fədaisinin ifasında ölməzlik qazanıb.
Beləliklə, talassemiyalı uşaqların problemlərinə diqqət çəkmək məqsədilə keçirilən uşaq rəsmləri, eləcə də foto əsərlərin sərgisi, stansiyalarda dahi bəstəkar Üzeyir Hacıbəyovun 130 illik yubileyi münasibətilə təşkil edilən musiqili günlərdən sonra metropolitenin reallaşdırdığı bu layihə həm də metropolitenə daxil olan sərnişinləri Rəşidin müsiqili aləminin xoş təəssüratları işığında səyahətə dəvət edib.