Yeni il ərəfəsində Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə (MİHİ) «Bakı Metropoliteni» QSC-nin kollektivinin nümayəndələri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə «Əlil körpələrə yardım» İctimai Birliyinin Mərdəkandakı uşaq evi sakinləri üçün təşkil etdiyi bayram şənliyi və nahar süfrəsində iştirak ediblər.
Metropolitençilər valideyn qayğısından məhrum uşaqları, müəllim-tərbiyəçi heyətini qarşıdan gələn 2016-cı il münasibətilə təbrik edib, yeni il arzularını çatdırıblar. Yeni il şənliyində sona qədər uşuqlarla bir yerdə olan metropolitençilər özləri ilə gətirdikləri hədiyyələri onlara paylayıblar.
Bu ərəfədə «Bakı Metropoliteni» QSC rəhbərliyinin və MİHİ-nin təşkilatçılığı ilə Şamaxı və Ağdam rayonlarında yaşayan qaçqın və məcburi köçkün ailələrinə yeni il münasibətilə yardım və bayram hədiyyələri göndərilib. Metropolitençilərin nümayəndə heyəti doğma ocaqlarından məhrum olmuş insanlarla görüşüb, «Bakı Metropoliteni» QSC-nin və MİHİ rəhbərliyinin adından onları yeni il münasibətilə təbrik edib, növbəti ili öz doğma od-ocaqlarında qarşılamağı arzulayıb. Sonra onlara bayram sovqatları paylanıb.
Qaçqın və məcburi köçkünlər adından çıxış edən rayon icra hakimiyyətinin nümayəndələri bu əvəzsiz diqqətə görə metropolitenin bütün kollektivinə və rəhbər heyətinə minnətdarlıqlarını bildiriblər.