2016-cı il fevralın 10-11-də Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə "Bakı Metropoliteni"QSC-də ehtiyacı olan insanların köməyinə çatmaq üçün ənənəvi qanvermə aksiyası keçirilib. Tədbirin təşkilində məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə yardım etməkdən ibarət idi.
Qeyd edək ki, bu proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına dəstəyin təzahürü idi. Könüllülük prinsipi ilə təşkil edilən bu aksiyada metropoliten işçiləri də yüksək həvəslə iştirak ediblər.
Qan vermək üçün müraciət edənlərin rahatlığını təmin etmək üçün tədbir iki gün ərzində təşkil olunub. Əvvəlcə müəssisənin texnoloji korpusu və idarə aparatı binasında, bu gün isə "Nərimanov" elektrik deposunda keçirilib.
Könüllülük prinsipi ilə keçiriən aksiyanın təşkil edildiyi məkanda əsl qələbəlik yaşanıb. İdarə aparatında təşkil edilən tədbirdə 160, "Nərimanov" elektrik deposunda isə 170 nəfər metropoliten əməkdaşı iştirak edib.
Qeyd edək ki, Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunaraq, onlardan qan analizi götürülüb. Yığılan qan ehtiyatı isə yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.