2015-ci il oktyabrın 15-də «Nərimanov» stansiyasının keçidlərində «Bakı Metropoliteni» QSC-nin «AtraBank»ASC ilə birlikdə təşkil etdiyi «Dünya rəssamları» sərgisi açılıb.
Bu, «Bakı Metropoliteni»QSC-nin «MetroGallery» layihəsi çərçivəsində həyata keçirdiyi üçüncü belə sosial aksiya olub. Bundan əvvəl elə bu stansiyanın keçidlərində talassemiyalı uşaqlara yardım məqsədilə uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil olunmuşdu. «Gənclik» stansiyasında isə foto əsərlərdən ibarət sərgi açılıb.
«Dünya rəssamları» sərgisinin keçirilməsində əsas məqsəd metro sərnişinlərini, eləcə də şəhərimizin sakinlərini və qonaqlarının diqqətini dünyanın təsviri sənət dahilərinin əsərlərinə bir daha yönəltməklə, cəmiyyətdə maarifləndirmə işini gücləndirmək, gənc nəsillərin, xüsusən azyaşlı uşaqların maraq dünyasının formalaşdırılmasına təsir göstərmək və ümumən, insanlara xoş ovqat bəxş etmək olub.
Sərgidə dünyanın ən məşhur rəssamlarının 85 rəsm əsərinin reproduksiyası nümayiş etdirilir. Onlardan 15-i avtoportretdir. Ümumiyyətlə, 70 əsər nadir dünya sənət incisi hesab edilib. Stendlərin yerləşdirildiyi guşələrdə əsərlər və müəllifləri haqqında üç dildə (Azərbaycan, ingilis və rus) məlumat yerləşdirilib.
Təqdimat mərasimində ölkənin mədəniyyət ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Anar Qurbanov, Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının təmayül fənləri üzrə direktor müavini Kəmalə Kərimova, Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru Oleq Əmirbəyov və başqaları layihə ilə bağlı fikirlərini bölüşərək, sərginin təşəbbüskarlarına və təşkilatçılarına təşəkkürlərini bildiriblər. Nümayiş etdirilən əsərlərin hər biri ilə virtual tanışlıq üçün şərait yaradlıb. Bunun üçün smatrfon və ya planşetə «QR-Code reader» proqramı yüklənməli idi. Onu nümayiş olunan əsərin üzərindəki xüsusi QR-koda yaxınlaşdırıb, Bakı metropoliteninin rəsmi internet səhifəsi «metro.gov.az»da yerləşdirilmiş «Artgallery» bölməsinə daxil olmaq və hər bir əsər haqqında ayrıca ətraflı məlumat almaq mümkün olub.
«Dünya rəssamları» sərgisi 2016-cı il aprelin 15-nə kimi davam edib.